Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2021 14:40
  • A-
  • A
  • A+

Hüseyn Cavidin yaradıcılığına həsr olunan interaktiv dərs keçirilib

Hüseyn Cavidin yaradıcılığına həsr olunan interaktiv dərs keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən muxtar respublikadakı orta ümumtəhsil məktəblərinin şagirdləri üçün “Hüseyn Cavid yaradıcılığında Şərq və Qərb” mövzusunda interaktiv dərs keçilib.

Tədqiqatçı əvvəlcə Naxçıvan ədəbi mühitinin layiqli yetirməsi, ədəbiyyatımızda zəngin yaradıcılıq irsi ilə seçilən şair-dramturq Hüseyn Cavidin həyatı, təhsil illəri, onun bir şəxsiyyət kimi formalaşmasında əməyi olan ziyalılar haqqında məlumat verib. “Lirik-fəlsəfi düşüncələr filosof şairin yaradıcılığında özünəməxsus yer tutur”, - deyən alim H.Cavidin yaradıcılığını dövrlər üzrə təhlil edib. Bildirib ki, yaradıcılığa klassik üslubda yazılmış qəzəllərlə başlayan H.Cavid sonralar poemalar, dram əsərləri və başqa ədəbi nümunələri ilə şöhrət qazanıb. O, Şərq poeziyası, xalq-aşıq şeiri ilə bağlı olan bir çox bədii elementləri yaradıcılığında əks etdirməklə yanaşı, əsərlərində Avropa xalqlarının yaradıcılıqlarından gələn bir sıra ənənələrə də yer verirdi. Hüseyn Caviddə bu ənənələrə meylin təməli İstanbul mühitində başlayıb, Avropa ölkələrinə səyahətlə dərinləşmişdi. İstanbulda təhsil aldığı illərdə dövrünün türk mütəfəkkirləri ilə tanışlığının gənc şairin yaradıcılığına böyük təsiri olmuş, bu təsirlərin nəticəsində əvvəlcə Şərq ədəbi ənənələri əsasında yazıb yaradan H.Cavid Şərq və Qərb maarifçiliyi və mədəniyyəti haqqında dərin təhlil aparan mütəfəkkir ruhlu şair kimi yetişmişdir.

Hüseyn Cavidin ədəbiyyatımıza gətirdiyi yeniliklərdən bəhs edən alim bildirib ki, sonet, türkü və marşları da Azərbaycan şeirinə ilk dəfə Hüseyn Cavid gətirib, əsərlərində Şərq və Qərb ənənələrinin vəhdətini yaradıb. Onun yaradıcılığında fəlsəfi düşüncələrlə yanaşı, mövzu, süjet və janr yenilikləri də mövcuddur.

Dərs zamanı dramaturqun bədii zənginliyi ilə seçilən “Ana”, "Şeyx Sənan", “İblis”, “Uçurum” və digər əsərlərini yığcam təhlil edən N.İsmayılova nümunələrlə Şərq və Qərb mövzusunu müqayisə edib. Ədəbiyyatımızda “Ana” obrazına əksər yazıçı və dramaturqlar tərəfindən müraciət olunsa da, Cavidin “Ana” obrazının başqalarından öz daxili aləminin zənginliyi, bəşəriliyi və humanizmi ilə fərqləndiyi vurğulanıb. Mövzu ilə bağlı təhlillər aparan alim həm H.Cavid yaradıcılığından, həm də onun zəngin bədii irsindən ilhamlanaraq əsərlər yazan ədiblərdən nümunələr gətirib, ətraflı izahlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: