Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbir Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB), eləcə də Kimya Elmləri Bölməsində (KEB) fəlsəfə doktoru hazırlığı üzrə doktorantların əyani (3 il), qiyabi (4 il) təhsil üzrə qəbulu və onların dissertasiya mövzularının təsdiqi məsələsinə həsr olunub. İclasda FRTEB-nin elmi müəssisə və təşkilatlarından 19, KEB-in elmi müəssisə və təşkilatlarından isə 16 doktorantın dissertasiya mövzusu müzakirə edilib.
Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, doktorantların dissertasiya mövzularının aktuallığı respublikanın perspektiv inkişafının real tələblərinə və məqsədlərinə uyğun müəyyənləşdirilməlidir.
Sonra doktorantların dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.