AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) AR Mərkəzi Bankı tərəfindən “Rəqəmsal ödənişlər və təhlükəsizlik tədbirləri” mövzusunda növbəti onlayn maarifləndirici seminar keçirilib.
Seminarda İdarəetmə Sistemləri İnstitutunun və Mərkəzi Bankın əməkdaşları iştirak ediblər.
Tədbirdə Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, Mərkəzi Bankın əməkdaşı Xəyaləddin Tağıyev “Rəqəmsal ödənişlər və təhlükəsizlik tədbirləri” mövzusunda təqdimatla çıxış edib. X.Tağıyev müasir dövrün tələblərindən irəli gələn onlayn ödənişlər, insanların üzləşdiyi təhlükəsizlik problemləri, o cümlədən kart məlumatlarının məxfiliyi, mühafizəsi, 3D şifrələr və digər məsələlər barədə məlumat verib.
Alim, həmçinin elektron bankçılıq xidmətləri, mobil bankçılıq, terminal bankçılıq, telefon bankçılıq, internet bankçılıq və başqa önəmli nüanslar haqqında danışıb, mövzu ətrafında müzakirələr aparılıb və bir sıra suallar cavablandırılıb.
Sonda İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 2-4 iyun tarixlərində müəssisədə AR Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində keçirilən seminarları yüksək qiymətləndirib, müasir dövrün tələbi ilə əhalinin maliyyə savadlılığının artırılmasının zəruriliyinə toxunub. Ə.Sadıqov İSİ-nin müxtəlif dövlət qurumları ilə aktual istiqamətlərdə daim əməkdaşlıq etdiyini vurğulayaraq bu cür tədbirlərin önəmini qeyd edib və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.