AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İdris Abbasovun “Təzadlar” qəzetinin 23 dekabr 2020-ci il tarixli sayında çap edilmiş və bir sıra xəbər saytlarında yayılmış “Akademik məmurların vəzifəni mədhiyyə deməkdə görmək “xəstəliyi” adlı məqalədə öz əksini tapmış faktlarla əlaqədar aşağıdakıları oxucuların və ictimaiyyətin diqqətinə çatdırmağı lazım bilirik:
1. Professor İdris Abbasovun qeyd etdiyi 9 dekabr 2020-ci il tarixdə AMEA-nın İtaliyanın Xarici İşlər və Beynəlxalq Texnoloji Əməkdaşlıq Nazirliyi ilə birgə keçirilmiş iclası konkret bir məsələyə - Geologiya, Biologiya, tibb elmləri və fizika sahəsində iki il əvvəl bağlanmış əməkdaşlıq müqaviləsinin yekunlarına və həmin sahə üzrə 2019-cu ildə elan edilmiş və pandemiyaya görə bir qədər yubanmış müsabiqənin qalibi olmuş bir sıra yeni elmi layihələrin yerinə yetirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunduğu üçün orada digər elm sahələrinə, o cümlədən də humanitar elmlərə aid hər hansı bir məsələdən, İdris Abbasovun italyan dilindən tərcümə etdiyi kitabdan söz açılmamışdır. Daha əyani olsun deyə iclasda müzakirəyə çıxarılan layihələrdən bir neçəsinin adlarını göstərməyi məqsədəuyğun hesab edirik:
- Azərbaycanda dəqiq onkologiya üçün mükəmməllik mərkəzinin təşkili;
- Böyük Qafqazda (Azərbaycan) və Apennində (İtaliya) CH4 və CO2 ilə zəngin olan fluid təzahürlərinin geokimyası və geoloji-struktur nəzarəti üçün geodinamik təsirlər;
- Kənd təsərrüfatı bitkilərinin quraqlıq stresinə cavab reaksiyalarında flavonoidlərin rolu;
- Roma və Bakı metrapol regionlarında landşaft örtüyünün məsafədən zondlama və coğrafi informasiya sistemləri əsasında tədqiqi.
Ümumiyyətlə, 2019-2020-ci illərdə yerinə yetirilmiş və 2021-2023-cü illər üzrə dəqiq və təbiət elmlərinin ayrı-ayrı problemlərini əhatə etməsi nəzərdə tutulan 17 layihədən ikisi tibb, üçü geologiya, dördü fizika, ikisi biofizika, biri neft və qaz, biri coğrafiya, biri qeyri üzvü kimya, biri botanika üzrə elmin aktual problemlərinə həsr edilmiş layihələr olmuşdur. Müzakirələrdə İtaliya tərəfindən nümayəndə heyətinə rəhbərlik edən rəsmi şəxsdən başqa, biologiya elmləri üzrə alimlər iştirak etmişlər.
Humanitar Elmlərə aid olmadığı üçün İsa Həbibbəylinin həmin iclasda çıxış etməsinə ehtiyac yaranmamışdır.
2. İdris Abbasovun haqqında söz açdığı “İzahlı terminlər lüğəti” kitabındakı plagiat faktları ilə əlaqədar olaraq 2019-cu ilin mart ayında AMEA Humanitar və İctimai Elmlər Bölməsində müzakirə keçirilmişdir. Ümumiyyətlə, lüğətlərə daxil edilmiş sözlərin hər hansı bir müəllifə, tərtibçiyə deyil, xalqa məxsus olmasına baxmayaraq, adı çəkilən lüğətdəki mövcud nöqsanlar tərtibçilərin nəzərinə çatdırılmış, lüğətin yeni nəşrinin hazırlanmsı tövsiyə olunmuşdur. Lüğətin layihə rəhbəri filologiya elmləri doktoru, professor Sayalı Sadıqova və digər tərtibçilər heyəti bir neçə ay müddət ərzində “İzahlı terminlər lüğəti”nin üzərində yenidən işləmiş, bu dəfə onlardan əvvəl eyni məzmunda lüğət tərtib etmiş müəlliflərin xidmətlərini qeyd etmiş, plagiat sayılan hissələri çıxarmış, digər nöqsanları və təkrarları aradan qaldırmış, lüğətdə son dövrlərdə meydana gəlmiş yeni sözləri və terminləri də əlavə etmişlər. Beləliklə, “İzahlı terminlər lüğəti”nin ikinci təkmilləşdirilmiş, nöqsanları düzəldilmiş nəşri ayrıca kitab kimi yenidən nəşr edilmişdir. Həmin lüğət kitabından bir nüsxəsi də müəlliflər tərəfindən İdris Abbasova bağışlanılmışdır.
3. “İzahlı terminlər lüğəti”nin birinci nəşri zamanı cəmi yüz ədəd tirajla çap olunmuş kitab üçün 1200 (min iki yüz) manat maliyyə vəsaiti ödənilmişdir. Kitabın ikinci nəşri müəlliflərin özlərinin maliyyə vəsaiti hesabına çap edilmişdir.
Bütün bunlar barəsində 25 may 2019-cu il tarixdə AMEA Humanitar və İctimai Elmlər Bölməsi mətbuat xidmətinin ictimaiyyətə açıqlaması kütləvi informasiya vasitələrində yayımlanmışdır.
4. Professor İdris Abbasovun görkəmli şərqşünas alim Mirzə Kazım bəyin qrammatika kitabının tərcümə, müqəddimə və şərhlərlə çap olunan kitabının 2017-ci ildə Akademiya şəhərciyinin Əsas Korpusunun iclas zalında tanınmış dilçi alimlərin iştirakı ilə təqdimat mərasimi keçirilmiş, əsərin əhəmiyyəti və tərcüməçinin zəhməti dəyərləndirilmişdir. Eyni zamanda, həmin kitab müqəddimə və şərhlərlə birlikdə Nəsimi adına Dilçilik İnstitutunun 2017-ci il üzrə üç mühüm elmi nəticəsindən biri kimi təqdim olunmuş, filologiya sahəsində seçilmiş, fərqləndirilmiş işlərdən biri kimi AMEA Humanitar Elmlər Bölməsinin illik hesabatına daxil edilmişdir.
Bundan başqa, Mirzə Kazım bəyin kitabının tərcüməsinə, elmi-tənqidi mətnin hazırlanmasına görə İdris Abbasov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Respublika Dövlət Mükafatına təqdim olunmuş və onun adı 2019-cu il üzrə bu mükafata namizədlərin sırasına daxil edilmişdir.
5. İdris Abbasov Nəsimi adına Dilçilik İnstitutunun “Ümumi dilçilik” şöbəsinin müdiri seçilməsi məsələsi ilk dəfə 2015-ci ildə müzakirə edilərkən akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin İdris Abbasovun şəxsən iştirakı ilə keçirilən iclasında çıxış edərək müsbət rəyini bildirmiş və ona səs vermişdir.
6. Həmçinin İdris Abbasovun “Təzadlar” qəzetində və saytlarda məqaləsi çıxandan cəmisi yeddi gün əvvəl - 22 dekabr 2020-ci il tarixdə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilmiş iclasında Nəsimi adına Dilçilik İnstitutunun təqdimatı əsasında İdris Abbasovun növbəti dəfə “Ümumi dilçilik” şöbəsinin müdiri vəzifəsinə seçilməsi məsələsi müzakirə olunarkən yenə də onun haqqında müsbət fikirlər deyilmiş və Elmi şuranın bütün üzvləri ona yekdilliklə, yüz faiz səs vermişlər.
7. Kitablarının çap olunması ilə əlaqədar İdris Abbasov AMEA rəhbərliyinə, o cümlədən də Humanitar və İctimai Elmlər Bölməsinə heç vaxt yazılı və şifahi şəkildə müraciət etməmişdir.
Bütün bu gerçəkliklər meydanda olduğu və hamının gözü qabağında baş verdiyi halda, heç bir əsas olmadan nəyi isə bəhanə edib, şəxsi və subyektiv fikirlərini ictimaiyyətə reallıq kimi çatdırmaq, xoşagəlməz sözlər işlətmək, mühiti çaşdırmağa çalışmaq və mənasız yerə ürək bulandırmaq heç kəsə lazım deyildir.
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin mətbuat xidməti
05 yanvar 2021-ci il
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.