Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2021 10:02
  • A-
  • A
  • A+

"Azərbaycan neft sənayesində nanotexnologiyaların elmi əsaslarının işlənilməsi və tətbiqi" mövzusunda seminar keçirilib

"Azərbaycan neft sənayesində nanotexnologiyaların elmi əsaslarının işlənilməsi və tətbiqi" mövzusunda seminar keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) növbəti elmi seminarı olub.

Tədbirdə institutun rəhbərliyi, alim və mütəxəssislər, həmçinin sözügedən müəssisənin gənc tədqiqatçıları iştirak ediblər.

Seminarda İSİ-nin Neft sənayesində nanotexnologiyaların tətbiqində riyazi modelləşdirmə laboratoriyasının rəhbəri, t.e.d., professor Eldar Şahbazov "Azərbaycan neft sənayesində nanotexnologiyaların elmi əsaslarının işlənilməsi və tətbiqi" mövzusunda çıxış edib.

Eldar Şahbazov qeyd edib ki, neftvermə əmsalının artırılması istiqamətində  cari vəziyyətə əsasən, son altmış ildə SOCAR-ın neft və qaz yataqlarında mikrobioloji, termiki və fiziki-kimyəvi təsir üsulları tətbiq edilib və nəticədə neftvermə əmsalı artırılıb. Bu istiqamətdə birbaşa neftvermə əmsalının artırılmasına təsir edən amillər isə istismar zamanı quyularda, laylarda xeyli mürəkkəbləşmələrin yaranması olub.

E.Şahbazov nanotermohidrodinamikanın əsasında "kiçik təsir və həyəcan effekti"nin işləndiyini və bununla da qalıq neftin hasilatının qum tıxaclarına qarşı qazma, nanosement və nanobentonitin işlənildiyini qeyd edərək, bu tədqiqatlarla bağlı göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin SOCAR-ın nanotexnologiyalarının tətbiqi zamanı nanoörtüyün yaranması ilə alınan effektlər və nəticələr barədə söz açıb.

E.Şahbazov qalıq neftin hasilatı zamanı nanoörtüyün yaranması və nəticələri, nanosistemlərin neftqazçıxarmada tətbiqi, dünyanın müxtəlif ölkələrində aparılan elmi-analitik tədqiqatlar, quma və duzçökməyə qarşı nanosistemin tətbiqi ilə təmirlərarası müddətin artım dinamikası və nanotexnologiyaların inkişaf dinamikası barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb və mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, texnika elmlər doktorları Fəhrad Paşayev, Qəmbər Quliyev, Asif Rzayev, r.e.d. İlqar Məmmədov və r.ü.f.d., dosent Ələkbər Axundov iştirak ediblər.

Tədbirdə AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək kifayət qədər mürəkkəb və aktual məsələ olan nanotexnologiyaların önəminə toxunub. Təqdim olunan tədqiqatı yüksək qiymətləndirən T.Əliyev bu barədə fikirlərini və təkliflərini səsləndirib.

İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov keçirilən seminarın bu sahədə aparılan tədqiqatların istiqamətinin müəyyənləşdirilməsi baxımından önəmli olduğunu qeyd edib. Ə.Sadıqov aparılan tədqiqatlarda digər müvafiq qurumlarla əməkdaşlıqlar, nanoməhsulların istehsalı və bu sahədə mövcud problemlər barədə fikirlərini səsləndirib.

Elmi seminarda riyaziyyat elmləri doktorları Tamilla Nəsirova, İlqar Məmmədov, t.e.d. Qəmbər Quliyev, riyaziyyat üzrə fəlsəfə doktorları Ələkbər Axundov və Könül Ömərova da mövzu ətrafında fikirlərini və təkliflərini səsləndirərək tədqiqatı yüksək qiymətləndiriblər.

Müəssisənin baş direktoru, akademik Əli Abbasov çıxış edərək notexnologiyaların tətbiqi ilə neftçıxarma prosesinin idarə edilməsinin təkmilləşdirilməsinin aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Ə.Abbasov məruzə ilə bağlı səsləndirilən fikirləri bir daha nəzərdən keçirərək tədqiqatın qarşısında duran gələcək vəzifələr və araşdırılması zəruri olan məsələləri qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: