Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də Azərbaycanda vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu barədə videosüjet yayımlanıb
18.06.2021 10:58
  • A-
  • A
  • A+

“Elm TV”də Azərbaycanda vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu barədə videosüjet yayımlanıb

“Elm TV” internet televiziyasında Azərbaycan alimlərinin ixtira etdiyi vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu barədə videosüjet yayımlanıb.

Videosüjetdə bildirilir ki, Azərbaycanda həyata keçirilən müvafiq dövlət proqramları çərçivəsində son illərdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan və tarixi uzaq keçmişə – V əsrə gedib çıxan baramaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

Süjetdə AMEA-nın İqtisadiyyat İnstitutunun Maliyyə, pul krediti şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Yaşar Məmmədov qeyd edib ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə dəstəyin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib.

Videosüjetdə, həmçinin vəhşi ipəkqurdunun ipəkçilik üçün yetişdirilməsi üsulunu ixtira edən tədqiqatçılardan olan AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçisi, AMEA-nın Zoologiya İnstitutunun dissertantı Zərintac Şükürova bildirib ki, əldə olunan elmi nəticə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli qərarı ilə “Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtirası kimi qiymətləndirilib və buna dair məlumatların Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc olunması haqqında ekspertiza rəyi verilib.

Vurğulanıb ki, ixtiranın yeniliyi ondan ibarətdir ki, Saturniidae ailəsinə aid olan “Saturnia pyri” vəhşi ipəkqurdunun məhz ipəkçilik üçün yetişdirilməsi ilə ondan yüksək davamlılıq qabiliyyətinə malik spesifik ipək alınıb. Vəhşi ipəkqurdunun liflərinin ənənəvi tut ipəkqurdunun ipəyi ilə müqayisədə, daha davamlı və iki dəfə daha möhkəm olduğu müəyyən edilib.

Z.Şükürovanın sözlərinə görə, 2019-cu ilin may ayında Şəki rayonun Baş şabalıd kəndi ərazisində yerləşən meşəliklərdə işıq tələsi vasitəsilə Saturniidae ailəsinə aid olan “Saturnia pyri” vəhşi ipəkqurdunun ilk cütü əldə edilib. Bu cütdən əldə olunan yumurtalara yemləmə prosesi həyata keçirilib və tədqiqatın ilk ilində xeyli sayda barama əldə olunub.

Süjetdə qeyd olunur ki, sözügedən ixtira elmi və təsərrüfat əhəmiyyətinə malik olmaqla “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Şəki Regional Elmi Mərkəzinə tapşırılmış Tədbirlər Planının “Baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi” istiqamətində yerinə yetirilən ilk tədqiqat işidir.

“Elm TV”də yayımlanan videosüjeti buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: