Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.05.2021 11:35
  • A-
  • A
  • A+

“Mustafa Kamal Atatürk – türk dünyasının böyük öndəri” mövzusunda konfrans keçirilib

“Mustafa Kamal Atatürk – türk dünyasının böyük öndəri” mövzusunda konfrans keçirilib

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti, böyük siyasi və hərbi xadim qazi Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan “Mustafa Kamal Atatürk – Türk dünyasının böyük öndəri” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyərək, keçirilən bu konfransın dostluğun, qardaşlığın, işbirliyinin bir nümunəsi olduğunu deyib. İ.Həbibbəyli Mustafa Kamal Atatürkün dünya ölkələri liderləri arasında xüsusi yerinin olduğunu vurğulayıb, türk xalqının onun ətrafında birləşərək xarici işğalçıları ölkədən qovduğunu deyib. Mustafa Kamal Atatürkü istiqlal savaşının ən böyük qəhrəmanı adlandıran İ.Həbibbəyli onun həm də dövlətin ideoloji əsasını qurduğunu, Türkiyənin Atatürkün yolu ilə gedərək dünya dövlətləri arasında öz layiqli yerini tutduğunu bildirib.  Akademik Türkiyəni Azərbaycan üçün qardaş ölkə, strateji müttəfiq kimi xarakterizə edib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Nihat Böyükbaş Anadoludan türklərin çox liderinin çıxdığını və onların da uğurunun təhsili ana dilində, milli ruhda almaları ilə əlaqədar olduğunu qeyd edib. O, Atatürkün də bu cür mühitdə, mədəniyyətdə yetişən məsləkdaşları ətafına yığaraq Türkiyə Cümhuriyyətini qurduğunu söyləyib. Türkiyəli diplomat Mustafa Kamal Atatürkə həsr olunan konfransı yüksək dəyərləndirərək təşkilatçılara öz təşəkkürünü bildirib.

Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva iki ölkə arasında olan qardaşlıq münasibətlərindən danışaraq, qurulan münasibətlərin inkişafında alimlərin də öz rolunun olduğunu qeyd edib. Şərqşünaslıq İnstitutunun yarandığı gündən bu elm müəssisəsində türkoloji tədqiqatlara böyük önəm verildiyini, Osmanlı İmperiyası və Türkiyə Cümhuriyyətinin tarixinin, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının ətraflı araşdırıldığını bildirən G.Baxşəliyeva qeyd edib ki, şərqşünas tarixçilər Türkiyədə milli azadlıq hərəkatı, Türkiyə Cümhuriyyətində dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin inkişafı, islam, eləcə də müasir Türkiyədə müxtəlif ictimai-siyasi hərəkatlar problemlərinin öyrənilməsinə diqqət yetiriblər.

XX əsrdə Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılmasının institutun mühüm elmi istiqamətlərindən biri olduğunu söyləyən G.Baxşəliyeva nəzərə çatdırıb ki, əməkdaşlar Türkiyənin XX əsrdə xarici ölkələrlə siyasi-diplomatik münasibətləri, daxili siyasi vəziyyəti və digər tarixi problemlərinə dair dəyərli tədqiqatlar aparıb, müəssisədə yeni dövr Türkiyənin ictimai-siyasi inkişafı məsələlərinin öyrənilməsi sahəsində xeyli iş görülüb. G.Baxşəliyeva Türkiyə iqtisadiyyatının şərqşünas alimlər tərəfindən əhatəli şəkildə tədqiq olunan problemlərindən də danışıb.

Daha sonra Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev “Dünya və türk tarixində Mustafa Kamal Atatürkün yeri” mövzusunda məruzə edib. Mustafa Kamal paşanın bir millətin və bir dövlətin – Türkiyə Cumhuriyyətinin qurucusu və yaradıcısı olduğunu deyən Ş.Mustafayev qeyd edib ki, onun bu sahədə müstəsna xidmətlərini nəzərə alan və vurğulayan Türkiyə Böyük Millət Məclisi 1934-cü ildə ölkədə soyadların qəbul olunması qanununa uyğun olaraq Mustafa Kamal paşanı Atatürk (Türklərin atası) adına layiq görüb və beləliklə, onun türk millətinin tarixindəki yerini bu şərəfli adla əbədiləşdirib. Məruzəsində Atatürkün öz dövründə və sonrakı illərdə dünya ölkələrinin tanınmış dövlət xadimləri tərəfindən necə dəyərləndirildiyinə dair bir sıra misallar və sitatlar gətirən Ş.Mustafayev həmin dövrün siyasi proseslərini də nəzərdən keçirərək qeyd edib ki, Mustafa Kamal Atatürkün siyasi dühası, onun dünya və Şərq tarixindəki misilsiz yeri məhz ondan ibarətdir ki, o, yalnız Türkiyənin milli-azadlıq hərəkatına başçılıq edərək onun qələbə ilə bitməsini və Türkiyə Cümuriyyətinin qurulmasını təmin etmədi. Atatürk Avropa imperializminə və müstəmləkəçiliyə qarşı mübarizə edən bütün dünya ölkələrinə, xüsusilə Şərq xalqlarına ən uğurlu, özünü artıq son yüz il ərzində tamamilə doğrultmuş yeni və orijinal bir modernizasiya, müasirləşmə və inkişaf modelini nümayiş etməyə müvəffəq oldu.

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktorları, dosent Firdovsiyə Əhmədova “Azərbaycan hakimiyyətinin Türkiyə milli-azadlıq hərəkatına münasibəti”, Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşlarından Hüseyn Günəşli “M.K.Atatürk və Türkiyədə milli azadlıq hərəkatı”, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “M.K.Atatürkün hüquqi dövlət quruculuğu və iqtisadi islahatları”, Mirzə Ənsərli “Türkiyə Respublikasının güc strukturlarının formalaşması sahəsində M.K.Atatürkün fəaliyyəti” mövzularında məruzələri dinlənilib.

Tədbirin sonunda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: