Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.02.2021 20:21
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı milli kosmetik məhsulların istehsalına dəstək verəcək

AMEA Yüksək Texnologiyalar Parkı milli kosmetik məhsulların istehsalına dəstək verəcək

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

İclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın baş direktoru, professor Əbülfəz Babayev, icraçı direktoru Vasif Abbasov, direktor müavini Zaur Nəhmətov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin müzakirəsinə həsr olunduğunu bildirib. 

Sonra R.Əliquliyev tanınmış kimyaçı alim, professor Əbülfəz Babayevin rəhbərliyi altında texnoparkın fəaliyyət istiqamətlərinin daha da genişləndiriləcəyinə, elmin kommersiyalaşdırılması sahəsində mühüm nailiyyətlərin əldə olunacağına inamını ifadə edib.

Akademik Ekspertlər Şurasının fəaliyyətindən də bəhs edərək, Şuranın AMEA-nın elmi müəssisə və təşkilatları arasında münasibətlərin qurulmasında və əməkdaşlığın inkişafında rolunu önə çəkib: “Ekspertlər Şurası innovativ təklif, ideya və elmi nailiyyətlərin YT Park vasitəsilə reallaşdırılması və kommersiyalaşdırılması, daxili və xarici bazara çıxarılması funksiyasını icra edir. Həmçinin yeni rezidentlərin seçilməsi ilə yanaşı, YT Parka elmi dəstək vermək, elm və istehsalat arasında intellektual körpü yaratmaq vəzifəsini yerinə yetirir”.

Sonra “AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduza Xanlarova çıxış edərək rəhbərlik etdiyi qurum haqqında məlumat verib, bu müəssisənin Azərbaycan məhsulu olan saç boyalarının istehsalını həyata keçirəcəyini vurğulayıb. Respublikamızda qeyd olunan sahəyə tələbatın yüksək olduğunu deyən şirkət direktoru qeyd edib ki, bu boyaların istehsalının təşkil olunması, ilk növbədə ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısını alacaq, digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə üç dəfəyədək sərfəli qiymətə olması isə tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq.

Direktor qeyd edib ki, yüksək keyfiyyətli məhsulların istehsalını qarşısına məqsəd qoymuş şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və digər dəriyə qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır. O, əlavə edib ki, ölkəmizdə yetişən təbii məhsullardan istifadə etməklə əldə olunan saç boyaları istehsalını hədəfləyən müəssisə Ağ Naftalandan istifadə etməklə kremlərin hazırlanmasını da nəzərdə tutur.

U.Xanlarova YT Parkda müəssisənin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin görüldüyünü, avadanlıqlar və xammalın satıcısı olan şirkətlərlə ilkin danışıqların aparıldığını və müəyyən razılıqların əldə edildiyini vurğulayıb.

Daha sonra U.Xanlarova rəhbərlik etdiyi müəssisə tərəfindən istehsal olunan məhsulların ekologiyaya, insan sağlamlığına təsiri, keyfiyyəti, tərkibi və qiyməti ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.

Müzakirələrdə Ekspertlər Şurasının katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Şuranın üzvləri - AMEA-nın müşaviri, akademik Telman Əliyev, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və digərləri iştirak ediblər.

YT Parkın baş direktoru, prof. Əbülfəz Babayev çıxış edərək bildirib ki, ölkəmizdə neft məhsullarından aromatik maddələrin ayrılması texnologiyasının işlənilməsi üzrə vaxtilə müəyyən qədər tədqiqatlar aparılsa da, hazırda bu sahədə yeni istiqamətlərdə elmi tədqiqatların aparılmasına ehtiyac duyulur. 

Baş direktor texnoparkda fəaliyyətə başlaması nəzərdə tutulan “AZCOSMETICS GROUP” MMC tərəfindən istehsal olunacaq məhsulun bütün göstəricilərinin beynəlxalq tələblərə cavab verəcəyini, sertifikatlı resept əsasında hazırlanacağını bildirib. Alimin sözlərinə görə, “AZCOSMETICS GROUP” MMC ilə icra olunacaq layihə çərçivəsində istehsal edilən məhsulların, ilk növbədə yüksək keyfiyyətli olmasına üstünlük veriləcək. O, həmçinin qeyd edib ki, AMEA alimlərinin tədqiqatları əsasında istehsal prosesində istifadə olunan komponentlərin təbii maddələrdən alınan qatqılarla əvəz olunması planlaşdırılır.

Layihə çərçivəsində AMEA alimlərinin müvafiq sahədə apardıqları tədqiqatlara yer ayrılmasının, eləcə də Ağ Naftalan əsaslı maddələrin istehsalının nəzərdə tutulduğunu vurğulayan Ə.Babayev istehsal zamanı xaricdən alınan xammalın tədricən yerli xammalla əvəzlənməsi ilə yüksək keyfiyyətli Azərbaycan brendinin yaradılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

Daha sonra “AZCOSMETICS GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

Sonda Şura sədri, akademik R.Əliquliyev çıxış edərək saç boyaları üzrə elmi və texnoloji səviyyədə tədqiqatların aparılmasının zəruriliyi məsələsinə toxunub. O, “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda fəaliyyətə başlaması ilə AMEA-da bu istiqamətlərdə araşdırmalara yer ayrılması sayəsində milli boya məhsullarının istehsalının həyata keçiriləcəyini vurğulayıb.

R.Əliquliyev qeyd edib ki, böyük rəqabət mühitinə malik bu kimi layihələrin həyata keçirilməsi təşəbbüskara Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında yaxından iştirak etmək imkanı verməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcək, milli məhsulların dünya bazarına çıxarılmasına şərait yaradacaq. Akademik müəssisənin AMEA-nın elmi-intellektual potensialından səmərəli istifadə edəcəyinə, YT Parkda təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına inamını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: