Məlumdur ki, AMEA-nın Yüksək Texnologiyalar Parkı elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əlaqələr qurur. Yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq, eləcə də gənc alimlərin elm sahəsində inkişafına yol açmaq bu müəssisənin əsas hədəflərindəndir. Hazırda Parkın nəzdində elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılmasında fəal rol oynayan bir neçə rezident fəaliyyət göstərir.
Bu rezidentlərdən biri də Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən olan “Bakı Polimer İstehsalat” MMC-dir.
“Bakı Polimer İstehsalat” MMC-nin direktoru Cavid Hüseynov bu qurumun əsas fəaliyyət istiqamətləri, istehsal etdiyi məhsullar və YT Parkın həmin müəssisə üçün yaratdığı imkanlar barədə suallarımızı cavablandırıb.
- Cavid müəllim, əvvəlcə rəhbəri olduğunuz müəssisədə istehsal olunan məhsullar haqqında ümumi məlumat verməyinizi istərdik.
Öncə AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətimizin genişləndirilməsinə şərait yaradıldığı üçün AMEA və YT Park rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Şirkətimiz etibarlı bir partnyor kimi 20 illik uğurlu fəaliyyət müddətində sabit işgüzar münasibətlər qurmağa və peşəkar bir komanda formalaşdırmağa nail olmuşdur. Ən əsası isə ticarət, istehsal və xidmət sahələrində uğurlu işin təminatçısına çevrilmişdir. “Bakı Polimer İstehsalat” MMC qablaşdırma materiallarının idxalçısı kimi fəaliyyətə başlasa da, artıq bir sıra digər məhsulları ölkə daxilində istehsal edir. Bu məhsullara qida və sənaye streçi, yapışqan lentlər və s. aiddir.
- “Bakı Polimer İstehsalat” MMC YT Parkda innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli, çürüyən və çürüməyən streç film istehsalı üzrə ixtisaslaşmış kompleksin yaradılmasını hədəfləyir. Bu kompleks nə kimi üstünlüklərə malik olacaq?
Pandemiya səbəbindən son dövrlər məhsulların daşınması və saxlanılması zamanı qablaşdırılmasına xüsusi önəm verilir. Getdikcə tələbatın artdığı streç film məhsulundan artıq bütün sənaye, emal, nəqliyyat və xidmət sahələrində istifadə olunmağa başlanılıb. Layihəmizin innovativ tərəfi ondan ibarətdir ki, ən son texnologiyalar əsasında hazırlanan avadanlığımız 8 mikron qalınlığa qədər 5 qat streç film istehsalına imkan verir. Bu isə daha kiçik qalınlıqda olmasına baxmayaraq ağırçəkili yüklərin qablaşdırılmasına imkan verir.
- Məhsulların istehsalı zamanı hansı texnologiyalardan istifadə olunur? İstehsal olunan məhsullar hansı sahələrdə tətbiq oluna bilər?
Məhsulun istehsalı plyonka istehsalında kast adlanan üsul ilə istehsal olunur. Kast üsulunda xətti polimer üfüqi şəkildə soyuducu valın üzərinə axıdılaraq soyudulur və müəyyən emal prosesi keçməklə kağız işkillərə sarılır. Qeyd etdiyim kimi, streç film və skoç məhsulları sənaye, emal, kənd təsərrüfatı (silajların qablaşdırılmasında), nəqliyyat, xidmət və məişətdə istifadə olunur.
- Məlumdur ki, dövlət tərəfindən istehsalçılara verilən dəstək sayəsində “Bakı Polimer İstehsalat” MMC streç filmlərin xaricdən alınmasına son qoyaraq onları müəssisədə istehsal etmək niyyətindədir. Bu istiqamətdə hansı işlər görülür?
Yüksək Texnologiyalar Parkında fəaliyyətimizin qurulmasında burada tətbiq olunan güzəştlərin böyük önəmi oldu. İdxal etdiyimiz bütün texnologiya və avadanlıqlar əlavə dəyər vergisi ödənilmədən rəsmiləşdirildi. Bundan əlavə, 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən azad edilmişik. Bu isə fəaliyyətimizi daha da genişləndirməyə, yeni texnologiyaları ölkəyə gətirməklə innovativ məhsullar istehsal etməyə imkan verəcək. İndiyədək qeyd olunan məhsulu Ukrayna və Rusiya Federasiyası kimi ölkələrdən idxal edirdik. İndi isə istehsalçı kimi Avropa ölkələrinə məhsullarımızı ixrac etmək niyyətindəyik. Artıq niyyət protokolu imzalanıb, yaxın zamanlarda məhsullarımızı Polşaya ixrac etməyi planlaşdırırıq.
- Qida streçinin hazırlanmasında insan sağlamlığına zərər yetirməyən materiallardan istifadəyə nəzarət mexanizmi tətbiq olunurmu?
- Əlbəttə ki, qida və qeyri-qida məhsullarının istehsal resepturası fərqlənir. Qida streçinin istehsalı zamanı insan sağlamlığına ziyan olmayan xammallardan istifadə olunur. Eləcə də, şirkətimizin keyfiyyətə nəzarət edən əməkdaşları hər partiyadan yoxlama məqsədləri üçün nümunələri test edirlər.
- Gələcəkdə YT Parkda yeni layihələrin icrası nəzərdə tutulurmu?
Burada şirkətimiz üçün yaradılan şərait bizi başqa sahələrdə də fəaliyyətimizi genişləndirməyə həvəsləndirir. Yaxın vaxtda ərazidə inşa olunacaq 1440 kv.m sahədə yeni tikinti layihəmizin icrasına başlayacağıq. Bundan sonra, başqa layihələrin icrası da mümkün olacaq.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.