İngiltərənin görkəmli maarifçisi, publisist, dramaturq, şair, Avropanın ilk jurnalistlərindən biri sayılan Jozef Addisonun dediyi kimi, “yaxşı kitab müəllifin bütün bəşəriyyətə bəxş etdiyi hədiyyədir”. Bu kəlam kitabların cəmiyyətlərin tərəqqisində oynadığı rolu bütövlüklə ehtiva edir.
Aprelin 23-ü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur. Bu tarix dünya ədəbiyyatı üçün simvolik gün hesab edilir, çünki aprelin 23-də Migel de Servantes, Vilyam Şekspir, Moris Drüon və bir çox digər görkəmli qələm ustalarının anadan olduğu və ya dünyasını dəyişdiyi gündür.
1995-ci ildə isə Parisdə keçirilən UNESCO-nun Baş Konfransı tərəfindən gənclərin mütaliəyə marağının artırılması, bəşəriyyətin ictimai və mədəni tərəqqisinə təkan verən kitablara və müəllif əməyinə ehtiram olaraq, həmçinin maarifçiliyin və mədəni ənənələrin dərk edilməsinin inkişafı məqsədilə Ümumdünya Kitab və Müəllif Hüquqları Günü, eləcə də Uşaq və gənclik ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə UNESCO mükafatı təsis edilib.
İldən ilə bu bayramın keçirilmə arealı genişlənir, bir çox ölkələrdə kitab yarmarkaları və sərgiləri, kütləvi qiraət gecələri, müxtəlif mədəni-əyləncəli tədbirlər təşkil olunur. 2001-ci ildən başlayaraq isə aprelin 23-də Ümumdünya kitab paytaxtı adına layiq görülən şəhərin adı açıqlanır. Bir il ərzində qüvvədə olan ad UNESCO və kitab nəşri ilə məşğul olan üç beynəlxalq təşkilatın (Beynəlxalq Naşirlər Birliyi, Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyası və Beynəlxalq Kitab Satıcıları Federasiyası) nümayəndələrinin qərarı ilə verilir. Müxtəlif illərdə Madrid (İspaniya), İsgəndəriyyə (Misir), Monreal (Kanada), Beyrut (Livan), Buenos-Ayres (Argentina), Afina (Yunanıstan), Kuala-Lumpur (Malayziya) və digər şəhərlər Ümumdünya kitab paytaxtı seçiliblər. Cari ildə bu titula Gürcüstanın paytaxtı Tbilisi şəhəri layiq görülüb.
Kitab bayramı münasibətilə biz, AMEA-nın “Elm” nəşriyyatının direktoru, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovla söhbət etdik.
– Səbuhi müəllim, “Elm” nəşriyyatında son dövrlər hansı sahələrə aid kitablar nəşr olunur?
– Bildiyiniz kimi, “Elm” nəşriyyatı əsasən elmin ayrı-ayrı sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər, klassiklərin çoxcildlik əsərləri, elmi-kütləvi kitablar, elmi jurnallar, biblioqrafik əsərlərin nəşri sahəsində ixtisaslaşmış bir müəssisədir. Nəşriyyat əsasən AMEA-nın institut və təşkilatları ilə əməkdaşlıq etdiyi üçün, deyə bilərəm ki, akademiyanın elmi tədqiqat istiqamətləri nə qədər müxtəlifdirsə, müəssisəmizin də çap etdiyi əsərlərin elmi istiqaməti bir o qədər çoxşaxəlidir. Konkret olaraq ötən ili götürdükdə fizika, kimya, biologiya və digər təbiət elmləri, eləcə də texniki, yer, humanitar və ictimai elmlərə dair onlarla kitab işıq üzü görüb. Ötən il nəşr edilmiş mühüm əsərlər sırasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin elmi redaktorluğu ilə çap olunan “Nadir Şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər (erməni icmasının timsalında)” və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud: Yazılı epos və ya epopeya” kitablarını göstərmək olar. Nəşriyyatda həmçinin akademik Vaqif Abbasovun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” əsərinin III cildi, akademik Azad Mirzəcanzadənin “Seçilmiş əsərləri”nin II cildi, Məhəmməd Hadinin “Seçilmiş əsərləri”nin I-II cildləri, professor Hidayət Cəfərovun “Azərbaycan arxeologiyası”nın II cildi, “Azərbaycan musiqi tarixi” kitabının V cildi, “Azərbaycan ədəbiyyatı tarixi”nin I-II-III cildləri, “Akademiya – sənədlər külliyyatı: qərarlar, protokollar, yazışmalar” kitabının I cildi nəşr edilib. “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında çap olunan görkəmli alimlərin biobiblioqrafik göstəriciləri də müəssisəmizin əsas nəşrlərindəndir. Son bir ildə bu seriyada on adda biblioqrafiya işıq üzü görüb, cari ildə elə təxminən bir o qədər də çap etmək niyyətindəyik.
– Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizin hərtərəfli bərpası üzrə işlərə start verilib. Bu işdə ölkə alimləri də öz əməyini əsirgəmir. Zəhmət olmasa, Qarabağ regionunun iqtisadi inkişafı, flora və faunası, mədəniyyəti və digər sahələri əhatə edən akademik nəşrlərdən danışardınız.
– Sevindirici haldır ki, xalqımız uzun illərdən bəri həsrətlə gözlədiyi doğma torpaqlarına, Qarabağına qovuşdu. Əlbəttə, bu tarixi zəfər xalqımızın milli birliyi, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, ordumuzun yenilməzliyi sayəsində mümkün oldu. Hazırda sizin də vurğuladığınız kimi ölkə Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş rayon və kəndlərimizdə quruculuq işləri aparılmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da yenidənqurma mərhələsində Qarabağ regionumuzun hərtərəfli inkişafına öz töhfəsini verməkdədir. “Elm” nəşriyyatı olaraq biz AMEA-nın alimləri ilə bu istiqamətdə birgə əməkdaşlıq edir, Qarabağ regionunun tarixinə, mədəniyyətinə, arxeologiyasına, musiqisinə dair sanballı akademik nəşrlər üzərində çalışırıq. Məsələn, bu yaxınlarda nəşriyyatımızda AMEA-nın həqiqi üzvü Zemfira Səfərovanın “Şuşa Azərbaycanın musiqi qalasıdır” adlı kitabını rus dilində çap etdik. Şuşanın 270 illiyinə həsr edilmiş bu kitabda Mir Möhsün Nəvvab, Cabbar Qaryağdıoğlu və digər musiqiçilərimizin, tanınmış bəstəkarlarımızın Azərbaycan mədəniyyətinin inkişafında rolu araşdırılır, Şuşanın Azərbaycan musiqisinin beşiyi kimi mədəniyyətimizdə tutduğu mövqeyi müəyyənləşdirilir. Kitabın elmi əhəmiyyətini nəzərə alaraq bu il Azərbaycan dilində də nəşr edəcəyik.
Bundan başqa, cari ildə “Elm” nəşriyyatında Azərbaycanın tarixi həqiqətlərini özündə əks etdirən “Vətən müharibəsi: Tarixi zəfər”, “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”, “İrəvən şəhəri – necə varsa”, “Azıx mağarası” adlı nəşrlər, eləcə də Qarabağın tarixinə dair bu günədək çap olunmamış xəritələr işıq üzü görəcək.
– Elm və təhsilin inteqrasiyasında akademik biliklərin uşaq və yeniyetmələrə sadə, aydın dillə çatdıran nəşrlərin rolu böyükdür. Bu sahədə alimlərimizin iştirak etdiyi layihələr mövcuddurmu?
– Bu gün dünyanın aparıcı ölkələrində elmi bilik və bacarıqların geniş yayılması, uşaq və yeniyetmələrdə elmə marağın artırılması üçün “science education” – “elm təhsili”ndən faydalanılır. Biz də ölkəmizdə uşaqlarımıza elmi həqiqətləri lazımi səviyyədə ötürmək, elmi biliklərdən düzgün şəkildə istifadə vərdişi aşılamaq üçün “elm təhsili”nin təməl ideyalarını mənimsəməli, elmi kiçik yaşlarından başlayaraq insanlara sevdirməliyik. Qeyd edim ki, “elm təhsili”ndə xüsusi çəkisi olan fənlərdən biri astronomiyadır. Astronomiya insana məntiqli düşünməyə, kainatı daha yaxşı anlamağa kömək edir, eyni zamanda digər elmlərlə qarşılıqlı əlaqədə olduğu üçün onların dərkini asanlaşdırır. Bütün bunları, eləcə də AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə birgə əməkdaşlığımızın perspektivlərini nəzərə alaraq “Elm” nəşriyyatı olaraq uşaqlar üçün astronomiyaya dair elmi-kütləvi kitablar nəşrə hazırlayırıq. Ümumiyyətlə, yaxın zamanlarda AMEA-nın digər elmi müəssisələrinin əməkdaşları ilə də birgə uşaqlar üçün nəşr layihələri planlaşdırırıq.
– Bəs beynəlxalq təşkilatlarla əməkdaşlıq hansı səviyyədədir?
– “Elm” nəşriyyatı olaraq akademik nəşrlərin hazırlanması sahəsində fəaliyyətimizi təkmilləşdirmək məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət ayırırıq. Nəşriyyat Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurası ilə sıx əməkdaşlıq edərək akademik kitab nəşri sahəsində əlaqələrini gücləndirib. Elə bunun nəticəsidir ki, ötən il “Elm” nəşriyyatının direktoru kimi həmin Elmi şuranın üzvü seçildim. “Elm” nəşriyyatının sözügedən qurumla birgə əməkdaşlığı müəssisənin akademik kitab nəşri sahəsində müştərək layihələrin əlaqələndirilməsi, müsabiqə və elmi forumların keçirilməsində yaxından iştirakına imkan yaradacaq.
Ötən ildən “Elm” nəşriyyatı çap etdiyi elmi jurnalların beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi məqsədilə “Index Copernicus International” beynəlxalq elmi indeksləşdirmə bazası ilə əməkdaşlığa başlayıb. Belə ki, ayrı-ayrı jurnallarımızı elmi tədqiqatlar və nəşrlər bazası olan “Index Copernicus International”a daxil etmişik. Digər jurnalların da beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Bundan başqa, nəşriyyat Finlandiyanın Elmi Nəşrlərin Mübadilə Mərkəzi, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası, Türkiyə Yayımçılar Birliyi, İtaliyanın “Elm” nəşriyyatı və digər xarici qurumlarla əməkdaşlıq əlaqələri qurub. Bu yaxınlarda Türkiyə Media Yayım Peşə Birliyi tərəfindən beynəlxalq “İstanbul Publishing Fellowship” (İstanbul Nəşriyyat Təqaüdü) proqramı çərçivəsində ilk dəfə Türkiyədə təşkil edilən “Diqqət mərkəzindəki ölkə” adlı tədbirdə Azərbaycan nəşriyyatları geniş şəkildə təqdim olunub. “Elm” nəşriyyatı da bu proqram çərçivəsində tədbir iştirakçılarına son bir ildə çap etdiyi mühüm əsərlər haqqında ətraflı məlumatlar təqdim edib. Gələcəkdə də bu kimi layihələrdə yaxından iştirak etməyi prioritet məsələlərdən biri hesab edirik.
– Çox sağ olun, Səbuhi müəllim. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.