AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən “Vikipediya” virtual ensiklopediyasına müəssisənin fəaliyyəti, əməkdaşların elmi əsərləri, eləcə də biologiya elmi haqqında məqalələr, tariximizi əks etdirən yazı və videoçarxlar, fotovideo materiallar daxil edilib, viki-monitorinq işləri həyata keçirilib. Ümumilikdə üç mindən artıq məqalə vikiləşdirilib və redaktələr olunub.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəbinin müəllim və tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulan beşcildlik “Azərbaycan dendroflorası”, “Azərbaycanın nadir ağac və kol bitkiləri”, “Gülçülük ensiklopediyası” və “Abşeronun ağac və kolları” kitabları vikiləşdirilib.
Qeyd edək ki, Dendrologiya İnstitutunda çalışan gənc alim və mütəxəssislərin iştirakı ilə viki-qruplar təşkil olunub. Seminarlarda institutun əməkdaşlarına toplanmış informasiyaların, alimlərimizin kitab və elmi əsərlərinin “Vikipediya”nın tələb və standartlarına uyğun viki-səhifələrdə yerləşdirilməsi öyrədilir. Hazırda müəssisənin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən dahi şəxsiyyətlərimiz, elmimiz, milli mənəvi dəyərlərimiz və Qarabağımız haqqında məqalələrin yaradılması prosesi davam edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.