Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2021 10:05
  • A-
  • A
  • A+

Folklor İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Folklor İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA-nın Folklor İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Onlayn formada baş tutan tədbirdə ilk olaraq soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun direktoru, akademik Muxtar İmanov iclası açaraq Xocalı faciəsinə həsr olunmuş tədbirin bu il başqa əhval-ruhiyyədə keçirildiyini və bunun səbəbinin Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində qazanılan zəfər olduğunu bildirib. Akademik qeyd edib ki, biz 20 yanvar və Xocalı faciələrindən,qanlı-qadalı illərdən keçmişik, amma heç vaxt torpaqlarımızın azad olunacağına olan ümidimizi itirməmişik. Hər zaman əzmkarlığımız, mübarizliyimiz və döyüşkənliyimiz sayəsində qalib gələcəyimizə inanmışıq. Bizim gələcəyə baxıb düşünməyimizin, daim hərəkət etməyimizin, toparlanmağımızın, öz gücümüzü, öz əzmimizi yumruq kimi bir yerə cəmləməyimizin nəticəsi idi ki, 44 günlük döyüşdən şərəflə, qalibiyyətlə çıxdıq. Akadademik M.İmanov Xocalı faciəsini təkcə bir xalqa, bir millətə qarşı yönəldilmiş soyqırım və qətliam hadisəsi kimi deyil, ümumən insanlığa qarşı yönəlmiş cinayət əməli kimi dəyərləndirib.

İnstitutun Xarici əlaqələr bölməsinin rəhbəri Əli Şamil çıxışında Xocalı faciəsi ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlərin keçirildiyini və faciə qurbanlarının şərəfinə abidə ucaldıldığını qeyd edib.

Müəssisənin baş elmi işçisi, fil.e.d. Nizami Muradoğlu da çıxışında Xocalı faciəsini insanlıq tarixində görünməyən vəhşiliklə törədilmiş bir soyqırım adlandırıb. Şair-alim daha sonra Xocalı haqqında yazmış olduğu şeiri səsləndirib.

İnstitutun Mifologiya şöbəsinin müdiri, fil.e.d.,prof. Seyfəddin Rzasoy Xocalı faciəsinin hər bir azərbaycanlının yaddaşına utanc səhifəsi kimi yazıldığını, millətin hər bir fərdinin bağrından, ürəyindən asıldığını qeyd edərək, Qarabağda qazanılmış zəfərdə Xocalı intiqamının müstəsna rol oynadığını bildirib.

Tədbir iştirakçılarından şairə-alim Qiymət Məhərrəmli isə çıxışında Qarabağ uğrunda 44 günlük mücadilənin öz nəticəsini verdiyini bildirərək, şəhidlərə həsr etdiyi şeirini səsləndirib.

Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d.,dos. Ağaverdi Xəlil də çıxış edərək dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qurbanları olan Xocalı şəhidlərinin daim qəlblərdə yaşadığını və xatirələrinin əziz tutulduğunu bildirib. O, gələcək perspektivdə Xocalı ilə bağlı kitabların, topluların və məcmuələrin işıq üzü görməsi ilə Xocalının folklor mətnlərində yenidən bərpa ediləcəyi fikrini də irəli sürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: