Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.06.2021 14:23
  • A-
  • A
  • A+

Tarix Muzeyində Monqolustanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

Tarix Muzeyində Monqolustanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Monqolustanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bold Ravdan ilə görüş keçirilib.

Görüşün əsas məqsədi muzeydə qorunan XIII əsrə aid “Monqol” xələtinin replikasının səfir Bold Ravdana təqdim edilməsi və Monqolustan Azərbaycan beynəlxalq əlaqələrinin genişləndirilməsi olub.

Tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, elmi işlər üzrə direktor müavini, t.e.d. Nərgiz Əliyeva, direktor müavini, t.ü.f.d., dos., Məhfuzə Zeynalova, elmi katib, t.ü.f.d., dos., Fərhad Cabbarov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov, səfirin müşaviri Namxaybat Çerenqombo, konsulluğun əməkdaşı Faiq Ağayev və “Monqol” xələtinin  replikasını hazırlayan, milli geyimlər üzrə mütəxəssis Leyla Əliyeva iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik N.Vəlixanlı muzeyin beynəlxalq əlaqələrindən,  xaricdə keçirilən sərgilərdən və muzey kolleksiyalarından söhbət açıb. N.Vəlixanlı muzeydə qorunan “monqol” dövrü kolleksiyası haqqında geniş məlumat verib. Qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında tarixi ədəbiyyatda şərti olaraq “monqol” dövrü adlanan bu dövrə aid Azərbaycan şəhərlərindəki (Təbriz, Bakı, Bərdə, Beyləqan, Ərdəbil, Gəncə, Naxçıvan, Marağa, Qəbələ, Şamaxı və b.) zərbxanalarda kəsilən, üzərində atlı  təsviri, türkcə və ərəb-uyğur qrafikası ilə yazılar həkk olunan gümüş dirhəmlər, müxtəlif silah növləri, döyüş ləvazimatı, məişət əşyaları və s. saxlanılır.

Daha sonra səfir Bold Ravdan  Monqolustanın Azərbaycanla mədəni əlaqələri və elmi əməkdaşlığından söz açıb. Səfir, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə Monqolustan Elmlər Akademiyasının uzunmüddətli sıx əməkdaşlığı, həm Azərbaycan, həm də Monqolustan tarixini və mədəniyyətini əks etdirən birgə layihələr haqqında məlumat verib.

Görüş zamanı hər iki qurumun təşkilatçılığı ilə keçiriləcək yeni layihələr, elmi tədbirlər və Monqolustan muzeyləri ilə birgə sərgilərin təşkili, elmi tədqiqatların aparılması və bu istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbirin sonunda “Monqol xələti”nin replikası B.Ravdana təqdim edilib. Səfir bu işin ərsəyə gəlməsinə görə muzey rəhbərliyinə minnətdarlığını bildirib və təqdim olunan “Monqol xələti”nin cari ilə açılışı nəzərdə tutulan Çingiz xan Muzeyində (Monqolustan, Ulan-Bator şəhəri) layiqli yerini tutacağını xüsusi vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: