Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.07.2021 16:41
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda beynəlxalq Yunus Əmrə Simpoziumu keçirilib

Şərqşünaslıq İnstitutunda beynəlxalq Yunus Əmrə Simpoziumu keçirilib

İyulun 16-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və  Mehmet Akif Ərsoy Vəqfinin birgə təşkilatçılığı ilə “XXI əsrdə Yunus Əmrəni anlamaq” mövzusunda beynəlxalq Yunus Əmrə Simpoziumu keçirilib. Onlayn şəkildə “Zoom” vasitəsilə təşkil edilən simpoziumun işində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Bosniya və Herseqovina və Misirdən 60-dan çox alim iştirak edib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq simpoziumun əhəmiyyətini vurğulayaraq, XIII əsr türk ədəbiyyatının görkəmli nümayəndəsi olan Yunus Əmrənin sadəcə türk xalqları üçün deyil, dünya xalqları arasında da sevilən və şöhrət qazanan böyük şair olduğunu vurğulayıb. Akademik İ.Həbibbəyli Yunus Əmrə yaradıcılığına Azərbaycanda böyük maraq olduğunu, müstəqillik illərində böyük şairin əsərlərinin ölkəmizdə geniş şəkildə nəşr və tədqiq olunduğunu qeyd edərək, Türkiyədən sonra Yunus Əmrə yaradıcılığının ən çox Azərbaycanda araşdırıldığını bildirib. Akademik Azərbaycanda Yunus Əmrənin lirikasına və dilinə həsr olunan dissertasiya və monoqrafiyaların yazıldığını diqqətə çatdırıb.

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Yunus Əmrənin ideya və yaradıcılığı ilə öz dövrünü aşaraq günümüzəcən yaşayan böyük şair olduğunu deyib. O, türk təsəvvüf xalq ədəbiyyatının müstəsna siması olan Yunus Əmrənin yaradıcılığının öz təravətini, qüdrətini və dərin mənasını bugünəcən qoruyub saxladığını qeyd edib: “Yunus Əmrə eşq, insan sevgisi, şəfqət, mərhəmət, səbr kimi tarix boyunca yaşamış və yaşayacaq olan məfhumları canlı şəkildə dilə gətirib. O, adi insan duyğu və düşüncələrini ən gözəl və ən təsirli şəkildə tərənnüm etdiyi üçün yaşayan və bundan sonra da əsrlər boyu yaşayacaq olan bir şəxsiyyətdir”.

Akademik G.Baxşəliyeva Yunus Əmrənin mühitinin, yaşadığı dövrün sosial-siyasi vəziyyətinin və şeirlərinin dərinliyinin tədqiqatçılar tərəfindən dərindən araşdırılmalı olduğunu qeyd edib: “Yunus Əmrə şəxsiyyəti və yaradıcılığı yeni məlumatlar işığında təkrar-təkrar tədqiqata cəlb edilməlidir. Bu məqsədlə Mehmet Akif Ərsoy Vəqfi ilə birlikdə təşkil etdiyimiz simpozium şairin əsərlərinin yenidən tədqiqinə, dil və üslubunun öyrənilməsinə, təsir dairəsinin, mühitinin, yaşadığı dövrə aid yeni fikirlərin ortaya çıxarılmasına, gənc nəsillərə tanıdılmasına xidmət edəcək”.

Simpoziumun türk dünyasının elm və mədəniyyətinə faydalı olmasını arzulayan alim tədbirə qatılan hər bir iştirakçıya uğurlar diləyib.

Sonra Mehmet Akif Ərsoy Vəqfinin direktoru Mehmet Cemal Çiftçigüzeli simpoziumun təşkilinə görə, akademik İsa Həbibbəyliyə və akademik Gövhər Baxşəliyevaya təşəkkürünü bildirib. Vəqfin rəhbəri Yunus Əmrənin türk ədəbiyyatı tarixində müstəsna yerini qeyd edərək, onun yaradıcılığından, bu yaradıcılığa təsir edən yaşadığı mühitdən danışıb. O, Yunus Əmrənin Azərbaycana qədər gəlib çıxdığını, Təbrizdə, Naxçıvanda, Şamaxıda olduğunu qeyd edib.

Sonra simpoziumda 35-ə yaxın məruzə dinlənilib. Yunus Əmrə irsinin məşhur türkiyəli tədqiqatçısı, professor Mustafa Tatçı “Türkiyədə Yunus Əmrə tədqiqatlarının tarixi” mövzusunda məruzə edib. M.Tatçı məruzəsində Türkiyədə və dünyada Yunus Əmrə yaradıcılığının araşdırılması ilə bağlı məlumatları paylaşıb, Türkiyədə aparılan araşdırmalardan geniş bəhs edib.

Daha sonra tədbirə Fransadan qatılan yazıçı-publisist Leyla İpekçinin “Bir yazarın qələmindən Yunus Əmrə”, akademik Gövhər Baxşəliyevanın “Əsrlərdən günümüzə səslənən Yunus Əmrə”, Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayevin “Yunus Əmrə və özbək divan ədəbiyyatında Xoca Əhməd Yəsəvi təsiri”, Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, f.ü.f.d. Səriyyə Gündoğdunun “Sosial məsələlərə yanaşma baxımından Yunus Əmrə və Mehmet Akif  Ərsoy”, Qazaxıstanın Astana Universitetinin professoru Şakir İbrayevin “Yunus Əmrənin şeirlərində “trans” halı”, Bosniya və Herseqovinanın Sancaq Mədəniyyət Mərkəzindən Almira Suljeviçin “Yunus Əmrənin bosniya dilinə tərcümələri”, Misirin Ayn-Şəms Universitetinin professoru Hafız Müntəzirin “Yunus Əmrənin ərəbcə tərcümələri” mövzularında və s. məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: