31 mart 2021-ci il tarixində bəzi xəbər saytlarında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev barəsində, həmçinin ümumilikdə Elmlər Akademiyası haqqında Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğlunun müəllifi olduğu qərəz və yalanlarla dolu yazısı dərc edilmişdir.
Ədəb və ləyaqət qaydaları çərçivəsinin bütünlüklə aşıldığı bu yazıda cəmiyyətimizdə çoxdan bəri ikiüzlülüyün, prinsipsizliyin və əqidəsizliyin sinoniminə çevrilmiş, Müdafiə Naziliyində fəaliyyəti müddətində öz davranışı ilə zabit şərəfinə ləkə gətirən Eldar Sabiroğlu ölkə başçısının səlahiyyətlərinə müdaxilə edərək akademik Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsini, həmçinin AMEA-nın prezidenti vəzifəsinə təyin edilməsini yalnış addım adlandıraraq, öz absurd mövqeyini çürük məntiqilə əsaslandırmağa çalışıb. Yəqin Eldar Sabiroğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edərkən onun fəaliyyətinə verdiyi qiyməti və haqqında dediyi sözləri unudub.
Eldar Sabiroğlunun diqqətinə çatdırırıq ki, dövlət başçısı akademik Ramiz Mehdiyevi ölkəmizin ən ali ordeni ilə məhz onun dövlət qarşısındakı çoxillik böyük xidmətlərinə, sədaqətinə və bacarığına görə təltif edib. Eldar Sabiroğlunun karyerasına ötəri nəzər salmaq kifayətdir ki, onun sadalanan keyfiyyətlərin hamısından məhrum olduğu aydın olsun. O, həmin Eldar Sabiroğludur ki, məhkəmədə vaxtilə mənəvi və siyasi rəhbəri, lideri hesab etdiyi Əbülfəz Elçibəyin üzünə durmağı, ona ittihamlar yağdırmağı heç bir qəbahət hesab etməyib. O, həmin Eldar Sabiroğludur ki, illərlə tutduğu vəzifəni qorumaq naminə min cildə girərək sədaqət andları içdiyi cənab Prezident İlham Əliyevi sonradan öz oğlunun həbsində ittiham edəcək qədər riyakarlıq göstərmişdi. Ən nəhayət, o, həmin Eldar Sabiroğludur ki, oğlunun siyasi baxışlarını dəyişməsini səbəb gətirərək öz övladından imtina edəcək qədər valideynlik və insanlıq duyğularına əsla sahib olmadığını bütün Azərbaycana nümayiş etdirməkdən çəkinməmişdi. Bir sözlə, öz rəhbərini, prezidentini və hətta övladını belə satmaq, onlara istənilən vaxt xəyanət etmək Eldar Sabiroğlunun hər zaman taleyi, şüurlu seçimi və həyat fəlsəfəsi olmuşdur. Təbii olaraq, bu yola qədəm qoyan hər kəs kimi sonda Eldar Sabiroğlunun da nəsibinə rüsvayçılıq və məyusluq düşüb. Görəsən, Eldar Sabiroğlu qələm götürüb bənzər yazılar yazarkən aynanın qarşısına keçib özünə baxırmı? Özünü kimisə ittiham edəcək qədər təmiz mənəviyyat sahibi hesab edirmi?
Eldar Sabiroğlunun cılız mənəvi dünyasından və rüsvayçılıq dolu keçmişindən çox danışmaq olar, lakin buna qətiyyən vaxt və enerji sərf etməyinə dəyməz. Lakin Eldar Sabiroğlunun yaddaşını təzələmək və ictimaiyyətin onun haqqındakı rəyini bir daha xatırlatmaq üçün “Səs” qəzetinin 25 yanvar 2017-ci il tarixli sayında dərc edilmiş “Eldar Sabiroğlu, sən kimsən?” sərlövhəli yazıdan bir iqtibas gətirməyi məqsədəuyğun hesab edirik. Yazının müəllifi Eldar Sabiroğlunun bir sıra riyakar və xəyanətkar əməllərini sadaladıqdan sonra onun siyasi simasızlığına bu sözlərlə qiymət verir:
“Dünən çörək yediyin qaba bu gün tüpürmək, səhəri günü buna görə üzr istəmək, o biri günü isə yenidən bunu təkrarlamaq "kişi"liyin hansı növüdürsə, elə bunu da Eldar Sabiroğludan başqa kimsə daha yaxşı bilmir. Ömrünün yarıdan çoxunu AXCP-ni (Ə.Kərimlini), Müsavatı (İ.Qəmbəri) söyməklə "yol"a verən bu şəxsin indi "Azadlığ"ın ayaqlarına döşənməsi nə cür kişilikdir? Dünən "Azadlığ"a ultimatumlar verib, müxalifəti xaricə satqınlıqda ittiham edən, AXCP sədri haqqında "xoruz" himninin həmmüəlliflərindən olan Sabiroğlu, bu gün "Azadlığ"a da, AXCP sədrinə də təşəkkür məktubları yazır, kövrəlir, amannamə diləyir. Sən hekayələr, şeirlər də yazırsan, şair təbiətli olmasan da, "təbiətli" şairsən. Yazılarında baş qəhrəmanlarının da hamısının satqınlıq etməsi, obrazlarının gözünü qaşa, dilini dodağa, ayağını ayaqqabısına satması da təsadüfi deyil. Bu, sənsən, sənin xarakterindir və əsərlərindəki obrazların prototipi də özünsən! Özünü saytlarda "hakimiyyətin, YAP-ın əsas yaradıcılarından, fiqurlarından" biri kimi qələmə verdirmək elə səviyyəsizlikdir. YAP-ın da, bu dövlətin də bir memarı var – Ulu Öndər Heydər Əliyev! Elə Azərbaycanın inkişafının da müəllifi Ulu Öndərdir – Heydər Əliyevdir, Prezident İlham Əliyevdir! "Xamırı xəyanətlə yoğrulan..." ifadəsi elə Sabiroğluna verilən ən tutarlı cavab idi”.
Hesab edirik ki, “Səs” qəzeti müəllifindən iqtibas gətirdiyimiz bu sözlər Eldar Sabiroğluna uzadılmış bir aynadır və o da, geniş ictimaiyyət də bu aynada özünü bir daha yaxından görə biləcəkdir.
Əslinə qalsa, Eldar Sabiroğlunun akademik Ramiz Mehdiyevə ünvanladığı saxta ittihamlara müxtəlif vaxtlarda tanınmış ictimaiyyət nümayəndələri tərəfindən tutarlı cavablar verilmişdir. Təbii ki, onların da hamısını yada salmağa ehtiyac yoxdur. Bu halda bir nümunə ilə kifayətlənmək olar. Yeni Azərbaycan Partiyasının qurulmasında fəal iştirak etmiş, məşhur “91-lər” hərəkatının üzvü Ariz Abduəliyevin “Modern.az” xəbər agentliyinin saytında 12 yanvar 2016-cı il tarixində dərc etdirdiyi yazısında oxuyuruq:
“Eldar, Ramiz Mehdiyev dövlət quruculuğu və idarəçiliyi üçün çox işlər görüb. Təcrübəli dövlət xadimidir. Siyasi mövqeyinə, dövlətçiliyə sadiq insandır. Sən bu həqiqəti dərk etmək ağlında deyilsən. Çünki səndə dövlətçilik təfəkküründən, intellekt-sivil düşüncədən, məntiqdən, elmi-təhlili şüurdan, dərin bilikdən, intellektual mədəniyyətdən, səbəb-nəticə əlaqələrini başa düşməkdən əsər-əlamət yoxdur. Sən məişət təfəkkürü və obıvatel şüuru ilə səyasətqu yapanlardan, sürüşkən niyyətlərlə yaşayanlardan, merkantil maraqlar üzərində artistik manevr edənlərdənsən – YAP-ın bəzi təşkilat başçıları, işçiləri və üzvləri kimi, bir çox dövlət məmurları kimi, müxalifətin bir çox qabaqdagedənləri və ideoloqları kimi, istedadsız “yaradıcılar” kimi. Bax, dünən acından ölən bəzi vəkillər, hüquqşünaslar Əliyevlərin yaratdığı şərait sayəsində özlərinə yaxşı gün-güzəran düzəltdilər, kişi oldular, adam arasına çıxdılar, özlərinə qurum-ofis düzəltdilər, peşə yönümündə işləyə bildilər, bir soydaşının da üzünə və işinə pulsuz baxmadılar, məhkəmə və hüquq-mühafizə orqanları ilə yaxşıca “iş birliyi” yapdılar, özlərinə “yaxşı oğlan”, “tanınmış ekspert”, “görkəmli vəkil” adı qoydular. Çifayda, bütün istəklərinə çatandan sonra indi də başqa cür dəllallıq edirlər, yəni “comərd səyasətqu” yapırlar. İnternet mediasında xalq, azadlıq, hüquqların pozulması, “hakimiyyətin işləyə bilməməsi” haqqında ağızlarına və ağıllarına gələni yazırlar. Xalqın gözünə “kül üfürüb”, beləcə İnternetdə “maska teatrı” yapırlar ki, kütlə şüurunda “cəsur qəhrəman” obrazında görsənsinlər, əlbəttə, at belində yox, kostyumlu-qalstuklu fotoları ilə. Sənin kimi onlar da ağılları, dövlətçilik maraqları ilə yox, cibləri və qulaqları ilə “düşünürlər”.
Göründüyü kimi, Eldar Sabiroğluna cavab vermək üçün xüsusi əziyyət çəkməyə ehtiyac yoxdur. Arxivlər və internet onun həqiqi simasını nümayiş etdirən materiallarla doludur. Lakin bəzi həqiqətlər də var ki, onlar geniş ictimaiyyətə deyil, müəyyən şəxslərə və Eldar Sabiroğlunun özünə məlumdur. Məsələn, Eldar Sabiroğlunun 1998-ci ilin prezident seçkiləri ərəfəsində hansı ikrah doğuran işlərlə məşğul olduğunu və hansı səbəbdən YAP sıralarından qovulduğunu yadına salması pis olmazdı.
Eldar Sabiroğlunu yaxından tanıyan şəxslərin böyük əksəriyyəti də onun insani keyfiyyətləri haqqında o qədər yüksək fikirdə deyillər. Məsələn, Eldar Sabiroğlunu şəxsən tanıyan yüksək vəzifəli şəxslərdən birinin etirafına görə o, həmişə rəsmi tədbirlərdə, işdə dövlət rəhbərliyi haqqında müsbət fikirlər söylədiyi halda, evdə, məhdud çevrədə davamlı olaraq bunun əksini danışır, açıq-aşkar riyakarlıq edir.
O ki qaldı onun AMEA-nın guya məhv olduğuna, yarıtmaz quruma çevrildiyinə dair fikirlərinə, onların da obyektivliklə heç bir əlaqəsi yoxdur. İlk növbədə ona görə ki, Elmlər Akademiyasının və alimlərin fəaliyyətini təftiş etmək üçün Eldar Sabiroğlunun heç bir mənəvi haqqı və müvafiq intellektual potensialı yoxdur. Eldar Sabiroğlu bütün parametrlər üzrə belə məsələlərə münasibət bildirməli olan ən axırıncı şəxsdən də aşağı olan birisidir. Bütün qurumlarda olduğu kimi, AMEA-da da problemlər var, qurumun rəhbərliyi onları bilir, təhlil edir, qüsurların aradan qaldırılması istiqamətində ardıcıl addımlar atır və bundan sonra da atacaqdır. Ancaq AMEA-dan fərqli olaraq Eldar Sabiroğlunun qüsurları heç zaman islah olunmaycaq, necə deyərlər, “qozbeli ancaq qəbir düzəldər”. Maraqlıdır, görəsən, Eldar Sabiroğlunun yadına AMEA və onun problemləri indi niyə düşüb? Çox maraqlıdır, görəsən, o, indi hansı şouda yer alıb, nə mənfəət qazanmaq istəyir? Bunu yalnız zaman göstərər. Eldar Sabiroğlunun kim tərəfindən bu işlərə təhrik edildiyi ehtimal ediləndir. Güman edirik ki, həmiş şəxslər də deyilənlərdən lazımi nəticələr çıxaracaqlar.
AMEA-nın Mətbuat və informasiya şöbəsi olaraq biz akademiklərimizi, Elmlər Akademiyasının bütün kollektivini quruma qarşı edilən bu cür qərəzli hücumlara fəal şəkildə cavab verməyə səsləyir, təsadüfi adamların Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı akademiyanı ləkələməsinə imkan verməməyə çağırırıq. Çünki əksər hallarda sükut ictimaiyyət tərəfindən razılıq kimi qəbul edilir.
Müxtəlif KİV-lərdə fəaliyyət göstərən həmkarlarımızdan isə AMEA-nın cavab haqqına hörmətlə yanaşaraq qurumun ona qarşı ünvanlanmış böhtan və yalanlara verdiyi reaksiyanı obyektiv şəkildə işıqlandırmalarını xahiş edirik. Həqiqi mənzərənin, haqlının və iftira atanın kimliyi yalnız bu yolla üzə çıxa bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.