Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.07.2021 14:28
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları Azərbaycanın cənub-şərq rayonlarında ibtidai bitkilərin monitorinqini aparıblar

Botanika İnstitutunun əməkdaşları Azərbaycanın cənub-şərq rayonlarında ibtidai bitkilərin monitorinqini aparıblar

Cari ildə AMEA-nın Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları Xəzər dənizinin və Azərbaycanın cənub-şərq rayonlarının alqoflorasının  öyrənilməsi və meşə  ekosistemlərinin lixenobrioloji qiymətləndirilməsi üzrə Astara rayonunda geniş monitorinqlər aparıblar.

Monitorinqin əsas məqsədi regionda antropogen təsirə məruz qalan çaylarda, göllərdə yosunların  vəziyyəti və kontinental sututarlarında yayılması, regional alqofloraların ayrı-ayrı sistematik qruplarının müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin  müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olub.

Astara rayonunda təşkil edilmiş ekspedisiya zamanı 10 marşrut (Astara–Deqədi,  Astara – Vənəşikəş, Astara – Ujakənar, Astara – Pəlikeş, Astara –  Şuvi, Astara –  Təngərüd, Astara – Maşxan  və s.  kəndlər  ətrafında) üzrə alqoloji, lixenoloji və brioloji nümunələr  toplanılıb. Nəticədə 72 nüsxə lixenoloji herbari nümunəsi yığılıb. Herbari nümunələri müxtəlif tipli - vələs-palıdlı, palıd-vələsli və qarışıq meşələrdə (vələs, palıd, yemişan, göyrüş, zoğal, alma, fındıq, böyürtkən) ağac və kollarında müşahidə edilib. 78 nüsxə isə brioloji herbari nümunəsi toplanıb. Bioekoloji cəhətdən epifit, epilit, epigey qruplara aid növlər müşahidə edilib. Həmçinin 35 yosun nümunəsi ümumi qəbul edilmiş metodika ilə yığılıb və identifikasiya olunmaq üçün laboratoriyaya gətirilib. Bu növlər çox müxtəlif təqdim olunduğuna baxmayaraq, fitoplanktonda onların əksər hallarda sporadik şəkildə tək-tək saplı individumlar kimi rast gəlindiyi göstərilib. Əldə olunan nəticələr Azərbaycanın dəniz, su, quru ekosistemlərində yayılma yollarının müəyyən edilməsində, alqoloji və lixenobrioloji növlərin inventarlaşmasında və herbari fondunun zənginləşdirilməsində mühum rol oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: