Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

10.06.2021 12:46
  • A-
  • A
  • A+

Ölkəmizin nadir memarlıq incilərindən olan AMEA-nın tarixi binaları

Ölkəmizin nadir memarlıq incilərindən olan AMEA-nın tarixi binaları

Təkcə Qafqazda deyil, həmçinin Yaxın Şərqdə qədim şəhərlərdən biri hesab olunan Bakıda müxtəlif dövrlərdə çoxlu sayda tarixi-memarlıq abidələri ucaldılıb. Bu abidələr Şərq və Qərb memarlıq üslublarını özündə ehtiva edərək, hər zaman cazibədarlığı ilə seçilib, Bakını dünya memarlığının mərkəzlərindən birinə çevirib.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda milyonçular tərəfindən inşa etdirilmiş möhtəşəm binalar bu gün də öz gözəlliyini qoruyub saxlayır. Həmin tikililər sırasında hazırda Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, AMEA-nın bir sıra institut və təşkilatlarının, muzeylərinin yerləşdiyi binalar özünəməxsus yer tutur.

XX əsrin əvvəllərində tikilən və bu gün də memarlıq baxımından Bakıya xüsusi gözəllik verən abidələr sırasında hazırda AMEA Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binası xüsusilə fərqlənir. Tikildiyi dövrdən bu günə qədər xalqımızın tarixində zaman-zaman baş vermiş bir çox tarixi hadisələri özündə yaşadan, Azərbaycanın müstəqillik ideyalarının ilk dəfə səsləndiyi bu bina həm də tariximizin yaddaşıdır.

Bakı milyonçuları neft milyonçusu Ağamusa Nağıyevə vərəm xəstəliyinə tutularaq dünyadan erkən köçən oğlu İsmayılın xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirməsini təklif etmişdilər. Beləliklə, binanın əsası 1907-ci ildə qoyulub, yeni binanın layihəsini hazırlamaq mülki mühəndis İosif Ploşkoya həvalə olunub. “İsmailiyyə”nin tikintisi 1913-cü ildə başa çatıb və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınıb.

Memarlıq üslubu baxımından heyrətamiz tikili olan “İsmailiyyə”nin divarlarına həkk olunmuş naxışlar bu gün də insanlarda böyük maraq doğurur.

Azərbaycan şəhərsalma və memarlığının inkişafında keyfiyyətcə yeni dövr hesab olunan 1960-1970-ci illərdə Bakının ən görkəmli yerlərində şəhərin simasını müəyyən edən binalar, əzəmətli memarlıq abidələri ucaldılıb. Bunların böyük əksəriyyəti o zaman Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə layihələndirilərək tikilib.

Həmin dövrdə yaradılmış, paytaxtımızın görkəminə özünəməxsus gözəllik və müasirlik vermiş Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binası öz möhtəşəmliyi ilə hər kəsi valeh edir. AMEA və onun elmi-tədqiqat institutlarının böyük bir hissəsi məhz keçən əsrin 60-cı illərində memar Mikayıl Useynovun layihəsi əsasında tikilib. Binalar klassik və modern memarlıq xüsusiyyətlərini özündə birləşdirib.

Hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu kimi fəaliyyət göstərən – məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbi binasının layihə müəllifi 1892-1904-cü illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavskidir. Orta əsrlər Şərq memarlığının ən gözəl elementlərini özündə əks etdirən bu bina 1898-1901-ci illərdə inşa edilib.

1918-ci il dekabrın 7-də H.Z.Tağıyevin Qızlar məktəbinin binasında müsəlman Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılış mərasimi keçirilib. Həmin il iyunun 24-də Cümhuriyyətin bayrağı da məhz bu binada qəbul edilib. Beləliklə, milli maarifçiliyə xidmət məqsədilə inşa olunan bina Cümhuriyyətin qanunverici orqanının yerləşdiyi strateji əhəmiyyətli obyektə çevrilib. Burada 27 aprel 1920-ci il tarixinədək – Cümhuriyyətin süqutuna kimi parlamentin ümumilikdə 145 iclası keçirilib. Cümhuriyyət dövründə ilk dəfə təşkil olunan İstiqlal Muzeyi də məhz bu binada fəaliyyət göstərib.

1920-1937-ci illərdə görkəmli mütəfəkkir şair-dramaturq Hüseyn Cavid binanın üçüncü mərtəbəsində yaşayıb. 1982-ci ildə isə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu buraya köçürülüb. Hazırda binanın böyük hissəsində Əlyazmalar İnstitutu, üçüncü mərtəbənin mərkəzi hissəsində Hüseyn Cavidin ev-muzeyi, kənar hissəsində isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası fəaliyyət göstərir.

Tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuş AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina H.Z.Tağıyevin evi olub, Bakı şəhərinin baş memarı İ.V.Qoslavskinin layihəsi əsasında inşa edilib. Binanın simmetrik baş fasadı italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubdadır.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi memar Məşədi Qasım bəy Hacıbababəyovun layihəsi əsasında qotik üslubda tikilib. 1914-1915-ci illərdə memar A.A.Nikitin binanın layihəsində bir sıra dəyişikliklər etdikdən sonra burada “Metropol” oteli fəaliyyət göstərib. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin əməkdaşları burada yaşayıb və fəaliyyət göstəriblər. 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası bu binada yerləşib.

Muzeyin yaradılmasına XX əsrin 40-cı illərinin əvvəllərindən başlanılıb, Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilib.

Muzey “Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatirə muzeyinin təşkili haqqında” Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1939-cu il 1 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Memarlar Sadıq Dadaşov və Mikayıl Üseynovun layihəsi əsasında təmir işləri aparılıb, baş fasadda heykəllər quraşdırılıb və daha iki mərtəbə tamamlanıb. Binanın fasadında Azərbaycanın görkəmli şairləri və yazıçılarının (Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı) heykəlləri qoyulub. Sonradan Nizami xatirə muzeyi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilib.

1959 və 1967-ci illərdə muzey hərtərəfli bərpa edilib. Muzey 2004-2009-cu illərdə təmir və restavrasiya işləri aparılıb. Sərginin sahəsi 2500 kvadratmetrədək artırılıb.

Şərq və Qərb memarlığı ənənələri ilə tərtib edilmiş AMEA-nın Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçib, sonradan müxtəlif təşkilatlar orada yerləşib. 1924-1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926-1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936-1945-ci illərdə Subtropik bitkilərin təcrübə stansiyası, 1945-1964-cü illərdə Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun Təcrübə Bazası kimi, 1964-1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərib.

1966-1996-cı illərdə AMEA Nəbatat İnstitutunun elmi strukturuna daxil olub. Mərdəkan Dendrarisi 1996-cı ildən isə AMEA-nın Biologiya Elmləri Bölməsinə tabe edilib, ona hüquqi status verilib. 2014-cü ildən Dendrologiya İnstitutu adını alıb. Bu elmi müəssisə hazırda Dünya Botanika Bağlarının üzvüdür. 100-dən çox botanika bağı ilə əməkdaşlıq edir.

Ölkəmizdəki hər bir tarixi-memarlıq abidəsini, Bakının bugünkü görkəmini əks etdirən nadir memarlıq incilərini, o cümlədən AMEA-nın tabeliyində olan tarixi binaları milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların rolunu gücləndirmək və ölkəmizə gələn çoxsaylı qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək hər birimizin əsas vəzifələrindən biridir.

Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində sektor müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: