AMEA-nın Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “Ziyalı işığında” Ramazan Qafarlı - 70 Beynəlxalq İctimai və Mədəni Elmlər” konfransı keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, daha sonra Ramazan Qafarlı haqqında videoçarx nümayiş etdirilib.
Konfransın plenar iclasını açan Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, Ramazan Qafarlı daha çox folklorşünas alim kimi tanınsa da, sözün həqiqi mənasında yalnız şifahi ədəbiyyatın deyil, həm də yazılı ədəbiyyatın problemləri ilə ciddi şəkildə məşğul olan tanınmış mütəxəssisdir: “Onun vaxtilə Nizami və Bəxtiyar Vahabzadə ilə bağlı sanballı monoqrafiyalarının çap olunması çox şeydən xəbər verir. Ramazan Qafarlı bədii sözün problemləri ilə bağlı ciddi tədqiqatlar aparıb və bu müstəvidə araşdırmalarını bu gün də davam etdirir. O, 30 ilə yaxın müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Ramazan Qafarlı, həmçinin vaxtilə bir neçə qəzet və jurnal təsis edib, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində Dədə Qorqud tədqiqat mərkəzinin müdiri olub, 2015-ci ildən isə fəaliyyətini Folklor İnstitutunda davam etdirərək Dədə Qorqud şöbəsinə və “Dədə Qorqud” dərgisinə rəhbərlik edir”.
Daha sonra AMEA Rəyasət Heyətinin elmi katibi, dosent Sərxan Xavəri, Folklor İnstitutunun əməkdaşları – professor Seyfəddin Rzasoy, filologiya üzrə elmlər doktorları Nizami Muradoğlu, İslam Sadıq, dosentlər Əziz Ələkbərli, Ağaverdi Xəlil, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, fil.ü.f.d. Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin baş müəllimi Bəsirə Abbasova, ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev, ADPU-nun Şəki filialının kafedra müdiri, dosent Ulduz Mürşüdova, Bakı Dövlət Universitetinin dosenti Etibar Talıblı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor Rüstəm Kamal və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) rəhbəri Dr. Mustafa Əmək Lətif çıxış edərək professor Ramazan Qafarlının yaradıcılığına toxunub, yubilyarı təbrik ediblər.
Tədbirdə çıxış edən Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, “Dədə Qorqud” jurnalının baş redaktoru, ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, fil.e.d. Ramazan Qafarlı bildirib ki, tələbəlik illərində və ümumiyyətlə, yaradıcılığında İsmayıl Şıxlı və Bəxtiyar Vahabzadə böyük rol oynayıblar. Konfransın təşkilinə və xoş sözlərə görə minnətdarlığını bildirən alim tədbirin onun qarşısında böyük öhdəliklər qoyduğunu və bundan sonra da əzm, məsuliyyət və dəqiqliklə çalışacağını söyləyib.
Plenar iclasın sonunda Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) tərəfindən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyliyə, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanova, professor Ramazan Qafarlıya və İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi Əlvan Cəfərova simvolik hədiyyələr təqdim olunub.
Plenar iclasdan sonra konfrans öz işini 6 bölmədə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.