Məşhur deyim var, “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”
Bəli, 30 illik həsrətdən sonra, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz Ermənistanın təxribatlarının qarşısını almaq, ərazi bütövlüyümüzü bərpa etmək üçün sentyabr ayının 27-dən etibarən zəfər yürüşünə başladı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək uzun illərdən bəri düşmən tapdağında olan tarixi dədə-baba torpaqlarımızı işğaldan azad etdi. Beləliklə də, 44 gün ərzində davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Ulu öndər Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət, müzəffər ordumuzun gücü və xalqın birliyi sayəsində Azərbaycan zəfər qazandı. Bu zəfər həm də, Vətən müharibəsində 2802 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçularının qanı bahasına qazanıldı.
Haqqında söhbət açacağımız qəhrəmanlardan biri də vətən uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edən, qələbənin şahidi olaraq o sevinci doyunca yaşaya bilməyən, noyabr ayının 23-ü Suqovuşan istiqamətində minaya düşərək şəhid olan Azərbaycan ordusunun polkovniki Babək Səmidlidir. O, Qırmızı xaç, rus sülhməramlıları və erməni rəsmilərindən ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalmış döyüşçülərin meyidlərini toplamaq və itkin döyüşçüləri müəyyən etmək idi.
Cənab polkovnikin bacısı, bəlkə də onu hamıdan yaxşı tanıyan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Azərbaycanşünaslıq şöbəsinin müdiri Röksanə Səfərzadə ilə həmsöhbət olduq. Bir bacı üçün qardaşının şəhid xəbərini almaq, ürəyində Azərbaycan boyda sevgini gəzdirərək vətənin özünə çevrilən Babək Səmidlini Röksanə xanımın xatirələrindən yenidən xatırladıq.
– Qardaşım şəhid polkovnik Səmidli Babək Türkiyə Hərbi Məktəbini yüksək balla bitirdikdən sonra 23 il idi ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi. 2016-cı ilin Aprel döyüşlərinə rəhbərlik etmiş və şəxsən döyüşlərdə iştirak edərək, hər iki ayağından yara almışdı. Buna baxmayaraq, döyüş meydanını tərk etməmiş, döyüşlər bitdikdən sonra Bakı şəhərinə gələrək əməliyyat olunmuşdu. İkinci Qarabağ müharibəsi zamanı isə Birinci Ordu Korpusu Komandanının müavini, sentyabrın 27-dən oktyabrın 4-nə qədər davam edən Suqovuşanın azadlığı uğrunda döyüşlərin rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Suqovuşanı işğaldan azad edib.
- Röksanə xanım, polkovnikimizin şəhidlik zirvəsinə ucaldığını eşidən kimi kütləvi informasiya vasitələri onun haqqında xəbərlər paylaşmağa başladı. Oxuduq ki, tanışları, hərbçi dostları, əsgərləri polkovniki vətən oğlu deyə çağırırmış.
– Həmişə çətin, məsuliyyətli yerlərdə, döyüş bölgələrində xidmət etməklə vətənpərvər bir komandir kimi döyüş yoldaşlarının və əsgərlərinin də hörmətini qazanmışdı.
- Taleyimiz haqda dəqiq bildiyimiz bir məlumat var - sonu ölüm. Lakin sonu ölüm olan bu dünyada şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Röksanə xanım, əmin olun ki, yaşadığınız itki hamımızındır, Babək Səmidli tək sizin ailənizdən deyil, bu eldən, bu obadan gedib.
– O, həmişə bizə təsəlli verirdi ki, mənim yolum qazilik və şəhidlik yoludur, məndən narahat olmayın. Ən böyük arzusu torpaqlarımızın düşməndən geri alınması idi. Çox şükür, qardaşım kimi hamımız bu istəyə çatdıq, millət olaraq qələbə sevincini yaşadıq.
- Şəhidlərin davamçıları varsa, əziz xatirələri hər yerdə anılırsa, onlar ölməyib, ürəklərdə, yaddaşlarda daim yaşayırlar deməkdir. Özündən sonra bu vətənə, bu torpağa özü kimi mərd, igid iki oğul yadigar qoydu şəhidimiz: Mətləb Səmidli, Səmid Səmidli. Bu oğullar gələcəyin əsgərləri, gələcəyin Mübariz İbrahimovu, Polad Həşimovu, Babək Səmidlisidir.
– İşi ilə bağlı vaxtı çox az olurdu. Ancaq ata kimi də vəzifəsinin öhdəsindən gəlirdi. Övladları ilə gözəl zaman keçirirdi. Babəkin şəhid olması ailəmiz üçün nə qədər ağır olsa da, həm də qürurludur. Babək Vətəni, dövləti, torpağı, milləti uğrunda şəhid oldu. Qürurvericidir ki, övladları da ailəmizdə milli ruhda xalqa, torpağa, vətənə sevgi ilə böyüyürlər.
- Hərbçi ailəsi olmaq məsuliyyət deməkdir. Bilirik ki, bu neçə illər ərzində Babək Samidli vətənə ön cəbhədə, sizlər isə arxa cəbhədə xidmət etmisiniz.
– Mən qardaşımla tez-tez görüşə bilmirdim, telefonla əlaqə saxlayırdıq. O, Göyçayda yaşayırdı, mən isə Bakıda. Bakı şəhərinə gələrkən qısa müddətli görüşlərimiz olurdu. Həmişə tələsərdi, boş vaxtları olmurdu. Çox çalışırdı, yuxusuz qalırdı, daim səngərlərdə əsgərlərinin yanında idi.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzaladı.
– Deyərdim ki, bu hər kəsin ürəyindən xəbər verən bir Fərman oldu. Atılan bu addımlar, görülən işlər dövlət tərəfindən digər sahələrdə olduğu kimi, şəhid və hərbçi ailələrinə, müharibədə əziyyət çəkən ailələrə, Qarabağ əlillərinə, qazilərə daim yüksək diqqət və qayğının nümunəsidir. Onsuz da dövlətimiz bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərir. Fondun yaradılması isə bu sahədə görülən işlərə bir dəstək olacaq. Cəmiyyət arasında da buna hər zaman xüsusi həssaslıqla yanaşılır, maraqlanır və diqqətdə saxlayırlar.
44 günlük müharibədə qəhrəmanlıq nümunəsi göstərən Vətən oğullarının əziz xatirəsi dövlət başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamla bir daha əbədiləşdi.
Bu günə kimi göstərdiyi şücaətlərə görə, Babək bir çox medallara layiq görülmüşdü. Dövlətimiz, Ali Baş Komandanımız qardaşımın döyüş meydanında göstərdiyi igidlikləri yüksək qiymətləndirərək onu təltif etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni ilə təltif edildi. Həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olundu.
- Bugün sizin ailəniz bütün Azərbaycana çox doğmadır, hər birimizə örnəkdir.
– Özünün də dediyi kimi, qardaşım həm qazi, həm qalib, həm də şəhid oldu! Bizim ailəmiz üçün bu itki nə qədər ağır olsa da, biz onunla fəxr edir və qürur duyuruq ki, şəhidlik zirvəsi qardaşıma qismət oldu.
Röksanə xanımdan müsahibə götürdüyüm zaman Göyçay şəhərində idi. Şəhid qardaşının dəfn olunduğu şəhərdə... Telefonda danışarkən səsinin titrək olduğunu, lakin məğrur, qürurlu dayandığını hiss etdim. Şəhid polkovnik Babək Səmidlini dünyaya gətirən ananın, onu böyüdən atanın əllərindən öpürük, həyat yoldaşına, iki oğluna, qardaşına və bacısı Röksanə xanıma hər zaman belə qürurlu, məğrur ayaqda durmağı arzu edirik!
Bugün hər kəs baş əyir şəhid məzarları önündə. Sizinlə fəxr edirik, hər biri bir Azərbaycan olan vətən şəhidləri! Şərəflə qorudunuz bu vətəni, şəhidlik zirvəsinə ucalaraq öz qanınızla azad etdiniz 30 ildən artıq düşmən tapdağında olan tarixi torpaqlarımızı!
Şəhidlikləri ilə bizə zəfər sevinci yaşadan oğullarımız, heç vaxt unudulmayacaqsınız! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!
Müsahibəni hazırladı:
Mina QASIMOVA, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.