Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm günü qeyd olunub
27.03.2021 19:30
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm günü qeyd olunub

Martın 27-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Elmi şurasının onlayn formatda növbəti iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, institutun direktoru, akademik İradə Hüseynova iclası açaraq 27 Mart - Elm Günü münasibətilə şura üzvlərini təbrik edib. Akademik qeyd edib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb və o gündən etibarən Elm günü Azərbaycanda qeyd olunur. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

Akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimlərinin nəinki Azərbaycan elminə xüsusi töhfələr verdiyini, respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində və müasir Azərbaycan dövlətinin quruculuğunda da fəal iştirak etdiyini vurğulayaraq ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalının içərisində MBBİ-nin alimlərinin də olduğunu qeyd edib.

Akademik İradə Hüseynova Elm günü münasibətilə silsilə tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.

İclasda, həmçinin AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, İlham Şahmuradov, Tərlan Məmmədov, b.e.d. Səyyarə İbadova və b.ü.f.d. İsmayıl Zülfüqarov çıxış edərək Azərbaycan elminin qarşısında duran vəzifə və problemlərdən söz açıblar.

Daha sonra institutun Elmi şurasının və Gənc Alim və Mütəxəssislər Şurasının tərkibində qismən dəyişiklik edilməsi, Ukrayna Milli Elmlər Akademiyasının Bitkilərin Fiziologiyası və Genetika İnstitutunun Bitkilərin genetik yaxşılaşdırılması şöbəsinin böyük elmi işçisi, b.e.d., professor Yakimçuk Ruslan Andreyeviçin Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə seçkilərdə “Bitki genetikası” ixtisası üzrə namizədliyinin dəstəklənməsi barədə və bir sıra digər məsələlər müzakirə olunub.

Müzakirəyə çıxarılan məsələlər haqqında müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: