Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.02.2021 15:41
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi ili” və Qarabağa həsr olunan tədqiqatlar aparılacaq

Şərqşünaslıq İnstitutunda “Nizami Gəncəvi ili” və Qarabağa həsr olunan tədqiqatlar aparılacaq

Fevralın 5-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Şuranın iclasında Şərqşünaslıq İnstitutunun alimlərinin qarşısında duran vəzifələr, yeni plan işlərinin mövzuları müzakirə olunub.

İclasa sədrlik edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü siyasət nəticəsində ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial, hərbi və digər bütün sahələrdə yüksək inkişafa nail olub. Onun sözlərinə görə, respublikamızın sürətli iqtisadi inkişafı, dünya miqyasında qüdrətinin artması, hərbi sahədə əldə edilən uğurlar bu gün Azərbaycan elmi qarşısında da ciddi vəzifələr qoyur. Akademik qeyd edib ki, nəzərdə tutulan plan işlərində Azərbaycanın mövqeyinin dünya miqyasında möhkəmlənməsinə, dövlətimizin maraqlarına xidmət edən mövzular öz əksini tapmalıdır.

Ötən ilin payızında Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 günlük müharibədə qalib gələrək torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyduğunu deyən G.Baxşəliyeva bildirib ki, bu qələbə bütövlükdə cəmiyyətimizin, o cümlədən Azərbaycan alimlərinin qarşısında yeni böyük vəzifələr qoyur, yeni elmi-tədqiqat işlərinin planlarında Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, folkloru, etnoqrafiyası və s.-nin öyrənilməsi ilə bağlı kompleks tədqiqatların yer almasını zəruri edir.

Şərqşünas alimlər də mövcud reallığı nəzərə alaraq, öz fəaliyyətlərini bu yöndə qurmalı, tədqiqatlarını prioritet istiqamətlərdə aparmalıdırlar. Bununla əlaqədar Şərqşünaslıq İnstitutunda alimlərin qarşısında qoyulan əsas vəzifələr müəyyənləşdirilib, Qarabağa dair mövzular qarşıdakı illərdə əsas prioritet istiqamətlərdən biri kimi təyin edilib. İnstitutda aparılan elmi-tədqiqatları əhatə edən problemlər sırasında “Qarabağ şərqdilli mənbələrdə, elmi ədəbiyyatda və mətbuatda” yer alıb. Bu çərçivədə aparılacaq tədqiqatlar “Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Şərq ölkələri mətbuatında” və “Qarabağın tarixi və mədəniyyətinə aid Şərq mənbələrinin tərcüməsi və tədqiqi” mövzuları daxilində olacaq. Qeyd edilən problem çərçivəsində 2021-2023-ci illər üçün institutun 8 aliminin tədqiqat mövzusu müəyyənləşib. Qarşıdakı illərdə Şərqşünaslıq İnstitutunda “Müasir İran mətbuatında Qarabağ məsələsinin əksi”, “Qarabağ məsələsi Cümhuriyyət parlamentində və 1918-1920-ci illər İngiltərə, Türkiyə və İranın Cənubi Qafqaz siyasətində”, “İkinci Qarabağ müharibəsi və müsəlman dünyası”, “İranda Qarabağa dair araşdırmalar (1991-2021)”, “XIX əsr Qarabağ divan ədəbiyyatı (ənənə və fərdiyyət kontekstində)”, “Səməd Sərdariniyanın “Qarabağ tarixin gedişində” adlı kitabının fars dilindən tərcüməsi və Ön sözün yazılması”, “Qarabağın maddi və mənəvi irsi epiqrafik abidələr əsasında (X-XIX əsrlər)” və digər əhəmiyyətli mövzular üzərində iş aparılacaq.

2021-ci ilin Azərbaycan Prezidenti tərəfindən “Nizami Gəncəvi ili” elan edilməsi AMEA-da cari ildə diqqəti dahi şairin yaradıcılığına yönəldib. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair tədqiqatların aparılacağını, kitabların nəşr ediləcəyini, konfrans, elmi sessiya və seminarların keçiriləcəyini bildirib. Bundan əlavə, institutda “Nizami Gəncəvi ili” problemi çərçivəsində “Nizami Gəncəvi yaradıcılığı və Şərq ədəbiyyatları qarşılıqlı təsir və əlaqə kontekstində” mövzusu üzrə bir sıra tədqiqatların aparılacağını söyləyib. Bu sırada şərqşünas alimlərin “İranda Nizamişünaslığın tarixşünaslığı”, “İranda İslam inqilabından sonra Nizami şəxsiyyəti və ədəbi-bədii irsinə münasibət”, “Nizami yaradıcılığı ümumbəşəri dəyərlər kontekstində”, “Müasir ərəb ədəbiyyatşünaslığında Nizami Gəncəvi” və s. mövzularda araşdırmalar aparmaları, məqalələr hazırlamaları planlaşdırılır.

Cari ildə Şərqşünaslıq İnstitutunda akademik Gövhər Baxşəliyevanın “Bir daha Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında”, professor Mehdi Kazımovun “Nizami “Xəmsə”si və farsdilli ədəbiyyat (16-18-ci əsrlər)”, Pərvin Əsədullayevanın “Nizami “Xəmsə”sində zaman konseptinin linqvistik ifadə vasitələri” əsərləri, eləcə də f.ü.f.d. Aygün Əlizadə tərəfindən edilən Nizami məktəbinin ardıcılı Hatifinin “Həft mənzər” əsərinin fars dilindən tərcüməsi nəşr ediləcək. İran alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət toplunun hazırlanması və nəşri də planlaşdırılır.

Eyni zamanda bu il institutda “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq konfrans, həmçinin “Azərbaycan şərqşünaslarının nizamişünaslığa töhfəsi" mövzusunda elmi sessiya, eləcə də mütəmadi seminarlar keçiriləcək.

Daha sonra müəssisədə 2021-2025-ci illər üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin mövzuları müzakirə edilərək təsdiqlənib. İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, eləcə də tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev, filologiya üzrə fəlsəfə doktorları Səbinə Səlimova, Vüqar Məmmədov və başqaları çıxış edərək 2021-2025-ci illər üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin, o cümlədən Qarabağ və Nizami Gəncəvi ilə əlaqədar planlaşdırılan işlərin əhəmiyyətini vurğulayıb və şərqşünas alimlərin bu işlərin öhdəsindən layiqincə gələcəklərinə əminliklərini ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: