Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Qalib ordunun tarixi zəfəri
25.06.2021 11:36
  • A-
  • A
  • A+

Qalib ordunun tarixi zəfəri

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir. Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O zamanlar Rusiya İmperiyasının müsəlman xalqlarına münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. Erməni təcavüzünün gücləndiyi 1917-1918-ci illərdə Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə təcili olaraq ordu quruculuğuna başlamaq tələb olunurdu. Bununla əlaqədar olaraq 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmış, avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edilmişdir. Hərbi Nazirliyə istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilməsi ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Xaricdən və eləcə də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi.

Sovet vaxtı çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar, amma onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Bunların məqsədi azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Lakin ulu öndər Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Bu məktəblərdə yetişən cəsur Azərbaycan hərbçiləri Birinci Qarabağ və Vətən müharibələrində misilsiz igidliklər göstərmişlər. Əlbəttə ki, bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi. H.Əliyev Azərbaycanda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi və cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycan Respublikası Silahlı Qüvvələrimizin şəxsi heyəti sələflərimiz tərəfindən başlanan müqəddəs işi layiqincə davam etdirir və müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni parlaq səhifələr yazır.

Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olunmuş, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaratmışdır.

Belə ki, Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birləşmə və bölmələrində şəxsi heyətin intizamı yüksəlmiş, hərbi nizamnamələrin tələblərinə riayət olunması bərpa edilmişdir. Görülmüş bu işlər sayəsində orduya çağırılan gənclərin az bir müddətdə əsl hərbçi kimi hazırlanmasına və formalaşmasına imkan yaratmış, müxtəlif hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün təlim mərkəzlərində gərgin işlər aparılmış, lazımi maddi-texniki baza və şərait yaradılmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasında da Silahlı Qüvvələrlə və vətənin müdafiəsi ilə bağlı maddələr öz əksini tapmışdır.

9-cu maddədə Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaratdığı, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu vurğulanır. Konstitusiyanın 76-cı maddəsində isə vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu, onların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi bir-birinin ardınca qanunlar qəbul etdi və onları təkmilləşdirmək məqsədilə əvvəllər qəbul edilmiş hüquqi aktlara dəyişiklik və əlavələr etdi.

Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün bütün imkanlardan istifadə edilir. Uzun illərdir biz ölkəmiz üçün ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün çalışırdıq. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altında idi. Lakin Azərbaycan xalqının çoxdan gözlədiyi gün gəlib çatdı. Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə çaldı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu qələbəni dəmir yumruqla qazandıq. Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə apardı. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü, şəhidlərimizin qanı ilə azad etdik.

İkinci Qarabağ müharibəsi dövründə xalqımız Prezidentimiz və ordumuz ətrafında sıx birləşdi, möhkəm yumruq olduq. Düşmən üzərində tarixə yazılacaq qələbə çaldıq və 30 il işğalda olan 20% torpaqlarımızı azad  etdik. Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat yavaş-yavaş bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar. Yaşadığımız bu qələbəyə və bu böyük sevinc hissinə görə ordumuza, Ali Baş Komandanımıza nə qədər minnətdar olsaq azdır.

Fərid MUSTAFAYEV, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: