İyunun 23-də Moskva şəhərində AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın akademik-katibi, akademik Arif Həşimov Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevlə görüşüblər.
Müşavirədə REA-nın vitse-prezidenti, akademik Yuri Baleqa və REA Rəyasət Heyəti aparatının əməkdaşları da iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Dövlət Komissiyasının 19-cu iclasının tapşırıqlarının yerinə yetirilməsi, həmçinin 2019-cu ildə akademiyalar arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin yerinə yetirilməsinə dair yol xəritəsinin (tədbirlər planının) formalaşdırılması məsələləri müzakirə olunub. İlkin razılaşmalara əsasən, iqlimşünaslıq və geofizika, tibb, kosmik tədqiqatlar, humanitar elmlər və digər sahələrdə ikitərəfli layihələrin həyata keçirilməsi planlaşdırılıb.
Bundan başqa, tərəflər cari ilin avqustunda keçiriləcək İkinci Xəzər İqtisadi Forumu çərçivəsində “Xəzər beşliyi” ölkələrinin elmlər akademiyaları və elmi təşkilatlarının müştərək elmi tədqiqatlara dair müşavirəsinin təşkili və 2022-ci ildə “Sərhədsiz elm: Xəzər perspektivi” mövzusunda Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq foruma hazırlıq məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, hazırda Xəzəryanı dövlətlər tərəfindən Xəzər dənizində elmi tədqiqatların həyata keçirilməsi sahəsində Əməkdaşlıq sazişi layihəsinin hazırlanması üzrə işlər aparılır. Müşavirə zamanı Azərbaycan və Rusiya alimləri gələcək sazişin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığın perspektivlərinə dair də fikir mübadiləsi aparıblar.
Görüşün sonunda akademik Aleksandr Sergeyev AMEA nümayəndələrini 2021-ci ilin sonunda keçiriləcək REA-nın 300 illiyinə həsr edilən MDB, Baltikyanı ölkələr və Gürcüstanın gənc alimlərinin beynəlxalq forumunun tədbirlərinə qatılmağa dəvət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.