Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.06.2021 17:23
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun fəaliyyətinin 5-ci ildönümünə həsr olunan tədbir keçirilib

Elm Tarixi İnstitutunun fəaliyyətinin 5-ci ildönümünə həsr olunan tədbir keçirilib

AMEA-nın Elm Tarixi İnstitutu (ETİ) müəssisənin yaranmasının və fəaliyyətinin 5-ci ildönümünə həsr olunmuş hesabat tədbiri keçirib. Tədbir akademiya və elmi-ictimaiyyət, eləcə də cəmiyyət qarşısında hesabat formatında hazırlanıb.  

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. ETİ-nin yaranma tarixi, əldə etdiyi nailiyyətlər, aparılan tədqiqat işləri və beynəlxalq əlaqələrindən, həyata keçirdiyi xüsusi layihə və nəşrlərdən söz açan akademik qeyd edib ki, 2014-cü ildən təsis olunan, 2016-cı ildən fəaliyyətə başlayan institut qısa müddətdə kiçik kollektivlə bir çox uğurlara imza atıb, ölkədə və beynəlxalq miqyasda tanınıb, dünyanın bir çox elmi mərkəzləri ilə əlaqələr qurub. İ.Həbibbəyli bildirib ki, müəssisədə elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər uğurla aparılıb və institut bu barədə fərqli nəşr layihələri və tədbirlər həyata keçirib. İ.Həbibbəyli qeyd edib ki, təbiətşünaslığın tarixinə dair beş buraxılışdan ibarət oçerklər, AMEA-nın tarixini əks etdirən külliyyat, Azərbaycançılıq ideologiyasının tarixi köklərinin araşdırıldığı, eləcə də bir çox elm sahələrinin tarixşünaslığına, elmi qurumların tarixinə həsr olunmuş nəşr layihələri institutun uğurlu göstəriciləri olmaqla yanaşı, eyni zamanda  akademiyanın tarixində də yenilikdir.

Bütün bunların müəssisənin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin rəhbərliyi ilə reallaşdığını vurğulayan akademik Elm Tarixi İnstitutunda mövcud səmərəli və səmimi işgüzar mühitin formalaşmasında düzgün kadr siyasətinin böyük rol oynadığını bildirib. İnstitut əməkdaşlarının yalnız elmi tədqiqat sahələrində deyil, ictimai həyatda da aktiv olduqlarını, mediada xüsusi fəalllıqları ilə seçildiklərini də qeyd edib.

Elmi müəssisənin bütün göstəricilər üzrə inkişaf etdiyini və müasir tələblərə və çağırışlara cavab verdiyini vurğulayan akademik çıxışının sonunda ETİ kollektivini yubiley münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar diləyib.

Sonra müəssisənin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli çıxış edərək Azərbaycanda elm tarixinin və elmşünaslığın yeganə fundamental araşdırma mərkəzi olan Elm Tarixi İnstitutunun 5 illik fəaliyyətinin qısa hesabatını təqdim edib.

İnstitut direktorunun 2016-2020-ci illərdə ETİ-nin fəaliyyətinin bütün spektrləri üzrə təsəvvür yaradan çıxışında elm tarixinin müstəqil bir elm sahəsi kimi formalaşması, Azərbaycanda elm tarixinin öyrənilməyə başlanılması və təşkilatlanması, elmi müəssisənin yaranma zərurəti, profili, əsas fəaliyyət istiqamətləri, strukturu, eləcə də əsas elmi nəticələri barədə statistik məlumatlar təqdim edilib.

Elmi müəssisənin keçdiyi yola nəzər salan direktor qeyd edib ki, ötən 5 ildə institut bir çox yeniliklərə və ilklərə imza atıb, spesifik profili, yeni tədqiqat sahələri, fərqli layihə və nəşrləri, intensiv və uğurlu beynəlxalq əlaqələri, respublika və beynəlxalq səviyyəli elmi konfrans və seminarları ilə daim gündəmdə olub.

Qeyd olunub ki, bu müddət ərzində Elm Tarixi İnstitutu Rusiya, Çin, Ukrayna, Polşa və İtaliyada fəaliyyət göstərən institutlarla fəal əlaqələr qurub, bir neçə xarici elmi müəssisə ilə əməkdaşlıq barədə razılıq əldə edib, müqavilələr imzalayıb. 2016-cı ildə Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutu, 2017-ci ildə Rusiya Elmlər Akademiyasının Arxivi, İtaliyanın Qalileo Qaliley Elm Tarixi Muzeyi (Florensiya), Çin İctimai Elmlər Akademiyasının Dünya Tarixi İnstitutu, 2019-cu ildə Polşa Elmlər Akademiyasının Elm Tarixi İnstitutu ilə imzalanmış müqavilələr və həmin ildə müəssisənin Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqa (IUHPS) assosiativ üzv qəbul edilməsi bu qəbildəndir. M.Seyidbəyli bildirib ki, 2018-ci ildə institutun təşkilatçılığı ilə Rusiya, Ukrayna, Çin və digər ölkələrdən 30-dan çox tanınmış alimin qatıldığı, elm tarixi və elmşünaslığa, fənlərarası əlaqələrə həsr edilmiş beynəlxalq elmi konfrans müəssisənin nail olduğu ilk böyük uğurlardan biri olub. Bildirilib ki, 2016-2020-ci illər ərzində ümumilikdə institutun təşkilatçılığı ilə 1 beynəlxalq səviyyəli konfrans, 1 beynəlxalq elmi seminar, 4 respublika səviyyəli konfrans, 10 elmi seminar, o cümlədən müxtəlif mövzulara həsr olunmuş 100-dən çox tədbir həyata keçirilib. Kiçik elmi heyətə malik olmasına baxmayaraq, institutun əməkdaşları 50-dən çox beynəlxalq və lokal konfranslara qatılıb, müvafiq olaraq tezis və məqalələr təqdim ediblər. 2016-cı ildən bu günədək qurumun əməkdaşlarının 40-dan çox kitabı, 170-dən çox məqalə və tezisi, o cümlədən indeksləşmiş və referativ bazalara daxil olan beynəlxalq elmi jurnallarda 50-yə yaxın məqaləsi çap edilib, beynəlxalq və yerli tədbirlərdə iştiraka, səmərəli fəaliyyətə görə institutun əməkdaşlarına sertifikatar, təşəkkürnamələr təqdim edilib.

M.Seyidbəyli bildirib ki, 2020-ci ildə Elm Tarixi İnstitutunun mühüm yeniliklərindən biri də “Elm tarixi və elmşünaslıq” adlı beynəlxalq elmi jurnalının AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində  rəsmən qeydiyyata alınaraq fəaliyyətə başlaması və Almaniyanın “Advanced Sciences İndex” (“İnkişaf etmiş elmlər indeksi”) beynəlxalq elmi nəşrlər bazasının “Tarix və arxeologiya” kateqoriyasında indeksləşdirilməsi və rəsmi müqavilə əldə etməsidir. Qeyd olunub ki, elmi məcmuə bu bazada Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş ilk nəşrlərdən biridir.

Çıxışının sonunda alim sözügedən fəaliyyətin reallaşdırılması üçün şərait yaratdığına görə akademiya rəhbərliyinə, Elm Tarixi İnstitutunun tərəfdaşlarına, media qurumlarına, eləcə də rəhbərlik etdiyi kollektivin hər bir üzvünə təşəkkürünü bildirib və yubiley təbriklərini çatdırıb.

Daha sonra institutun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski rəhbərlik etdikləri şöbələrin tədqiqat istiqamətləri, fəaliyyət dinamikası, əsas elmi nəticələri barədə danışıb və qarşıda duran işlərdən söz açıblar.

Sonra Elm Tarixi İnstitutunun fəal xarici tərəfdaşlarından Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun direktoru, biologiya elmləri doktoru Roman Alekseyeviç Fandonun və REA S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri doktoru Nadejda Aşeulovanın 5 illik yubiley münasibətilə instituta ünvanlanmış onlayn təbrik çıxışları dinlənilib.

Daha sonra AMEA-nın vitse prezidenti, akademik İbrahim Quliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova çıxış edərək, ETİ-nin Azərbaycan elmi ictimaiyyəti üçün xüsusi əhəmiyyətindən bəhs edib və müəssisənin kollektivini 5 illik yubiley, parlaq fəaliyyət, zəngin statistik hesabat münasibətilə təbrik ediblər.

Sonda institut əməkdaşları Fəxri fərmanlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: