Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Milli Mətbuat Günündə şəhid jurnalistlərimizin əziz xatirəsini ehtiramla yad edirik!
22.07.2021 14:32
  • A-
  • A
  • A+

Milli Mətbuat Günündə şəhid jurnalistlərimizin əziz xatirəsini ehtiramla yad edirik!

Müstəqilliyimizin ilk illərindən etibarən Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində xalqımız həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı minlərlə şəhid verib. Onlar arasında Vətən müharibəsinə cəlb edilən, döyüşlərdə iştirak edən, cəbhə xəttinə göndərilən və vəzifə öhdəliklərini yerinə yetirərkən şəhidlik zirvəsində yüksələn jurnalistlərimiz də var.

Qarabağ münaqişəsinin başladığı ilk günlərdən düşmənin işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparan və bu çətin missiyanı uğurla icra edən ölkə jurnalistləri təkcə qələmləri ilə deyil, həm də əllərində silah torpaqlarımızın müdafiəsinə qalxıblar.

22 İyul – Milli Mətbuat və Jurnalistika Günündə bu qəhrəmanları yad etmək, şəhidlərimizin əziz xatirəsinə böyük ehtiram nümayiş etdirmək mətbuat işçilərilə yanaşı, həm də hər bir azərbaycanlının borcudur. Bu mübarizədə canını qurban verən neçə-neçə jurnalistin ömür yolu milli jurnalistikamızın şanlı səhifələrinə yazılıb. Peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olan həmkarlarımızın adları Azərbaycanın Qarabağ zəfərinin qəhrəmanları sırasına qızıl hərflərlə həkk olunub.

1988-1994-cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olan jurnalistlərdən 2-si rus, digərləri azərbaycanlılardır. Bu gün hər bir azərbaycanlı Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olmuş Milli Qəhrəmanlar Alı Mustafayev, Salatın Əsgərova, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev və Kazımağa Kazımov ilə fəxr edir, onların ruhu qarşısında baş əyir.

Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını 44 günlük İkinci Qarabağ müharibəsi ilə azad etdi. Lakin atəşkəsdən uzun bir vaxt keçməsinə baxmayaraq, Ermənistan xaincəsinə edilən hücumlar və hazırlanan tələlərlə günahsız insanları öldürməyə davam etdi. Bu hadisələr dünyanın gözü qarşısında baş verdi və bölgədəki erməni vəhşiliyini dönə-dönə ortaya qoydu.

Cari il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov şəhid oldu. Bu hadisə ölkə mətbuatını, bütövlükdə Azərbaycan xalqını dərindən sarsıtdı.

Dövlət başçısı İlham Əliyev Vətən uğrunda canından keçən igid oğullarımızın xatirəsini hər zaman uca tutur, informasiya müharibəsində jurnalistlərin peşəkar fəaliyyətini, fədakarlıqlarını yüksək qiymətləndirir. Bu, dövlət başçısının kütləvi informasiya vasitələrinə göstərdiyi xüsusi diqqətin göstəricisidir. Prezident İlham Əliyevin qəhrəmancasına həlak olan həmkarlarımızın 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə imzaladığı Sərəncam hər kəs, o cümlədən şəhidlərin ailə üzvləri və həmkarlarımız tərəfindən dərin rəğbət hissi ilə qarşılandı.

Vətəni uğrunda canından keçənlər nə xalqımız, nə də dövlətimiz tərəfindən heç vaxt unudulmayacaq!

Allah rəhmət eləsin!

Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: