Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.06.2021 15:39
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini beynəlxalq forumda məruzə ilə çıxış edib

İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini beynəlxalq forumda məruzə ilə çıxış edib

Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyində (MDB) informasiya təhlükəsizliyinin təmin olunması üzrə Beynəlxalq Ekspert Forumu keçirilib.

MDB ölkələrindən 60 ekspertin qatıldığı onlayn tədbirdə informasiya təhlükəsizliyi sahəsində son tendensiyalar, rəqəmsal iqtisadiyyatın inkişafı kontekstində informasiya təhlükəsizliyinin təmin edilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək cinayətlərlə mübarizə, informasiya mühitində insan hüquq və azadlıqlarının qorunması kimi mövzularda müzakirələr aparılıb.

Tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Şakir Mehdiyev də iştirak təmsil edib.

Forumda Ş.Mehdiyev “Rəqəmsal iqtisadiyyatın təhlükəsizliyinin təmin edilməsi problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanda informasiya təhlükəsizliyi siyasətinin reallaşdırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Rəqəmsal iqtisadiyyatın formalaşdırılmasının vacib şərtlərini şərh edib. İqtisadi təhlükəsizliyin milli təhlükəsizlik sistemində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Rəqəmsal iqtisadiyyatın baza texnologiyalarının təhlükəsizlik məsələlərinə diqqət yönəldib. İqtisadi infrastrukturun, iqtisadi sistemlərin, o cümlədən maliyyə sisteminin, eləcə də rəqəmsal iqtisadiyyat obyektlərinin informasiya təhlükəsizliyi ilə bağlı əsas təhdidlər haqqında məlumat verib. Məruzəçi çıxışının sonunda rəqəmsal iqtisadiyyatın təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra təkliflər irəli sürüb.

Qeyd edək ki, tədbirdə MDB ölkələrində kibercinayətlərlə mübarizə üzrə təhlillər aparan və təkliflər hazırlayan elmi-tədqiqat mərkəzinin yaradılması təklif olunub.

Forumun sonunda MDB çərçivəsində informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı yekun sənəd qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: