Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

26.01.2021 10:49
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Hacı Zeynalabdin Tağıyevin guşəsi yaradılır

Əlyazmalar İnstitutunda Hacı Zeynalabdin Tağıyevin guşəsi yaradılır

Yanvarın 25-də sadə başmaqçı ailəsində dünyaya göz açan məşhur xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Hələ uşaq ikən usta köməkçisi, sonra isə bənnalıq etməyə başlayan, tikinti ustası və təşkilatçısı kimi də tanınan milyonçu Hacı Zeynalabdinin tikdirdiyi bütün binalarda özünəməxsus dəsti-xətti hiss olunur. Böyük mesenantın sifarişi ilə tikilən belə binalardan biri də Bakının indiki İstiqlaliyyət küçəsində yerləşir. Memarlıq baxımından milli-romantik üslubda olan, əsas fasaddakı divarının bir cərgəsi ağ, digəri isə qızılı daşdan hörülən bu bina 1901-ci ildə Qızlar Gimnaziyası kimi istifadəyə verilib. Sonrakı illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti, məktəb, Azərbaycan SSRİ Ali Soveti fəaliyyət göstərib. Ali Sovet yeni binaya köçərkən bir neçə təşkilat bu ünvana köçmək üçün təşəbbüs edib. Buna baxmayaraq, yazılı abidələrimizin milli mədəniyyətimizdəki rolunu dəyərləndirən ümummilli lider Heydər Əliyevin iradəsi ilə bina Respublika Əlyazmalar Fonduna verilib. 1986-cı ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən zaman ulu öndərin səyi ilə müvafiq sərəncam və qərarlara əsasən, Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilib. Hazırda bu institut dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyır və Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən aparıcı elmi tədqiqat müəssisələrindən biridir.

İnstitutun kollektivi xeyriyyəçilik əməlləri ilə böyük rəğbət qazanan Hacı Zeynalabdin Tağıyevin adını daim əziz tutaraq, xatirəsini hörmətlə anır. Cari ildə onun təsis etdiyi Qızlar məktəbinin 100 yaşının tamam olması münasibəti ilə Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin Əlyazmaların elmi ekspozisiyası sektoru tərəfindən Hacı Zeynalabdin Tağıyevin guşəsi yaradılır.

Hacı Zeynalabdin Tağıyevin guşəsində onun yağlı boya ilə çəkilmiş portreti, xeyriyyəçilik fəaliyyətini təbliğ edən stendlər, qızlar gimnaziyasının tarixini əks etdirən panolar, məktəbli qızların geyimlərinin rekonstruksiya edilmiş modeli, məktəbin yerləşdiyi bina və memar haqqında ətraflı məlumat verən lövhələr, gimnaziyanın məzunlarına aid xatirə əşyaları, Tağıyevlərlə bağlı tədqiqat işləri, kitablar, sənədlər və s. sərgilənəcək.

Qeyd edək ki, yaxın zamanlarda sözügedən guşənin açılışı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: