Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.05.2021 12:15
  • A-
  • A
  • A+

Muzeyin Aran regional filialında Nizami Gəncəvinin 880 illiyi münasibətilə onlayn mühazirə keçirilib

Muzeyin Aran regional filialında Nizami Gəncəvinin 880 illiyi münasibətilə onlayn mühazirə keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə növbəti onlayn mühazirə keçirilib.

Tədbirlər planında nəzərdə tutulduğu kimi, Kürdəmir rayon Təhsil şöbəsi ilə birlikdə “Qüvvət elmdədir! Başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz... devizi ilə Nizami mühazirələri”nin ikinci toplantısı baş tutub.

Toplantıda Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək yaradıcılığı ilə Şərq poeziyasını forma və məzmunca zənginləşdirən, yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradan, dünya ədəbiyyatı tarixində yeni bir tarixi dövr açan, müdriklik zirvəsi Nizami Gəncəvi poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyindən danışıb. O, bu məqsədlə keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Nizami fenomeninə milli və ədəbi kimlik kontekstində baxış” mövzusunda məruzə ilə çıxış edib. O, Nizami Gəncəvinin Şərq epik şeiri tarixindəki yeri, farsdilli poetikaya gətirdiyi yeni bədii-estetik normalardan və bu əsasda Azərbaycan türkü olan Nizaminin milli və ədəbi kimliyi məsələlərindən bəhs edib. Eyni zamanda Şərq ədəbiyyatının inkişafında müstəsna rol oynamış Nizaminin təkcə milliyətinə görə deyil, həm də özünün etnik-mədəni düşüncəsinə görə Azərbaycan-türk şairi olduğunu, türklüyün Nizami üçün dərk edilmiş etnik özünüifadə modeli olduğunu qeyd edib.

Mühazirəyə Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulublar.

Daha sonra professor Seyfəddin Rzasoy dinləyicilərin suallarını cavablandırıb.

Sonda Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: