Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.06.2021 15:24
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəz Meksika ilə beynəlxalq əlaqələrini genişləndirir

Seysmoloji Mərkəz Meksika ilə beynəlxalq əlaqələrini genişləndirir

Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini və onun müavini Alberto Aura Gonzalez AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

Görüşdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi Şurasının sədri, akademik İbrahim Quliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, mərkəzin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli səfirə ötən ilin oktyabr ayında Mərkəzdə qonaq olduğunu xatırladaraq, tərəflər arasında növbəti görüşün keçirilməsi təşəbbüsünə görə minnətdarlıq edib. Baş direktor mərkəzdə görülən işlər haqqında qonaqlara ətraflı məlumat verib.

RSXM-nin beynəlxalq əlaqələrini genişləndirdiyini bildirən Qurban Yetirmişli deyib ki, Böyük Britaniyanın Oxford və Kembric Universitetləri ilə əməkdaşlığın qurulmasına dair bu ilin birinci yarısında çoxsaylı görüşlər və müzakirələr aparılıb. Yaxın vaxtlarda hər iki universitetin nümayəndələri Azərbaycana səfər edəcəklər. Baş direktor, həmçinin qonaqlara Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı da məlumat verib. 22 seysmik stansiyanın artıq ölkəmizə gətirildiyini bildirən Q.Yetirmişli bildirib ki, həmin stansiyaların 12-si palçıq vulkanlarının ətrafında quraşdırılacaq. Hazırda stansiyaların quraşdırılması istiqamətində intensiv iş gedir.

RSXM-nin baş direktoru görüşdə Qarabağda quraşdırılacaq seysmik stansiyalar haqqında da danışıb: “Biz 30 ildən sonra torpaqlarımızı işğaldan azad etdik və indi Qarabağda cənab Prezidentin rəhbərliyi ilə böyük quruculuq işləri başlanıb. İşğaldan əvvəl bizim Ağdam, Cəbrayıl və Kəlbəcərdə seysmik stansiyalarımız var idi. İşğal dövründə ermənilər orda hər şeyi dağıdıblar və siz özünüz də o dağıntılardan xəbərdarsınız. Bununla bağlı kifayət qədər görüntülər də var. Ona görə də indi biz azad olunmuş Qarabağımızda yeni seysmik stansiyalar quraşdıracağıq. Ümumilikdə, 2025-ci ilə qədər bu proses davam edəcək və Qarabağda RSXM tərəfindən 10 seysmik stansiya quraşdırılacaq. Həmin stansiyaları quraşdırdıqdan sonra biz orda kompleks seysmoloji tədqiqatlar aparacağıq”. 

Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini bildirib ki, Meksikanın Milli Muxtar Universiteti və Meksikanın Seysmoloji Mərkəzi Azərbaycan tərəfi ilə əməkdaşlıq etməyə dair öz təkliflərini göndəriblər. Seysmoloji tədqiqatların aparılması və palçıq vulkanlarının öyrənilməsi sahəsində Azərbaycan seysmoloqlarının təcrübəsinin Meksikada maraq doğurduğunu qeyd edən səfir ölkəsinin birgə əməkdaşlığa dair ekspertlər səviyyəsində müzakirələr aparılması və saziş imzalanmasını təklif etdiyini deyib.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev öz çıxışında Meksika universitetləri ilə əməkdaşlığın prioritetlərinə toxunarkən bunun həm böyük beynəlxalq layihələr çərçivəsində, həm də ikitərəfli müstəvidə mümkün olduğunu bildirib. AMEA-nın vitse-prezidenti, həmçinin qonaqlara Azərbaycanda palçıq vulkanlarının ətrafında seysmik stansiyaların quraşdırılmasından sonra palçıq vulkanlarının öyrənilməsində yeni bir mərhələnin başlanılacağını deyərək, bu istiqamətdə əməkdaşlığın tərəflər üçün faydalı olacağına ümidvar olduğunu deyib.

Müzakirələr zamanı Meksika universitetlərinin RSXM-nin Böyük Britaniyanın Oxford və Kembric universitetləri ilə həyata keçirəcəyi meqalayihəyə qoşulmasının  mümkünlüyü də istisna edilməyib. Müzakirələrin nəticəsi olaraq tərəflər əməkdaşlıq istiqamətlərinə dair təkliflərin hazırlanması və bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə ediblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: