Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.08.2021 12:15
  • A-
  • A
  • A+

Qəbələdə son arxeoloji tədqiqatların nəticələri

Qəbələdə son arxeoloji tədqiqatların nəticələri

800 ildən artıq bir müddətdə qədim Azərbaycan dövləti Albaniyanın paytaxt şəhəri olmuş Qəbələdə 100 ilə yaxındır ki, arxeoloqlar tərəfindən tədqiqatlar aparılır. Xatırladaq ki, arxeoloqlar orada işləməyə başlayanadək qədim Qəbələ şəhərinin dəqiq yeri belə elm aləminə bəlli deyildi. Onu Şəki ilə Türyançay arasındakı ərazidə, yaxud da ölkənin ucqar şimal nöqtələrində lokalizə edənlər var idi. Amma arxeoloji tədqiqatlar davam etdirildikcə Qəbələnin yeri və tarixi ilə bağlı bir çox suallara tədricən aydınlıq gətirilmiş oldu.

Qəbələ ayrı-ayrı tarixi dövrlərdə dəfələrlə yadelli istilaçılar tərəfindən çox ciddi dağıntılara məruz qalıb. Bunun nəticəsi olaraq milad tarixi öncəsi şəhər Güllütala ərazisindən yerini dəyişərək indiki Çuxur Qəbələ yaylasına köçürülüb və 2000 ilə yaxın bir müddət ərzində orada böyüyüb, inkişaf edib. Bəzən də tənəzzülə uğrayaraq əvvəlki ehtişamını itirib. Sovet hakimiyyətinin ilk illərində “proletkultçuluq” məfkurəsi ilə davranan rus hərbçiləri tərəfindən Qəbələnin cənub qala divarlarının bürclərindən bir neçəsi partladılaraq dağıdılıb.

Bu fikirlər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının rəisi tarix elmləri doktoru, professor Qafar Cəbiyevin “Qəbələdə son arxeoloji tədqiqatların nəticələri” sərlövhəli məqaləsində yer alıb. Məqalədə bildirilir ki, 1977-ci ildə Qəbələ RLS inşa edilərkən erməni layihəçilər ərazisindən hərbi təyinatlı yüksək gərginlik elektrik xətti keçirmək bəhanəsi ilə Qəbələni növbəti dəfə dağıtmaq planlarını reallaşdırmağa cəhd ediblər. Lakin məhz Qəbələni tədqiq edən arxeoloq alimlərin həyəcan təbili effekti yaratmış olan müraciətləri əsasında ulu öndər Heydər Əliyevin tapşırığı ilə Qəbələ növbəti dəfə xilas edilib. Məhz Ulu Öndərin təşəbbüsü və tapşırığı əsasında 1978-ci ildə Qəbələ Tarix–Bədii Qoruğu yaradılıb. Azərbaycan hökumətinin qərarı ilə abidənin sel sularının dağıntısına məruz qalan yerlərində qoruyucu beton bəndlər salınıb. 2008-ci ildən başlayaraq SEBA Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə Koreya arxeoloqları da Qəbələnin tədqiqində iştirak ediblər. Arxeoloji cəhətdən öyrənilən sahələrin bir qisminin üstü örtülərək orada zəruri konservasiya işləri həyata keçirilib. 2014-cü ilin sentyabrında isə Qəbələ Arxeoloji Mərkəzi istifadəyə verilib. Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Belə bir nümunəvi elmi mərkəz, demək olar ki, dünyanın heç bir ölkəsində yoxdur. Qəbələ Arxeoloji Mərkəzində arxeoloq alimlərin ilboyu səmərəli işləməsi, qalması, müxtəlif səviyyəli tədbirlər keçirilməsi, əldə olunan yeni tapıntıların laboratoriya şəraitində təmizlənməsi, öyrənilməsi, mühafizəsi və nümayişi üçün ideal şərait yaradılıb.

Göründüyü kimi, Qəbələ arxeoloji cəhətdən ən yaxşı öyrənilən şəhərlərimizdəndir. Lakin o demək deyil ki, artıq Qəbələnin tarixi ilə bağlı hər şey öyrənilib. Əksinə, öyrənildikcə yeni-yeni suallar ortaya çıxır. Özü də nəzərə almaq lazımdır ki, Qəbələnin tarixi həm də elə qədim Azərbaycan dövləti olan Albaniyanın tarixidir. Bəli, biz Qəbələnin tarixini dərindən və hərtərəfli araşdırmaqla həm də Albaniya tarixini daha ətraflı və mükəmməl öyrənmiş oluruq. Bununla biz həm də uzun illərdir ki, Albaniya tarixini saxtalaşdırmaq naminə dəridən-qabıqdan çıxan bədnam erməni tarixçilərinin cəfəng dolu, əsassız iddia və xülyalarını ifşa etmiş oluruq.

Məlum olduğu kimi, Qaraçay və Covurlu çayları arasındakı yaylada salınmış şəhər təqribən min ilə yaxın bir dövr ərzində ümumi sahəsi 30 hektara yaxın olan ərazini əhatə edib və vahid qala divarları ilə əhatə olunub. Arxeoloji tədqiqatlar yolu ilə həmin erkən qala divarlarının qalıqları və hətta bir neçə yerdə qala bürcləri aşkar olunaraq tədqiq edilib. Lakin bir sıra daxili və xarici faktorların, xüsusən də xəzərlərin hücumları nəticəsində eramızın birinci minilliyinin sonlarında şəhər ciddi tənəzzül dövrü yaşayıb. Beləliklə, şəhərin xalq arasında Səlbir adlanan şimal yarısında demək olar ki, həyat tam olaraq sönüb. Qala adlanan ərazidə isə intensiv şəhər həyatı XVIII əsrədək davam edib. Təbiidir ki, şəhərin şimal yarısında həyat sönəndən sonra intensiv şəhər həyatının davam etməkdə olduğu Qalanı şimal istiqamətdən də möhkəmləndirmək zərurəti yaranıb. Bu məqsədlə də Qalanın şimal kənarı boyunca Qaraçay və Covurluçay dərələrini birləşdirən dərin xəndək qazılıb. Çox ehtimal ki, məhz elə o zaman Səlbir və Qalanı ayıran həmin xəndəyin cənub tərəfi boyunca Qəbələnin şərq və qərb tərəfinin eramızdan əvvəl I və bizim eranın I əsrlərinə aid erkən qala divarlarını birləşdirən yeni qala divarı da inşa olunub. Beləliklə də yeni tarixi mərhələdə şəhərin etibarlı müdafiə sistemi yaradılıb. Lakin məlum səbəblər ucbatından həmin qala divarlarından zəmanənizədək heç bir yerüstü nişanə qalmayıb. Bu səbəbdən də Qəbələnin Qala adlanan ərazisinin şimal tərəfində müdafiə divarlarının olub-olmaması məsələsinə elmi cəhətdən aydınlıq gətirilməsi cari tədqiqatlar qarşısında duran əsas vəzifələrdən biri idi.

Bütün bunları nəzərə alaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyası bu il də qədim paytaxt şəhəri ərazisində tədqiqatları davam etdirib. Bir ay ərzində şəhərin Qala adlanan ərazisində əvvəlki illərdə tədqiqinə başlanmış olan IX sahədə qazıntı işləri aparılıb. Builki tədqiqatların əsas hədəfi Qalanın şimal kənarları boyunca müdafiə divarlarının mövcudluğunu, dövrünü, memarlıq xüsusiyyətlərini, şəhər sənətkarlığının inkişaf dinamikasını, Qəbələnin ticarət və mədəni əlaqələrdə iştirak dərəcəsini və nəhayət, iki min illik tarixi dövr ərzində formalaşmış mədəni təbəqələrin, yəni yaşayış qatlarının şəhərin müasir relyefi və landşaftı ilə nə dərəcədə uzlaşdığını araşdırmaq olub. Artıq bu istiqamətdə ilkin uğurlu nəticələr var. Belə ki, 2019-cu ildən tədqiqi yarımçıq qalmış IX sahədə tədqiqatlar davam etdirilərkən yer səthindən 2.4 metr dərinlikdə 2.2 metr eni olan şimal qala divarlarının bünövrə hissəsi aşkara çıxarılıb. Qala divarının bünövrə hissəsi yonulmuş çay daşından, onun üstündən isə daha çox 22 x 22 x 5 və 25 x 25 x 5 santimetr ölçülü bişmiş kərpiclərdən istifadə olunmaqla inşa edilib. Tikintinin bünövrəsi və onunla eyni səviyyədə olan mədəni təbəqədən götürülən maddi mədəniyyət qalıqları qeyd olunan müdafiə divarının XI əsrin ortalarında inşa olunduğundan xəbər verir.

Xatırladaq ki, builki tapıntılar bütövlükdə Qəbələnin qala divarlarının nə zaman tikilməsi ilə bağlı tədqiqatçılar arasında olan fikir ayrılıqlarına aydınlıq gətirmək baxımından da çox əhəmiyyətlidir. Məlum olduğu kimi, bəzi yazılı mənbələrin Qəbələnin qala divarlarının Sasani hökmdarı I Qubadın hakimiyyəti dövründə inşa olunduğu barədə məlumatlar uzun illər ərzində elmimizdə dominant fikir olaraq qəbul edilib. Lakin ötən əsrin 70-ci illərinin tədqiqatları zamanı arxeoloq F.V.Qədirov tərəfindən Səlbirin cənub-qərb kənarında eramızın I əsrinə aid qala divarları və qala bürcü aşkar olunduqdan sonra bəlli oldu ki, Qəbələnin erkən qala divarları Sasani hökmdarı I Qubadın hakimiyyətdə olduğu dövrdən ən azı beş əsr əvvəl inşa olunub. Şah Qubadın hakimiyyəti illərində isə olsa-olsa Qəbələnin qala divarlarında müəyyən bərpa və möhkəmləndirmə işləri görülüb. 2009-2017-ci illərdə Koreya alimləri tərəfindən Qəbələnin Səlbir hissəsinin şimalında və qərbində daha bir neçə yerdə şəhərin erkən qala divarlarının qalıqları aşkar olundu. Daha sonra isə şəhərin Qala adlanan ərazisinin cənub-şərq tərəfində də tərəfimizdən Qəbələnin eramızdan əvvəl I və bizim eranın I əsrlərinə aid erkən qala divarlarının olduğu müəyyən edildi. Diqqəti cəlb edən məqamlardan birisi də budur ki, şəhərin erkən qala divarlarının tikintisində ərazi üçün az səciyyəvi olan iri blokşəkilli mədən daşlarından istifadə olunub. Yalnız Səlbirin şimal qala divarlarının inşasında çiy kərpicdən də istifadə olunub. Deməli, təqribən 2000-2100 il öncə Qəbələnin Səlbir və Qala ərazisinin vahid müdafiə sistemi olub. Təqribən 1000-1100 il sonra, yəni XI əsrin ortalarında şəhər artıq yuxarıda deyildiyi kimi, daxili və xarici faktorların təsiri nəticəsində tənəzzülə uğrayaraq əhəmiyyətli dərəcədə kiçildiyi dövrdə Qala ilə Səlbir xəndəklə bir-birindən ayrılıb. Səlbirdə həyat sönüb, Qala ərazisində isə XVIII əsrin əvvəllərinədək intensiv yaşayış olub. Şəhər ərazisinin müxtəlif yerlərində davamlı olaraq aparılan arxeoloji tədqiqatlar da bunu təsdiq etmiş oldu. Yəni arxeoloji tədqiqatlar zamanı Səlbir ərazisində XI əsrdən sonrakı dövrə aid mədəni təbəqə olmadığı sübuta yetirildi. Həmçinin Səlbirin cənubunda Qala ilə Səlbir ayrıldıqdan sonrakı dövrə aid qala divarının olmaması da həmin ərazidə həyatın söndüyünün təsdiqi demək idi. Necə deyərlər, artıq yaşayış olmayan ərazinin müdafiəsini təşkil etmək məqsədilə qala divarları inşa etməyə daha lüzum qalmamışdı.

Fikrimizcə, Qala və Səlbir adları da məhz şəhər ərazisi xəndəklə ikiyə bölündükdən sonra meydana gəlib. Yəni o vaxtadək şəhər sadəcə Qəbələ adı ilə tanınıb.

Qəbələ tarixinin bu günədək müəmmalı olan məsələlərindən birisi də şəhərin qala divarlarının ayrı-ayrı hissələrinin fərqli üslubda inşasıdır. Artıq yuxarıda qeyd olunduğu kimi şəhərin eramızdan əvvəl I – bizim eranın I əsrinə aid olan erkən qala divarlarının inşasında əsasən iri ölçülü mədən daşları və çiy kərpicdən istifadə olunub. Şəhərin zəmanəmizədək gəlib çatmış olan cənub divarları və bürcləri isə (bünövrə hissəsi istisna olmaqla) əsasən müxtəlif ölçülü bişmiş kərpicdən istifadə olunmaqla inşa edilib.

Xatırladaq ki, Qəbələnin erkən qala divarları inşa olunduğu dövrdə Azərbaycan ərazisində bişmiş kərpicdən istifadə barədə danışmağa belə dəyməz. Yəni bişmiş kərpicdən inşaat materialı kimi istifadəyə yalnız VII əsrin sonu - VIII əsrdən etibarən başlanılıb. Deməli, şəhərin öz əzəməti ilə seçilən cənub qala divarları və bürcləri VIII əsrdən əvvələ aid oluna bilməz. Bəs elə isə həmin divar və bürclər nə vaxt inşa olunub?! Bu sual Qəbələnin görkəmli tədqiqatçılarından olan, uzun illər Qəbələ arxeoloji ekspedisiyasına rəhbərlik etmiş professor Qara Əhmədovu ən çox düşündürən sual idi. Yaxşı yadımdadır, biz hər dəfə onunla birlikdə Qəbələdə tədqiqat apararkən o, qazıntıya nəzarəti mənə həvalə edərək özü bəzən saatlarla şəhərin cənub qala divarı və bürclərində müşahidələr aparardı. Günlərin bir günü növbəti dəfə müşahidədən dönərkən Qara müəllim çox məmnun görkəmdə idi. Məlum oldu ki, o qala divarının tikintisi zamanı hörgüyə qoyulmuş bişmiş kərpiclərin arasındakı birləşdirici məhlulun içərisindən şirli keramika fraqmenti tapıb. Bu isə o demək idi ki, Qəbələnin indiyədək qismən salamat qalan cənub qala divarı və bürcləri IX əsrdən əvvələ aid edilə bilməz. Yəni Azərbaycanda şirli keramika istehsalının IX əsrdən etibarən meydana gəldiyi bunu deməyə əsas verir.

Təbiidir ki, professor Qara Əhmədovun bu tapıntısı da şəhərin cənub qala divarı və bürclərinin tikilmə tarixinə tam olaraq aydınlıq gətirmədi. Yəni IX əsrdən əvvəl tikilməyib deməklə məsələyə nöqtə qoymaq olmazdı. Elə isə qeyd olunan qala divarı və bürcləri nə vaxt inşa olunub?!

Fikrimizcə, bu mövsüm Qalanın şimal hissəsində XI əsrin ortalarında, yəni şəhər Səlbir və Qala adlanan iki hissəyə ayrıldıqdan sonrakı dövrdə inşa olunmuş qala divarı qalıqlarının aşkar olunması böyük ölçüdə, həm də Qəbələnin cənub qala divarı və bürclərinin inşa olunma tarixinə aydınlıq gətirməyə imkan verir. Güman etmək olar ki, Qalanın şimal kənarı boyunca qala divarları inşa olunması ilə eyni vaxtda şəhərin qərb, şərq və cənub tərəfinin erkən qala divarları da artıq yaxşı vəziyyətdə olmayan bünövrə hissəsinin qalıqları üzərində bişmiş kərpicdən istifadə olunmaqla yenidən tikilib. Əfsuslar olsun ki, Covurlu və Qaraçayın sel suları zaman-zaman şəhərin qərb və şərq tərəfini yuyub apardığından həmin hissələrdə qala divarlarının qalıqları zəmanəmizədək qalmayıb.

Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirməklə belə qənaətə gələ bilərik ki, eramızdan əvvəl I və bizim eranın I əsrində Səlbir və Qala əraziləri ayrı-ayrılıqda mövcud olmayıb və şəhər vahid müdafiə sistemi ilə əhatə olunub. XI əsrin ortalarında bir sıra daxili və xarici amillərin təsiri nəticəsində Qəbələ ciddi tənəzzülə uğramış və nəticədə şəhər ərazisinin Səlbir adlanan şimal hissəsində həyat sönüb, Qalada isə XVIII əsrin əvvəllərinədək yaşayış davam edib. Səlbirdə həyat söndüyündən onun cənub tərəfi müdafiə divarları ilə möhkəmləndirilməyib. Təbiidir ki, arxeoloji tədqiqatlar zamanı da orada qala divarları aşkar olunmayıb. Lakin Qala ərazisində həyat davam etdiyindən onun xəndəklə hüdudlanan şimal tərəfi XI əsrin ortalarında inşa olunan qala divarları ilə möhkəmləndirilib. Elə həmin vaxt Qalanın şərq, qərb və cənub tərəflərinin müdafiəsinə xidmət edən, eramızdan əvvəl I və bizim eranın I əsrlərinə aid erkən qala divarları da artıq yaxşı vəziyyətdə olmayan bünövrə hissəsinin qalıqları üzərində bişmiş kərpicdən istifadə olunmaqla yenidən tikilib. 

“AzərTac”

  • Paylaş: