AMEA-nın “Elm TV” internet televiziyasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə www.qlobal.az saytının baş redaktoru Mübariz Məmmədov tərəfindən 2021-ci il iyunun 3-də ünvanlanan məktuba dair videosüjet yayımlanıb.
Süjetdə bildirilir ki, məktubda akademik Ramiz Mehdiyevin mayın 27-də keçirilən Ümumi yığıncaqdakı çıxışına toxunulub. Qeyd olunub ki, Akademiyada olan neqativ hallar əvvəlki illərdə olduğu kimi, indi də, bəzi elmi müəssisələrdə qalmaqdadır. Bu cür neqativ hallardan biri də elmi təşkilatların sifarişçi olduqları dövlət satınalmaları zamanı həyata keçirilir. Belə ki, şübhəli satınalmalardan biri də Akademiyanın tərkibində olan Ekologiya və Təbii Sərvətlər İnstitutunun sifarişçisi olduğu satınalmalardır.
Videosüjetdə bu məsələlərə aydınlıq gətirilir və www.qlobal.az saytında 2021-ci il iyunun 3-də dərc edilən məktuba cavab olaraq bildirilir ki, AMEA Gəncə Bölməsinin nəzdində Ekologiya və Təbii Sərvətlər İnstitutu fəaliyyət göstərmir.
Süjetdə, həmçinin qlobal.az saytının Ekologiya və Təbii Sərvətlər İnstitutunun 2021-ci ilin iyunun 2-də yekun vurduğu satınalmalarda ciddi şübhəli məqamlar olduğuna dair iddialarına cavab verilib. AMEA-nın Gəncə Bölməsinin İşlər idarəsinin müdiri Tahir Tağıyev yazılanlara aydınlıq gətirib. O bildirib ki, AMEA rəhbərinin göstərişi ilə bununla bağlı araşdırmalar aparılır, faktlar toplanılır.
Saytın rəhbərinin yazdığı məktubda göstərilir ki, AMEA-nın Ekologiya və Təbii Sərvətlər İnstitutunda tender keçirilib: “Qeyd edim ki, Gəncə Bölməsində bu adda institut fəaliyyət göstərmir və bölmədə ayrı-ayrı institutlar tender keçirmirlər. Tenderi ümumi bölmə aparır. Bu iş İşlər idarəsinə həvalə olunub. Bütün tenderlər kotirovkalarını İşlər idarəsi həyata keçirir”.
Videosüjetdə vurğulanır ki, Gəncə Bölməsində daim fəaliyyət göstərən tender komissiyası kotirovka və tender sorğuları nəticəsində qalib müəssisələri müəyyənləşdirir, yekun protokolları tərtib edir. Yekun protokollarda qalib müəssisənin tam adı, ünvanı, rəhbəri, telefonu, VÖEN-i, müəssisənin və işlədiyi bankın rekvizitləri, görüləcək işlər və alınacaq mallar göstərilməklə qeydiyyata alınmaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir. Sənədlər Ekspert Komissiyası tərəfindən yoxlanılır, hər hansı çatışmazlıq müəyyən edildikdə təsdiq olunmur.
“Elm TV”də yayımlanan videosüjeti təqdim edirik:
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.