Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

03.06.2021 11:39
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın 80 illiyinə həsr olunan tədbir keçirilib

AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın 80 illiyinə həsr olunan tədbir keçirilib

Fizika İnstitutunda Yarımkeçiricilər fizikası sahəsində görkəmli alim, AMEA-nın fizika üzrə ilk qadın müxbir üzvü Səlimə Mehdiyevanın 80 illiyinə həsr olunan tədbir keçirilib.

Karantin qaydalarına riayət etməklə baş tutan yığıncağı giriş sözü ilə AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov açaraq S.Mehdiyevanın çoxşaxəli fəaliyyətindən danışıb, onu elmi müəssisənin əməkdaşları və öz adından təbrik edib, şəxsi işlərində və elmi  yaradıcılığında uğurlar arzulayıb.

Daha sonra Bərk cisim elektronikası laboratoriyasının rəhbəri, akademik Cavad Abdinov S.Mehdiyevanın elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O bildirib ki, S.Mehdiyeva 1941-ci il mayın 21-də Naxçıvan şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhəri 114 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olub və 1963-cü ildə oranı bitirib. Həmin il Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilər fizikası” ixtisası üzrə aspiranturaya daxil olaraq burada tanınmış alim, akademik Həsən Abdullayevin elmi rəhbərliyi ilə selen yarımkeçiricisinin müxtəlif aqreqat hallarının fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparmağa başlayıb. Əmək fəaliyyətinə Fizika İnstitutunda başlayan Səlimə Mehdiyeva burada kiçik elmi işçi, böyük elmi işçi, uzun müddət institutun elmi katibi, 1995-2002-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində işləyib, əməyə məsuliyyətli və yaradıcı yanaşması, böyük təşkilatçılıq bacarığı, əzmkarlığı, qayğıkeşliyi hesabına rəhbərliyin və kollektivin böyük hörmətini qazanıb.

Sonra çıxış edən Spektropik ellipsometriya laboratoriyasının rəhbəri, akademik Nazim Məmmədov S.Mehdiyevanın yenilikçi olmasından və özünəməxsus keyfiyyətləri ilə seçilməsindən danışıb.

Həmçinin fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, fizika üzrə fəlsəfə doktoru Kamil Qurbanov, fizika üzrə fəlsəfə doktoru Eldar Həsənov, müəssisənin Kəmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və başqaları  alimi 80 illik yubileyi münasibətilə təbrik edib, ona elmi işlərində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: