AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu və məruzəçisi barədə məlumat verib.
Seminarda sözügedən müəssisənin Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsinin aparıcı elmi işçisi, dosent Yunus Sadıqov “Qlobal ərzaq təhlükəsizliyi indeksinin əlçatanlıq subindeksi üzrə Azərbaycanın mövqeyi və onun yaxşılaşdırılması yolları (The Economics jurnalının hesabatı əsasında)” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi İngiltərənin “The Economist” jurnalı tərəfindən layihələndirilib, hesablanıb və tərtib edilib. Bu indeks 1996-cı ildən - Dünya Qida Sammitindən sonra 113 ölkə qrupu üzrə ərzaq məhsullarının mövcudluğu və yetərliliyi, keyfiyyəti kimi əsas məsələləri nəzərdən keçirir. İndeks həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdəki ərzaq təhlükəsizliyinin 26 göstəricisi əsasında kəmiyyət və keyfiyyət balı kimi müəyyən edilir. Tədqiqat üzrə ən yüksək qiymət 100 baldır. Tədqiqatın ümumi məqsədi ölkələr üzrə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirməkdir.
Azərbaycan 2018-ci ildə Ərzaq təhlükəsizliyi indeksində 113 ölkə üzrə 58,2 balla 56-cı yerdə qərar tutub. Asiya və Sakit okean hövzəsi ölkələri (23 ölkə) içərisində isə 9-cu yerdə qərarlaşıb. Bu indeks üzrə son 7 ildə (2012-2018) reytinqimiz 12,7 bal, 2017-ci ilə nisbətən isə 0,4 bal artıb. Həmçinin son 7 ildə 45,5 baldan 58,2 bala yüksəlib, reytinq cədvəlində 67-ci yerdən 56-cı yerə qalxıb. Ölkənin ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillər - ölkədə ərzaq məhsullarının istehsal səviyyəsi, ərzaq məhsullarının istehsalının iqtisadi cəhətdən sərfəliliyi, ərzaq məhsulların qiymətlərinin səviyyəsi, əhalinin alıcılıq qabiliyyəti, əhalinin gəlirləri və orta aylıq əmək haqqı səviyyəsi, dövlət tərəfindən aztəminatlı təbəqələrə verilən güzəştlər və müavinətlər, dövlətin ərzaq ehtiyatları və sairdir.
Y.Sadıqov qeyd edib ki, hesabatı hazırlayan təşkilat ölkələr üzrə ərzaq təhlükəsizliyi indeksini 3 əsas kateqoriya üzrə hesablayır - əlçatanlıq, mövcudluq, keyfiyyət və təhlükəsizlik. Əlçatanlıq subindeksi üzrə reytinqdə Azərbaycan 61 balla 54-cü yerdədir. Bu subindeksin ərzaq təhlükəsizliyi indeksində çəkisi 40%-dir. Mövcudluq subindeksi üzrə reytinqdə Azərbaycan 61 balla 51-ci yerdədir. Bu subindeksin ərzaq təhlükəsizliyi indeksində xüsusi çəkisi 44%-dir. Keyfiyyət və təhlükəsizlik subindeks üzrə reytinqdə isə ölkəmiz 43,4 balla 86-cı yerdədir. Bu subindeksin də əsas indeksə təsiri 16%-dir.
Məruzəçi Y.Sadıqov Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması üzrə təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.