Elm Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-məktəb kompleksində yuxarı sinif şagirdləri ilə görüş keçirib.
Görüş bir neçə mərhələdən ibarət olub. Əvvəlcə İ.Mustafayev “Yaşıl dünya naminə həmrəylik ilində COP29-a doğru” adlı məruzəni təqdim edərək məktəblilərə ölkəmizin əsas ekoloji problemləri və onların həllində məktəblilərin iştirakı imkanlarından bəhs edib. Sonra qabaqcıl şagirdlərin “Sabahın alimləri” layihə müsabiqəsində iştirak etməsi üçün institutun aparıcı mühəndisi Namiq Heydərov tərəfindən layihələrin təqdimatı olub. Üçüncü mərhələdə İ.Mustafayevin rəhbərliyi ilə Balaharı çayı yatağında və su anbarında radioekoloji monitorinq həyata keçirilib. Son mərhələdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin dekan müavini dosent Etibar Quliyev, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Emil Qafarov və Geomatika kafedrasının baş müəllimi Ramal Dənziyevin iştirakı ilə şagirdlərlə ixtisas seçimi mövzusunda geniş müzakirələr aparılıb.
Vurğulanıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə, eləcə də bütövlükdə ölkəmizdə yol-tikinti infrastrukturunun inkişafına və istehsalatda çalışan insanların sağlamlığına, əməyin təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə böyük diqqət yetirilir. Alimlər məktəbin yuxarı sinif şagirdlərini bu ixtisaslar üzrə AzMİU-da təhsil almağa dəvət ediblər.
Qeyd edək ki, məktəbdə ölkəmizin bütün bölgələrindən seçilmiş şagirdlər təhsil alırlar. Burada şagirdlərin yüksək səviyyədə təhsil alması, fiziki cəhətdən inkişafı və dünyagörüşünün kamilləşməsi üçün hər cür şərait yaradılıb. Keçən tədris ilində layihə müsabiqəsində şagirdlərin 3 layihəsi gümüş medal qazanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.