Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.05.2021 13:10
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər “I beynəlxalq media və islamofobiya" simpoziumunda iştirak edib

Azərbaycanlı alimlər “I beynəlxalq media və islamofobiya" simpoziumunda iştirak edib

25-26 may 2021-ci il tarixlərində Ankara şəhərində Türkiyə Cümhuriyyətinin İletişim Başqanlığı, Radio və Televiziya Üst Qurumu, (RTÜK), Türkiyənin Diyanet İşləri Başqanlığı, TRT kanalı, Erciyes Universiteti və Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları vəqfi (SETA) tərəfindən “I beynəlxalq media və islamofobiya” simpoziumu keçirilib.

Beynəlxalq simpoziumda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, nazirlər, komitə və nüfuzlu vəqf və təşkilat başqanları, millət vəkilləri, eləcə də 30-a yaxın xarici ölkələrdən gəlmiş alimlər, elm və siyasət adamları, ilahiyyatçılar, islamşünaslar və tədqiqatçılar iştirak ediblər.

Tədbirdə Azərbaycandan AMEA-nın Folklor İnstitutunun Müasir folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov və AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Elmi planlaşdırma və monitorinq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov iştirak edib.

Simpoziumun açılış mərasimində çıxış edən Türkiyə prezidenti R.T.Ərdoğan islamofobiyanın xərçəng kimi bütün dünyada, xüsusən də Qərbdə yayıldığını, İslama qarşı düşmənliyin Bosniyada, Myanmada və s. yerlərdə baş vermiş soyqırımlarda özünü göstərdiyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edən simpoziumda elm adamlarının və tədqiqatçıların 157 məruzəsi dinlənilib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Tahir Orucov “Qərb xarici cəmiyyətlərində: müsəlman cəmiyyətlərində islamofobiya”, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov isə “Qərb medyasında islamofobik fikirlərin təqdimi” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: