Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.02.2021 11:13
  • A-
  • A
  • A+

MEK-in ADA Universiteti Kitabxanası ilə əməkdaşlığı davam edir

MEK-in ADA Universiteti Kitabxanası ilə əməkdaşlığı davam edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) ADA Universiteti Kitabxanası ilə əməkdaşlığı davam edir. Əməkdaşlıq çərçivəsində MEK-in direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə kitabxana əməkdaşlarının ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədovla görüşü keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd pandemiya dövründə, həmçinin pandemiyadan sonrakı müddətdə kitabxana işinin təşkili zamanı oxuculara nümunəvi xidmətin göstərilməsi və elektron formada göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi olub.

Tədbirdə MEK-in Milli Rəqəmsal Yaddaş (MRY), Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Xidmət və digər şöbələrin nümayəndələri iştirak ediblər.

Görüş zamanı E.Məmmədov kitabxana işinin təşkili sahəsində əldə olunan yenilikləri iştirakçılarla bölüşüb.

MEK-in MRY şöbəsinin müdiri Aygün Səfərova pandemiya dövründə oxuculara göstərilən onlayn xidmətin əhəmiyyətindən, Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Natavan Hacıyeva isə elektron resursların genişliyinin vacibliyindən və bu yöndə kitabxananın apardığı işlərdən danışıb. Bundan əlavə, EBSCO beynəlxalq nəşriyyat bazasından, İRBİS Kitabxana Avtomatlaşdırılma Sistemindən istifadə imkanları müzakirə olunub.

Qarşılıqlı müzakirələr zamanı, həmçinin modern kitabxana informasiya xidmətləri, onların prinsipləri, istifadəçi sorğuların müxtəlifliyindən və xarakterindən asılı olaraq informasiya sisteminin təkmilləşdirilməsi, mərkəzi informasiya axtarış sistemi, elektron kataloq, texnoloji yeniliklər kimi müasir kitabxananın bazasını təşkil edən məsələlərə də toxunulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: