Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.01.2015 00:00
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Birləşmiş Krallığa səfər ediblər

Mərkəzi Elmi Kitabxananın əməkdaşları Birləşmiş Krallığa səfər ediblər

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanovanın rəhbərliyi ilə kitabxananın bir qrup əməkdaşı Birləşmiş Krallığa səfər ediblər.

Məqsəd modeli MEK-in sisteminə uyğun olan kitabxanaların təcrübəsinin öyrənilməsi, onun müsbət və mənfi xüsusiyyətləri ilə tanışlıq, o cümlədən kitabxananın İKT ehtiyaclarının ödənilməsi prosesində ortaya çıxan problemlərin səmərəli həlli yollarının araşdırılması idi.

Səfər zamanı Britaniya Kitabxanasının London və York şəhərlərində yerləşən bölmələrində bir sıra mühüm görüşlər keçirilib. Görüşlərdə sözügedən kitabxanaların kataloq və elektron məlumat bazalarının əlaqələndirilməsi, müxtəlif formatlarda daxil olan informasiyanın qeydiyyata salınması, çap və elektron variantda nüsxələrin əldə edilməsi, kataloqlaşdırma və rəqəmsallaşdırma təcrübəsi, o cümlədən kitabxanaların fəaliyyət istiqamətləri ilə tanışlıq olub. Müasir kitabxana-informasiya xidmətinin təşkili, idarə olunması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti yeni kataloqlaşdırma standartını tam şəkildə təmin edən avadanlıq və proqram, müasir kitabxana idarəetmə texnologiyaları, eləcə də kitabxana strukturu və işçi heyəti üçün peşə standartları ilə tanış olublar.

Səfər çərçivəsində Britaniya Kitabxanasından “Milli Rəqəmsal Yaddaş” üçün ödənişli əsaslarla məlumatların əldə olunması, əməkdaşlıq şəraitində MEK-dən kitabların Britaniya Kitabxanasına göndərilməsi, ölkəmizdə Qərb standartlarına cavab verən nəşriyyat evlərinin şəbəkə siyahısına alınması, kitabxana işinin müxtəlif sahələrinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: