Yunus Əmrə simpoziumu
Türkiyənin paytaxtı Ankara şəhərində böyük türk şairi Yunus Əmrənin vəfatının 700 illiyinə həsr olunmuş “Türkcənin Anadoluda yazı dili kimi formalaşması” mövzusunda beynəlxalq simpozium keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli də iştirak edib.
Türk Dil Qurumunun əsas təşkilatçısı olduğu simpoziumda akademik İsa Həbibbəyli “Yunus Əmrə irsinin Azərbaycanda tədqiqi və nəşri məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Akademik İsa Həbibbəyli məruzəsinin əvvəlində Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin və “Bir millət, iki dövlət” tezisinin Azərbaycanın Zəfər savaşında ən yüksək səviyyədə isbat olunduğunu qeyd edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və 85 milyonluq türk xalqının 44 günlük savaşda və ondan sonrakı dövrdə mütəmadi olaraq Azərbaycana dəstəyinə görə öz dərin minnətdarlığını bildirib.
AMEA rəsmisi Azərbaycanda Yunus Əmrə irsinin tədqiqi sahəsində görülən işlərdən və Ədəbiyyat İnstitutunun “Yunus Əmrə ili” çərçivəsində yerinə yetirilən planları ilə bağlı məlumat verib. Yunus Əmrənin hesab edilən çoxsaylı məzarlarından birinin Azərbaycanda olmasını xüsusi qeyd edən akademik bu amilin də qardaşlığımızı simvolizə etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq Ədəbiyyat İnstitutu tərəfindən Yunus Əmrə oçerk kimi (müəllifi: akademik İsa Həbibbəyli) “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinə (III cild) daxil edilib.
TÜRKSOY-un 28-ci ildönümü tədbiri
Akademik İsa Həbibbəyli Ankara səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi prof. Dusen Kaseinovun dəvəti ilə bu qurumun yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə də iştirak edib.
Azərbaycanlı alim TÜRKSOY-un türk dünyasının UNESCO-su olduğunu, türk mədəniyyətinin təkcə türk dövlətləri arasında deyil, dünyada təbliği istiqamətində böyük işlər həyata keçirdiyini bildirib. Türk xalqlarının, onların zəngin mədəniyyətinin təbliğində TÜRKSOY-un baş katibi prof. Dusen Kaseinovun şəxsi nüfuzunu mühüm amil kimi qeyd edən akademik İsa Həbibbəyli ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.
Tədbirdə Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan elm adamları, o cümlədən Azərbaycandan akademik Nizami Cəfərov və fil.f.d., dos. Mehman Həsənli çıxış edərək TÜRKSOY-u təbrik ediblər.
Sonra böyük qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş medalı TÜRKSOY-un baş katibi Dusen Kaseinov akademik İsa Həbibbəyliyə və akademik Nizami Cəfərova təqdim edib.
Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq jurnalının bir sayının Abay Kunanbayevə həsr olunduğunu söyləyib.
Avrasiya Yazıçılar Birliyində görüş
Ankara səfəri çərçivəsində akademik İsa Həbibbəyli Avrasiya Yazıçılar Birliyini də ziyarət edib.
Xatırladaq ki, Avrasiya Yazıçılar Birliyinin nəşr etdiyi “Qardaş qələmlər” dərgisinin bir sayı tamamilə Nizami Gəncəviyə həsr olunub və bu buraxılış Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birlikdə hazırlanıb.
Avrasiya Yazıçılar Birliyində keçirilən tədbirdə qurumun rəhbəri Yaqup Öməroğlu çıxış edərək qonaqları salamlayıb və “Qardaş qələmlər”in Nizami Gəncəvi buraxılışı ilə bağlı məlumat verib.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli Avrasiya Yazıçılar Birliyinin Türkiyədə və ümumilikdə türk dünyasında ortaq ədəbiyyatımızın təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Qurumun nəşri olan “Qardaş qələmlər” dərgisinin dünyanın bir çox ölkələrində ortaq mədəniyyətimizi təbliğ etdiyini vurğulayan İ.Həbibbəyli Nizami Gəncəvi sayına görə dərginin heyətinə bir daha öz dərin minnətdarlığını bildirib. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin çap olunmuş 4 cildini, özünün müəllifi olduğu “Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyasını Yakub Ömeroğluna təqdim edib.
Tədbirdə Kastamonu Universitetinin ədəbiyyat bölümünün başqanı prof. Dr. Orhan Söyləməz, AzərTac-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtlı, fil.f.d., dos. Mehman Həsənli və Avrasiya Yazıçılar Birliyinin üzvü olan Türkiyənin tanınmış yazıçıları çıxış edərək öz fikir və təəssüratlarını bölüşüblər.
Tədbirdə, həmçinin Ədəbiyat İnstitutunun elan etdiyi “Ədəbiyyat İnstitutunun fəxri dostu” mükafatı Yaqub Öməroğluna, “İlin alimi” mükafatı isə Orhan Söyləməzə təqdim edilib.
Qeyd edək ki, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ankara görüşləri məzmunu baxımından olduqca zəngin və əhəmiyyətli olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.