Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.07.2021 17:56
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda cari ildə əldə olunan nailiyyətlər müzakirə edilib

Ədəbiyyat İnstitutunda cari ildə əldə olunan nailiyyətlər müzakirə edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2021-ci ilin I yarısının nəticələrinə həsr olunan hesabat iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, Elmi şuranın sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. İclasda Ədəbiyyat İnstitutunun yarımillik hesabatının dinləniləcəyini deyən akademik əlavə edib ki, artıq “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin dördüncü cildi nəşr edilib, bundan başqa, Türkiyədə yayımlanan “Qardaş qələmlər” dərgisinin bir sayı Nizami Gəncəviyə həsr olunub.

Sonra institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Məhəmmədəli Mustafayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qurumun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sadıqoğluna 90, Ofeliya İsmayılovaya isə 80 illik yubileyləri münasibətilə Fəxri fərman verilib.

Həmçinin “Qarabağ zəfərinin ildönümünün qeyd olunmasına hazırlıq” və “Görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Abbas Zamanovun 110 illik yubileyinin qeyd edilməsi” haqqında məsələlər müzakirə edilib.

Daha sonra müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2021-ci il üzrə yarımillik elmi hesabatı”nı iştirakçıların diqqətinə çatdırıb. O qeyd edib ki, koronavirus pandemiyasına baxmayaraq, 2021-ci ilin I yarısı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olub. Məruzəçi ölkə başçısının Fərman və sərəncamlarının icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi haqqında da məlumat verib. Həmçinin keçirilmiş tədbirlər, nəşr olunmuş kitablar, elmi tədqiqat işləri, elektron elmin vəziyyəti, institutun nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə çap olunmuş məqalələr, institut tərəfindən keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər və s. barədə ətraflı məruzə edib.

Sonda Beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova “İnstitutun beynəlxalq əlaqələr üzrə fəaliyyətinin 2021-ci il üzrə yarımillik hesabatı”nı təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: