Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də Lənkəran REM-də Lənkaran-Astara bölgəsində aşkar olunan arxeoloji abidələrlə bağlı aparılan tədqiqatlara dair videosüjet yayımlanıb
23.08.2021 13:34
  • A-
  • A
  • A+

“Elm TV”də Lənkəran REM-də Lənkaran-Astara bölgəsində aşkar olunan arxeoloji abidələrlə bağlı aparılan tədqiqatlara dair videosüjet yayımlanıb

AMEA-nın “Elm TV” internet televiziyasında AMEA Lənkəran Regional Elmi Mərkəzinin (REM) Folklor, etnoqrafiya və arxeologiya şöbəsi tərəfindən Lənkaran-Astara bölgəsinin tarixi, etnoqrafiyası, eləcə də arxeoloji abidələrinin aşkar olunması ilə bağlı aparılan tədqiqatlara dair videosüjet yayımlanıb.

Bildirilib ki, 2017-ci ildə yaradılan şöbənin əsas tədqiqat istiqamətlərini regionun zəngin arxeoloji abidələrinin və folklor nümunələrinin tədqiqi, arxeoloji ekspedisiyaların təşkil olunması ilə bağlı işlərin görülməsi təşkil edir.

Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin müdiri Sərraf Talıbovun sözlərinə görə, bölgədə aparılan araşdırmalar zamanı ilk orta əsrlər, orta əsrlər, son tunc və erkən dəmir dövrünə aid maddi-mənəvi nümunələrin qalıqları tapılıb. Tapıntıların böyük bir qismini şirli və şirsiz qablar, o cümlədən saxsı qablar təşkil edir.

Videosüjetdə şöbənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov qeyd edib ki, şöbənin fəaliyyət göstərdiyi dövr ərzində 30-a yaxın iriölçülü kurqan, eyni zamanda müxtəlif yaşayış yerlərinin qalıqları aşkar edilib.

Qeyd olunub ki, hazırda bölgənin folklor, etnoqrafiyası ilə bağlı tədqiqatların aparılması məqsədilə vaxtilə karvan yolu üzərində yerləşən Astara rayonunun Sım yaşayış yeri, eləcə də Bəlləbur qalası ilə bağlı kompleks arxeoloji araşdırmalar davam etdirilir.

Videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: