AMEA prezidenti, akademik Akif Əlizadə Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in ilə görüşüb. Görüşdə iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətləri müzakirə olunub.
Azərbaycanda elm və təhsilin inteqrasiyası, eləcə də AMEA-da magistratura təhsilinin təşkili və elmi-innovativ layihələr haqqında qonaqlara məlumat verən akademik Akif Əlizadə bu istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. AMEA rəhbəri koreyalı səfiri akademiyanın bu ilin noyabr ayında keçiriləcək yubiley tədbirlərinə də dəvət edib.
Səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə AMEA prezidentinə təşəkkürünü bildirən səfir Koreya Respublikasının elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. O, eləcə də Seul-Bakı Mədəniyyət Mübadiləsi Assosiyasiyası tərəfindən maliyələşdirilən Qəbələ arxeoloji tədqiqatlarında koreyalı alimlərin iştirakından danışıb.
Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi-tədqiqatların təkmilləşdirilməsi istiqamətində mövcud imkanlar, eləcə də yaxın gələcəkdə “Koreya-Azərbaycan Dostluq Parkı”nın yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin tərəflər arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsini nəzərdə tutan sazişin imzalanması haqqında razılıq əldə olunub.
Görüş çərçivəsində AMEA Ədəbiyyat İnstitutu ilə video-konfrans da təşkil olunub, Azərbaycan-Cənubi Koreya ədəbi əlaqələrinin öyrənilməsi və tərcümə işlərinin təşkili məqsədi ilə mərkəzin yaradılması məsələsi müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.