Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Nizami qələmində obrazlaşan simalar
07.06.2021 11:02
  • A-
  • A
  • A+

Nizami qələmində obrazlaşan simalar

Elmi tarixşünaslıqda qəbul edilmiş inkaredilməz gerçəklikdir ki, tarixi həqiqətlərin öyrənilməsinin ən etibarlı mənbələrindən biri də sözügedən dövrdə yaşayıb-yaratmış, ictimai-siyasi, sosial, ədəbi-mədəni hadisələrin bilavasitə canlı iştirakçısı olmuş bədii söz sənətkarlarının qələminə məxsus ədəbi örnəklər, xüsusilə də süjet və kompozisiya imkanlarının genişliyi ilə seçilən epik əsərlərdir. Bu baxımdan XII əsrin, xüsusilə tarixi şəxsiyyətlərimizin öyrənilməsi üçün dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin poemaları qiymətli mənbələrdir. Şairin bədii obrazına çevrilmiş, əsərin ideyasının açılmasına xidmət edərək Nizami qələmi ilə ibrətamiz hekayətlərin qəhrəmanı kimi yaddaşlara həkk olunmuş surətlərin rəngarəng qalereyasında “Məxzənül-əsrar” poemasındakı Adil Nuşirəvan, Sultan Səncər, Harun-ər Rəşid, Süleyman peyğəmbər, İsa peyğəmbər və başqaları kimi tarixi şəxslər xüsusilə seçilir.

Əsəri üçün bədii obraz kimi seçdiyi şəxsiyyətlərin tarixdə daha çox hansı keyfiyyət və özəllikləri ilə qaldıqlarından yaradıcı şəkildə istifadə edən şair bu sahədə də təxəyyülünün sonsuz imkanlarını sərgiləmişdir. Məsələn, Adil Nuşirəvan haqqında hər kəsə məlum olan Nuşirəvan və bayquşların söhbəti əhvalatını xatırlayaq. Nizami bayquşların söhbətindən təsirlənib nəticə çıxaran və ölkədaxili siyasətini kökündən dəyişən, bütün fəaliyyətini xalqın rifahı istiqamətinə yönəldən hökmdarın adının tarixdə “ədalətli” padşah kimi qalmasını özünəməxsus şəkildə izah edir:

Pak qəlblər ölkəsində onun adı

Sikkədə “ədalətli” yazıldı.

Onun aqibəti yaxşılıqla qurtardı,

Ədalət qapısını döyənlərin

hamısına bu ad nəsib oldu.

Nizaminin bədii obraz kimi işlədiyi tarixi şəxsiyyətlər arasında Süleyman peyğəmbər də diqqəti cəlb edir. Şair “Dünyanın qəzaları haqqında” üçüncü məqəlatı üçün “Süleyman və qoca əkinçinin hekayəsi” illüstrativ hekayətini qələmə almışdır. Məlumdur ki, Süleymanın adı tarixdə mehriban peyğəmbər, ədalətli padşah və hikmətli bir alim kimi tanınmışdır. Nizaminin yaratdığı Süleyman obrazı da bu xüsusiyyətlərə malikdir. O, məmləkətində güzəran sürən adi bir kəndlinin də qeydinə qalır, onun işləri ilə maraqlanır, həmsöhbət olub onu səbirlə dinləyirdi.

Bütün poemalarında böyük ehtiramla andığı İsa peyğəmbər də şairin ədəbi qəhrəmanına çevrilmişdir. “Məxzənül-əsrar”ın onuncu hekayəsi “İsanın - Allahın ona salamı olsun! - dastanı” adlanır. Hekayənin əsas ideyası insanları ən xoşagəlməz məqamda da yaxşını, gözəlliyi görə bilməyə çağırmaqdır:

Başqalarının eybini və öz yaxşılığını görmə,

Nəzərini aşağı - öz yaxana sal.

“Məxzənül-əsrar”ın ən məşhur hekayətlərindən birinin qəhrəmanı da Sultan Səncərdir. Sultan Səncər haqqında mənbələr yazır: “Büyük Selçuklu Sultanı Melikşah'ın oğlu olan Sencer 1086'da Sincar'da doğdu. Küçük yaşından itibaren devlet tecrübesi kazanan Sencer, ağabeyleri Berkyaruk ve Muhammed Tapar zamanında devlet hizmetinde bulunarak, doğuda çıkan isyanları bastırdı. Buradaki başarıları üzerine Horasan melikliğine tayin edilen Sencer, Haziran 1102'de Selçuklu Devleti'ne saldıran Karahanlı Hükümdarı Kadir Han'ın saldırılarını bertaraf etti. Ayrıca Gaznelileri, Selçukluya bağladı”.

“Qarı və Sultan Səncərin hekayəsi”ndə Nizami Sultan Səncərin ölkədaxili siyasətini bir növ təhlil etmişdir. Bu hekayədə Nizaminin dövlətin daxili siyasətinə dair görüşləri, demokratik dövlətin əsas prinsiplərinə dair fikirləri də əksini tapmışdır. Yuxarıdakı sitatdan da məlum olur ki, Sultan Səncər hərbi əməliyyatlardakı uğurlarına görə Xorasan hakimi təyin edilmişdir. Bu fakt “Məxzənül-əsrar”dakı hekayədə də əksini tapmışdır.

Xorasan vilayətini tutmuş Səncər

Bu sözə əhəmiyyət verməyib özünə ziyan verdi.

Hekayədə Səncər ədaləti tanımayan, xalqın qeydinə qalmayan hökmdar kimi təsvir edilmişdir.

Ey məlik, sənin qayğını mən az görmüşəm,

Lakin bütün ili səndən zülm görmüşəm.

Və ya:

Mən səndə nə hakimlik, nə ədalət görürəm

Və görürəm ki, (qiyamətdə) sən əzabdan

azad olmayacaqsan.

Daha sonra:

Şəhərlilərin evini yıxmısan,

Kəndlilərin xırmanını dənsiz qoymusan.

Nizami bu hekayədə 1139-cu ilin sentyabr ayında Gəncədə baş vermiş dəhşətli zəlzələdən sonra Gürcüstan çarının Gəncəyə hücum edərək şəhəri yağmalamasını və əhalini əsir almasını da xatırlayır:

Yetimlərin malını qəsb etmək (yaxşı) iş deyil,

Ondan əl çək, o ki Abxaz qarəti deyil.

“Qarı və Sultan Səncərin hekayəsi”ndə diqqəti cəlb edən məqamlardan biri də Nizaminin türk dövləti və türk hökmdarlarının ədaləti haqqında söylədiyi fikirlərdir:

Elə ki, türklərin dövləti ucaldı,

Məmləkətdə ədalət hakim oldu.

Akademik Teymur Kərimli yazır ki, “türk padşahı Səncərin siyasi deqradasiyası işığında ...Nizami bütün türk tarixinə qiymət verir; ... “qızıl keçmişlə” korlanmış müasirliyi müqayisə edir və təəssüflənir”. Səlcuq hökmdarlarının ədalətə meyilli olduqlarını açıqlayan akademik Yevgeni Bertels də bu barədə yazır: “Tarixçilərin məlumatlarından anlaşıldığına görə, ilk səlcuqlar öz libasları və silahları ilə qonşularından, demək olar ki, heç də seçilmirdilər. Yalnız az əvvəl qəbul edilmiş islamiyyət onlarda bir heyranlıq hissi doğurmuşdu; onlar islamiyyətin ideallarını həyata keçirməyə, ədalət və həqqaniyyəti işdə göstərməyə çalışırdılar”.

Akademik Məmməd Cəfər Cəfərov şairin hökmdarlara, xüsusən də Azərbaycan Atabəylərinə münasibətindən geniş bəhs edərkən onun Sultan Səncər haqqındakı fikirlərinə də toxunmuşdur: “...Nizami Alp Arslan, Məlik şah kimi sultanlar barədə yaxşı fikirdə olduğu halda, Sultan Səncər hakimiyyətini rəiyyət üçün böyük fəlakət hesab etmişdir. Bu da təsadüfi deyildi. Həqiqətən, tarixi mənbələrdə göstərildiyi kimi, Səncər hakimiyyətinin xüsusən ilk illəri mərkəzi hökumətin xeyli zəiflədiyi, xəlifəliyin əl-qol açdığı, hər yerdə əmirlərin, canişinlərin özbaşınalığının artdığı illər idi”.

Nizaminin “Məxzənül-əsrar”dakı qəhrəmanlarından biri də beşinci və ən məşhur Abbasi xəlifəsi Harun ər-Rəşiddir. Harun ər-Rəşid miladi 763-cü ildə İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuş, xəlifə olan qardaşı Hadi 786-cı ildə öldükdən sonra Xilafətə başçılıq etməyə başlamışdır. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur. Harun ər-Rəşidin xilafəti dönəmində İslam xilafəti hərbi, siyasi, mədəni və elmi baxımdan sürətlə inkişaf etmişdir. Xəlifə Harun ər-Rəşid haqqında zamanında yazılmış bir çox şəxsi və dövləti məsələlərə aid əhvalatlar, rəvayətlər, hekayə və məsəllər günümüzə qədər gəlib çatmış, məşhurlaşmışdır. Bunların bir çoxu həqiqəti əks etdirərək tutarlı səhih sənədlərə əsaslansa da, bəziləri də uydurulmuşdur. Nizaminin “Məxzənül-əsrar”a daxil etdiyi hekayət də ibrətamiz və didaktik mahiyyət daşıyır. Şair öncə Harunun hakimiyyəti dövründə xilafətin yüksək inkişafını qeyd edir, sonra hekayətə başlayır:

Xilafətin dövrü Haruna çatanda

Abbasın bayrağı çərxə ucaldı.

Hekayənin əsas ideyası qızılın, var-dövlətin mənəviyyatı yoxsul olan, öz kimliyini, həyati missiyasını dərk etməyən insanın daxili dünyasını iflic etməsi, onun özünü unutması və s. kimi hallara gətirib çıxara bilməsinin ibrətamiz şəkildə oxuculara çatdırılmasıdır. “Məxzənül-əsrar”ın hekayə qəhrəmanları içərisində “yarıəfsanəvi, yarıtarixi” İran hökmdarları Firudin və Cəmşid də yer almışdır. Qeyd edək ki, hər iki obraz Firdovsi “Şahnamə”sinin əsas qəhrəmanlarındandırlar.

Nizami Gəncəvi “Məxzənül-əsrar” məsnəvisində onlarca tarixi, dini-tarixi, əfsanəvi-tarixi şəxsiyyətin, ədəbi qəhrəmanın adını çəkmiş, həmin tarixi simalarla bağlı əhvalat və hadisələrə işarələr etmişdir. Bir sözlə, “Xəmsə”nin ilk əsəri bu baxımdan rəngarəng palitranı xatırladır.

Nizami bədii üsulun verdiyi imkanlardan istifadə edərək məhz dövrünün hakim dairələrinə ünvanladığı mesajlarını tarixdən alıb əsərinə gətirdiyi simalara müraciət şəklində çatdırmışdır.

Təhminə BƏDƏLOVA, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə  fəlsəfə doktoru, dosent

“Azərbaycan” qəzeti

 

  • Paylaş: