Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2021 15:39
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu Azərbaycan Tibb Universiteti ilə birgə tədqiqatlar aparacaq

Aşqarlar Kimyası İnstitutu Azərbaycan Tibb Universiteti ilə birgə tədqiqatlar aparacaq

AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

AKİ-nin baş direktoru, akademik Vaqif Fərzəliyev və ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən imzalanmış sənəddə tərəflər arasında akademik mübadilələr və birgə elmi-tədqiqat işlərinin aparılması, elmi konfransların qarşılıqlı təşkili, elmlə təhsilin vəhdətinin yaradılması əsas məqsəd olaraq müəyyənləşdirilib.

Qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün iyunun 24-də Aşqarlar Kimyası İnstitutunda tədbir keçirilib.

Tədbirdə çıxış edən akademik Vaqif Fərzəliyev bildirib ki, AKİ-nin əsas fəaliyyət istiqamətini sürtkü materiallarının istismar xassələrini yaxşılaşdıran aşqar və sürtkü kompozisiyalarının yaradılması təşkil etsə də, digər bir istiqamət patoloji proseslərə qarşı fizioloji fəal maddələrin sintezi və funksional xassələrinin tədqiqi ilə bağlıdır: “Bu tədqiqatları sovet dövründə də aparmışıq, hətta tibb sahəsində tətbiq olunan mühüm nəticələrimiz olub. Son illərdə isə dünyanın bir sıra aparıcı ölkələrinin elm mərkəzləri ilə bu istiqamətdə müştərək beynəlxalq tədqiqatlar aparırıq və əldə edilən mühüm nəticələr impakt faktorlu, nüfuzlu xarici jurnallarda dərc olunur və onlara çox sayda istinadlar edilir”.

V.Fərzəliyev vurğulayıb ki, ölkə daxilində də elm və təhsil müəssisələrinin əməkdaşlıq etməsi məqsədəuyğundur və kimya, tibb, biologiya elmlərini təmsil edən qurumların əməkdaşlığı olduqca vacibdir.

Sonra ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Eldar Qarayev rəhbərlik etdiyi kafedrada həyata keçirilən elmi tədqiqatlar haqqında məlumat verərək diqqətə çatdırıb ki, AKİ-də sintez olunan fizioloji fəal maddələrin ATU-nun müvafiq laboratoriyalarında analiz edilməsi, ATU-nun Ümumi və toksikoloji kimya kafedrasında alınan bitki mənşəli maddələrin kimyəvi molifikasiyası istiqamətində beynəlxalq səviyyəli elmi işlərin yerinə yetirilməsi, bununla da əldə ediləcək mühüm elmi nəticələrin müxtəlif konfrans və simpoziumlarda məruzə edilməsi, eyni zamanda nüfuzlu xarici jurnallarda işıq üzü görməsi hər iki müəssisəyə böyük töhfələr vermiş olacaq.

O bildirib ki, bu müqavilə tərəflərin mövcud elmi, elmi-texniki materialların və digər informasiyaların öyrənilməsi və tətbiq edilməsi məqsədilə məlumatların ötürülməsinə və qarşılıqlı təcrübə mübadilələrinin aparılmasına əlavə imkanlar açacaq.

Daha sonra sözügedən kafedranın professoru, kimya elmləri doktoru Fikrət Quliyev qeyd edib ki, birgə əməkdaşlıq çərçivəsində tibb, əczaçılıq və kimyanın müxtəlif sahələri üzrə ixtisaslaşmış tələbə və magistrantların fərdi və ya qrup halında qarşılıqlı təcrübə keçmələrinə, hər iki müəssisənin yüksək ixtisaslı kadrla təminatına fayda verəcək.

Sonda tərəflər sentyabr-oktyabr aylarında mövcud və gələcək perspektiv imkanların müzakirəsini nəzərdə tutan birgə elmi seminarların keçirilməsini razılaşdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: