Əziz və hörmətli həmkarlar!
Artıq 2020-ci il sona çatır. Yola saldığımız 2020-ci il bütün bəşəriyyət üçün qlobal miqyasda bir sıra mühüm hadisələrlə, xüsusən qlobal pandemiya ilə yadda qaldı. Bu xəstəlik özü ilə bir sıra yeni sosial-iqtisadi, mənəvi-psixoloji, geosiyasi reallıqlar yaratdı. Bütün bəşəriyyət ciddi sınaqla üz-üzə qaldı.
Lakin pandemiyanın doğurduğu problemlərə, iqtisadi çətinliklərə, siyasi gərginliklərə baxmayaraq, əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də respublikamız öz sosial-iqtisadi və mədəni-mənəvi inkişafını uğurla davam etdirdi. Dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində pandemiyanın doğura biləcəyi problemlərin qarşısı mümkün qədər alındı. Ölkədə sabitlik qorunub saxlanıldı. Bütün sahələr üzrə inkişaf tempinin aşağı düşməsinə imkan verilmədi.
2020-ci il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan şanlı Qələbəmizlə daxil oldu. 27 sentyabrdan başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan ordusu işğal olunmuş Qarabağ ərazisində əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Müzəffər Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla apardığı döyüş əməliyyatları nəticəsində qısa müddətdə Qarabağ düşmən tapdağından azad edildi. Şuşa şəhərinin azad edildiyi 8 noyabr Azərbaycan tarixinə şanlı Zəfər günü kimi daxil oldu.
Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının həmrəyliyini, sarsılmaz birliyini nümayiş etdirdi. Yaşından, etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən, siyasi baxışından asılı olmayaraq bütün respublika vətəndaşları, hətta dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlılar Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi.
Hazırda ərazi bütövlüyünü tam təmin etmiş, regionda və dünyada böyük nüfuz qazanmış Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.
Yola saldığımız 2020-ci ili Azərbaycan elmi üçün də uğurlu il hesab etmək olar. Bu il hər şeydən əvvəl Azərbaycan Milli Elmlər Akademiyası üçün islahatlarla müşayiət olunan yeni mərhələ kimi yadda qaldı. 2019-cu ilin sonunda AMEA-nın Ümumi yığıncağı tərəfindən qəbul edilmiş “AMEA-da 2020-2025-ci illər üzrə elmin inkişaf proqramı”nın tələblərinə uyğun olaraq kompleks tədbirlər həyata keçirildi. Düzdür, pandemiya fəaliyyətimizə müəyyən qədər mane olsa da, biz bir sıra mühüm tədbirləri həyata keçirməyə nail olduq. AMEA-nın intellektual potensialının inkişafı, onun daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi istiqamətində kompleks tədbirlər reallaşdırıldı. Xüsusən elmi potensialın ölkənin sosial-iqtisadi inkişaf məsələlərinə daha yaxından cəlb edilməsi, elm və iqtisadiyyat arasında inteqrasiyanın gücləndirilməsi, elmi idarəetmənin optimallaşdırılması, yüksəkixtisaslı kadrlardan daha səmərəli istifadə edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Lakin qarşıda duran vəzifələrimiz çoxdur. Akademiyada islahatların yeni dalğasına start verilir. Bu işdə bütün Akademiya əməkdaşlarını həmrəy olmağa çağırırıq.
Yeni ildə hamınıza uğurlar arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.