Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.04.2021 17:24
  • A-
  • A
  • A+

Qazaxıstanın ölkəmizdəki səfiri Mərkəzi Elmi Kitabxanada olub

Qazaxıstanın ölkəmizdəki səfiri Mərkəzi Elmi Kitabxanada olub

Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov və səfirliyin I katibi Akbota Mussabayeva AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

MEK-in direktoru, professor Məmməd Əliyev qonaqları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayaraq, onları kitabxanada görməkdən məmnunluğunu ifadə edib. Kitabxananın fəaliyyəti və tarixi ilə bağlı ətraflı məlumat verən Məmməd Əliyev rəhbərlik etdiyi müəssisənin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətindən və bunun nəticəsi olaraq bir çox xarici ölkələrlə kitab mübadiləsi barədə qurduqları əlaqələrdən söhbət açıb, Qazaxıstan kitabxanalarının da bu baxımdan əhəmiyyətini qeyd edib. Səfirin MEK-ə səfərini yüksək qiymətləndirən direktor bu ziyarətin Qazaxıstan kitabxanaları ilə əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bu gündən etibarən MEK-də “Qazaxıstan həftəsi” adlı kitab sərgisinin fəaliyyətə başladığını vurğulayıb.

Səfir Serjan Abdıkarimov kitabxanada yüksək səviyyədə qarşılanmasından şad olduğunu bildirib. Həmçinin 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edən səfir ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş bölgələrdə səfərdə olduğunu vurğulayıb. O, iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı beynəlxalq kitab mübadiləsinin əhəmiyyəti və gələcək əməkdaşlıq barədə danışıb. Serjan Abdıkarimov MEK-də qazax ədəbiyyatının əhatə olunduğu elektron kataloq və Qazax Ədəbiyyatı Fondunun yaradılması fikrini irəli sürüb.

Səfirin təklifinə toxunan Məmməd Əliyev qeyd edib ki, bütövlükdə türkdilli dövlətlərin ədəbiyyatları fondunun gələcəkdə yaradılması gözlənilir.

Sonra kitabxana ilə tanışlıq olub. Professor Məmməd Əliyev 44 günlük Vətən müharibəsi zamanı əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunmasında göstərdikləri şücaətlərə görə ölkəmizin igid oğullarının adlarını əbədiləşdirmək üçün MEK tərəfindən yaxın günlərdə oxucuların istifadəsinə veriləcək “Qarabağ müharibəsi qəhrəmanları fondu” haqqında qonaqlara ətraflı məlumat verib. Həmçinin qonaqlar Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərinin büstləri, təsisçi və akademiklərin portretlərinin olduğu Akademik zal, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi ilə yaxından tanış olublar. Ölkəmizin xaricdəki nümayəndəliklərinin kitabxanaya etdikləri hədiyyələrdən ibarət diplomatik fondda digər dövlətlərlə yanaşı, Qazaxıstan səfirliyi tərəfindən bağışlanan nəşrlərin MEK-də kolleksiya şəklində saxlanıldığı guşənin olması qonaqlarda məmnunluq hissi yaradıb. O cümlədən qonaqlar MEK-də təşkil edilən “Qazaxıstan həftəsi” adlı kitab sərgisi ilə tanış olublar.

Görüş zamanı səfir Serjan Abdıkarimov MEK-ə kitablar da hədiyyə edib. Əsasən rus və ingilis dillərində olan həmin kitablarda Qazaxıstan dövləti, onun coğrafiyası, müasir şəhər arxitekturası, tarixi və digər mənbələr yer alıb.

Öz növbəsində MEK-in direktoru Məmməd Əliyev bildirib ki, bu il Azərbaycanda XII əsr Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Bu münasibətlə professor AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rus dilində “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk konteksində” adlı kitabı qonaqlara hədiyyə edib.

Görüş əsnasında Qazaxıstan Respublikasında fəaliyyət göstərən akademik kitabxanalarla birgə əməkdaşlıq sahəsində fikir mübadiləsi aparılıb və yaxın zamanlarda bu əməkdaşlığın reallaşdırılması ilə bağlı qərar qəbul edilib.

Səfir Serjan Abdıkarimov MEK-in xatirə kitabında öz ürək sözlərini bölüşərək kitabxananın fəaliyyətini yüksək qiymətləndirib.

Sonda qonaqlar yüksək səviyyədə təşkil olunan görüşə və qonaqpərvərliyə görə Milli Elmlər Akademiyası və kitabxana rəhbərliyinə təşəkkürlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: