Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

24.08.2021 11:20
  • A-
  • A
  • A+

Lənkəran REM-in direktoru: “Hazırda ölkəmizdə çayçılığın əvvəlki şöhrətini qaytarmaq üçün vacib addımlar atılmaqdadır”

Lənkəran REM-in direktoru: “Hazırda ölkəmizdə çayçılığın əvvəlki şöhrətini qaytarmaq üçün vacib addımlar atılmaqdadır”

Çay və sitrus bitkilərinin tədqiqi və yetişdirilməsi sahəsində əhəmiyyətli uğurlara imza atan AMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) son illər ənənəvi çay və sitrus bitkiləri ilə yanaşı, region üçün yeni olan çay və sitrus bitkilərinin yerli mühitə uyğunlaşdırılması və daha məhsuldar çay və sitrus sortlarının yaradılması, Lənkəran-Astara bölgəsinin zəngin bitki örtüyünün və arxeoloji abidələrinin öyrənilməsi və s. ilə bağlı mühüm işlər görülür.

Lənkəran REM-in direktoru, Əməkdar aqronom, aqrar elmlər doktoru, professor Fərman Quliyev Mərkəzdə görülən işlər, aparılan tədqiqatlar və perspektivdə nəzərdə tutulan tədbirlərlə bağlı suallarımızı cavablandırıb.

Fərman müəllim Lənkəran REM-də “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrası ilə əlaqədar həyata keçirilən tədbirlər hansı istiqamətləri əhatə edir?

Məlum olduğu kimi, Lənkəran-Astara subtropik bölgəsinin iqlim şəraiti respublikamızda müxtəlif növ və sort tərkibli subtropik bitkilərin, o cümlədən çay, sitrus bitkiləri, feyxoa, kivi, nəcib dəfnə, bambuk, tunq, xirnik, pekan, muşmula və digər subtropik meyvə və bitkilərin geniş sənaye miqyasında inkişaf etdirilməsi üçün böyük aqroiqlim potensialına malikdir.

Ölkəmizdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, həmçinin cənub bölgəsi üçün vacib olan, 2018-ci ildə qəbul edilmiş çayçılığın, sitrus meyvəçiliyinin və çəltikçiliyin inkişafına dair dövlət proqramları Azərbaycanda iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına böyük töhfələr verir.

Vaxtilə Azərbaycan Respublikası sabiq Sovetlər məkanında çay və subtropik-dietik əhəmiyyətli bitki məhsulları istehsalı baxımından birinci və ya ikinci yerlərdə olmuşdur. Uzunmüddətli durğunluqdan sonra ölkə başçısı İlham Əliyevin 25 avqust 2008-ci il tarixində imzaladığı sərəncamla “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın  qəbul edilməsi ölkəmizdə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərməklə yanaşı, çayçılığın inkişafına da dəstək vermişdir.

Hazırda ölkəmizdə çayçılığın əvvəlki şöhrətini qaytarmaq üçün vacib addımlar atılmaqdadır. Durğunluq illərindən sonra ölkə rəhbərliyi tərəfindən aqrar sahənin prioritet elan edilməsi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi cənub bölgəsinin ənənəvi sahələri olan çayçılıq və sitrusçuluğun inkişafı üçün əsaslı zəmin yaratmışdır.

AMEA Rəyasət Heyətinin qərarı ilə 2005-ci ildə yaradılan (Əsasən 2015-ci ildə fəaliyyətə başlayan) AMEA Lənkəran Regional Elmi Mərkəzinin qarşısında duran başlıca məqsədlərdən biri də Azərbaycan üçün bu unikal sahənin inkişafına dəstək vermək, qeyd olunan dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını təmin etməkdir. Bu məqsədlə bölgədə və respublikada elmi-tədqiqat institutları ilə, elmlə məşğul olan müəssisələrlə əməkdaşlıq müqavilələri imzalanmış və çay, sitrus və digər subtropik meyvə və bitkilər üzrə elmi-tədqiqat işlərini müştərək aparmaq və bu bitkilərin yeni sort və formalarını Lənkəran bölgəsi şəraitində introduksiya edib öyrənmək, yeni sortların yaradılması və onların genetik banklarını yaratmaq məqsədilə istiqamətlər müəyyənləşdirilmişdir.

Lənkəran REM tərəfindən Lənkəran-Astara bölgəsinin floristik tərkibinin, müxtəlifliyinin öyrənilməsi və qiymətləndirilməsi, nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyətlərinin araşdırılması, Lənkəran-Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji-bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması istiqamətində əhəmiyyətli işlər görülməkdədir.

Lənkəran REM-də Lənkəran-Astara bölgəsi üçün xarakterik çay və sitrus bitkilərinin yeni yüksək məhsuldar və davamlı sortlarının yaradılması və artırılması istiqamətində hansı tədbirlər görülür? Bununla bağlı aparılan elmi-tədqiqat işləri barədə məlumat verərdiniz.

Lənkəran REM ötən dövr ərzində çayçılıq sahəsində bir sıra uğurlu nəticələr əldə etmişdir. Belə ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı bazasında elmi-tədqiqat işlərinin müştərək aparılması üçün bağlanmış müqaviləyə əsasən, mərkəzdə çay bitkisinin ən yaxşı sort və formalarının seçilməsi, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin müəyyənləşdirilməsi, yeni sortların yaradılması üçün tədqiqat işləri aparılmışdır. Tədqiqatlar zamanı uzun illərdən bəri çay bitkisinin 50-dən çox sort və formaları öyrənilərək, müəyyənləşdirilmiş Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilmiş və bir sıra uğurlu nəticələrə nail olunmuşdur. Seçilmiş çay kollarının morfoloji, bioloji məhsuldarlığı və məhsulun keyfiyyət göstəriciləri öyrənildikdən sonra həmin kollardan çilinglər tədarük edib, vegetativ üsulla çoxaldılaraq Lənkəran çay filialının klon tədqiqi təcrübə sahəsində hərtərəfli öyrənilmiş, nümunəvi anaclıq sahəsi yaradılmışdır.

Beləliklə, Lənkəran çay filialının təcrübə sahəsində çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif forma və klonları üzərində birgə aparılan elmi-tədqiqat işlərinin nəticəsində “Fərmançay”,  “Lənkəran”,  “Xəzər”,  “Fərmançay çəhrayı” sortları yaradılmış, sort sınağından uğurla keçərək Dövlət Reyestrinə salınmışdır.

Bununla yanaşı, bölgənin münasib torpaq-iqlim şəraiti çaydan başqa digər subtropik bitkilərin də sənaye miqyaslı yetişdirilməsi üçün imkanlar açdığından Mərkəzdə bu bitkilərin yetişdirilməsi üçün də tədqiqatlar aparılmışdır. Misal üçün Sitrus bitkiləri üzərində aparılan elmi tədqiqatlar zamanı yeni limon və naringi sortu əldə olunmuşdur. Yeni limon “Lənkəran meyeri” (“Meyer ağçiçək”) və naringi “Karlik tezyetişən” sortları yüksək məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlülüyünə və ən nəhayət asan becərilməsinə görə fərqlənirlər.

Həmçinin son dövrlərdə bölgəmiz üçün yeni tropik-subtropik bitki olan quayava (Psidium Quayava)  ilə bağlı apardığımız elmi tədqiqat işləri təkcə Mərkəzin fəaliyyəti üçün deyil, o cümlədən respublikamız üçün yeni sahədir. Belə ki, rəhbərliyim altında müalicəvi xüsusiyyətləri ilə ciddi surətdə fərqlənən bu möcüzəvi bitkinin bioekoloji xüsusiyyətləri və becərilməsi imkanları öyrənilmiş, onun çoxaldılmasında uğurlu nəticələr əldə edilmişdir.

Lənkəran-Astara rütubətli subtropik bölgəsində bir sıra digər meyvə və bitkilərin, məsələn feyxoa, kivi, nəcib dəfnə, bambuk və s.-nin sənaye miqyaslı inkişafı üçün aqroiqlim potensialı mövcud olduğundan onların materiallaşdırılmasına da diqqət yetiriləcəkdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialının təcrübə sahəsində çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif forma və klonları üzərində birgə aparılan elmi-tədqiqat işləri nəticəsində 4 yeni çay sortunun sınaqdan uğurla keçərək Dövlət Reyestrinə salındığını qeyd etdiniz. Bu yeni çay sortları nə kimi üstünlüklərə malikdir?

Birgə əməkdaşlıq nəticəsində yaradılmış çay sortları əvvəllər rayonlaşdırılmış “Azərbaycan-2” (nəzarət) çay sortu ilə müqayisə olunmuş, eləcə də kolların həcmi, budaqlanma dərəcəsi, yarpaqların buğumarası məsafəsi, fleşlərin kütləsi, uzunluğu, kolların zoğvermə intensivliyi, keyfiyyəti və s. haqqında məlumatlar toplanmış və müqayisəli şərhi verilmişdir. Tədqiqatlara əsasən, yeni yaradılmış sortlarda məhsuldarlıq, keyfiyyət göstəriciləri və digər üstünlüklər müşahidə edilmişdir.

Beləliklə, çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif forma və klonları üzərində aparılan elmi-tədqiqat işləri nəticəsində 2015-ci ildə üç klon-sort, 2016-cı ildə isə bir klon-sort Dövlət Sort Sınağına qəbul olunmuş, “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay çəhrayı” sortları adı altında Dövlət Reyestrinə salınmışdır. Hərtərəfli öyrənilmiş bu perspektiv klon-sortlar təsərrüfat göstəricilərinə görə buana kimi rayonlaşdırılmış çay seleksiya sortundan – nəzarət variantından çox yüksək göstəricilərə malikdir. Gələcəkdə bu sortların vegetativ üsulla artırılıb təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişafına təkan verəcəkdir.

Ötən dövr ərzində əldə edilən uğurlu nəticələr birgə əməkdaşlıq barədə müqavilənin müddətinin daha 5 il uzadılmasını şərtləndirib. Yeni imzalanmış memorandumda genofond-kolleksiya bağının salınması, birgə kadr hazırlığı, maddi-texniki bazanın yaradılması üçün araşdırma və təlim sahələrində əməkdaşlığın qurulması, müştərək elmi-tədqiqat laboratoriyalarının təşkili, çay və subtropik bitkilərin emal olunması, yeni məhsulların əldə edilməsi və s. kimi məsələlər də öz əksini tapmışdır.

Qeyd etdiyiniz kimi, son illər Lənkəran REM-də çay və sitrus bitkiləri ilə yanaşı, tropik-subtropik quayava (Psidium quayava) bitkisinin yerli şəraitə uyğunlaşdırılması, yetişdirilməsi və onun təsərrüfat əhəmiyyətinin öyrənilməsi sahəsində uğurlu nəticələr əldə olunub. Quayava bitkisindən hansı məqsədlərlə istifadə olunur?

Şəxsi təşəbbüsümlə İran İslam Respublikasından 2003-cü ildə gətirilmiş quayava (Psidium Quayava) meyvə bitkisinin ilk dəfə “Bioflora” MMC-də və sonralar Azərbaycan Meyvəçilik və Bağçılıq İnstitutunun Lənkəran çay filialındakı təcrübə bazasında bioekoloji və becərilmə xüsusiyyətləri hərtərəfli yoxlanılmış və çoxaldılması istiqamətində aparılan tədqiqatlar artıq öz bəhrəsini verməkdədir. Vətəni Cənubi Amerika olan quayavanın bölgəmizdə və digər yerlərdə  açıq torpağ şəraitində becərilməsinə dair əhəmiyyətli nəticələrə imza atılmışdır. Əldə edilən nəticələri yekunlaşdıraraq 2020-ci ildə quayavanın 2 –“sarı”və “qırmızı” sortu dövlət sort sınağına təqdim edilmişdir. Hazırda quayava sortlarından alınan meyvələrin emalı ilə bağlı tədqiqat işləri aparılır. Adətən quayavanın meyvələri təzə və emalolunmuş halda geniş istifadə edilir.

Qənnadı və tibb sənayesində geniş istifadə edilən quayava bitkisinin kökü, qabığı, yarpaqları, çiçəkləri, meyvələrinin müalicəvi xüsusiyyətlərə malik olması bu həmişəyaşıl möcüzəvi ağacın təsərrüfat əhəmiyyətini qat-qat artırır. Tərkibində çox miqdarda lif və müxtəlif vitaminlərin olması ciddi xəstəliklərdən sonra sağlamlığı tez bir zamanda bərpa etməyə imkan verir. Meyvələri insan orqanizminin tonusunu yüksəltməklə yanaşı, həm də limfa sistemini gücləndirmək qabiliyyətinə malikdir. Quayavanın şirəli meyvələri bronxial astma, ishal, bronxit, həmçinin tonzillit və ciddi sətəlcəm zamanı məsləhət görülür.

Lənkəran–Astara bölgəsinin zəngin bitki örtüyünün, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na salınmış relikt və endemik bitkilərin - ipək akasiyası, dəmir ağacı, şabalıdyarpaqlı palıd və bir sıra ağac-kol tipli bitkilərinin artırılması məqsədilə hansı işlər görülür?

Lənkəran-Astara bölgəsində bitki örtüyünün zəngin olması, xüsusilə relikt və endemik bitki növlərinin, yabanı, xalq seleksiyasının əldə etdiyi mədəni bitki sortlarının, habelə mədəni subtropik meyvə və bitkilərin sort, forma, növ müxtəlifliklərinin vahid mərkəzdə toplanması, digər qonşu xarici ölkələrin subtropik məntəqələrindən introduksiya olunması, öyrənilməsi, seçilməsi, tətbiqi, başqa sözlə, bu bitkilərin kənd təsərrüfatı dövriyyəsinə daxil edilməsi məqsədilə Lənkəran REM-də tədqiqat işlərinə başlanılmışdır.

Azərbaycanın Lənkəran-Astara rütubətli subtropik bölgəsinin özünəməxsus torpaq-iqlim şəraitinin dünyanın digər subtropik bölgələrindən fərqli olmasını nəzərə alaraq, bu sahədə qabaqcıl təcrübələrin, xüsusilə qonşu - İran, Türkiyə, Orta Aralıq dənizi sahili ölkələrində öyrənilməsinə, mənimsənilməsinə diqqət yetirilməlidir.

Məlumdur ki, bu yaxınlarda Lənkəran REM və AMEA Dendrologiya İnstitutu arasında birgə elmi-texniki əməkdaşlıq barədə memorandum imzalanıb. Memorandumun məqsəd və vəzifələrinə uyğun olaraq birgə elmi-tədqiqat işlərinin təşkili və həyata keçirilməsi nəzərdə tutulub. Memoranduma əsasən Lənkəran REM-də hansı işlərin görülməsi planlaşdırılır?

Azərbaycan Respublikasında Bioloji Müxtəlifliyin Qorunmasına və davamlı istifadəsinə dair “Fəaliyyət planı” çərçivəsində AMEA tərəfindən tapşırılmış işlərin icrasının təmin edilməsi məqsədilə Lənkəran REM və AMEA Dendrologiya İnstitutu tərəfindən biomüxtəlifliyin öyrənilməsi üzrə birgə elmi tədqiqatların aparılması, ərazinin torpaq iqlim şəraitinə uyğun bitki assortimentinin artırılması və nəticələrdən birgə istifadə nəzərdə tutulur.

Bu məqsədlə Lənkəran ərazisində bitki örtüyünün fəsilə, cins və növlərinin miqdarının müəyyənləşdirilməsi, flora elementlərinin tam siyahısının tərtibi, növlərin sistematik icmalının hazırlanması, ərazidə yaşlı bitki nüsxələrinin yaş strukturunu təyin etməklə dendroxronoloji təhlilin aparılması, onların təbiət abidəsi kimi sertifikatlaşdırılması, Lənkəran REM-də dendroloji tədqiqatların aparılması üçün lazım olan müasir avadanlıqlar, cihazlar və digər maddi-texniki resurslardan ibarət laboratoriyanın yaradılması planlaşdırılır.

Həmçinin bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi, ekspedisiyaların təşkili, herbari və toxum kataloqunun hazırlanması, nadir və nəsli kəsilməkdə olan növlərin yayıldığı ərazilərin monitorinqi, dərman bitkilərinin davamlı istifadəsinin təmin edilməsi, onların qanunsuz tədarükü və satışına nəzarətin gücləndirilməsi üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və həyata keçirilməsi istiqamətində tədbirlər görülür.

Lənkəran REM-in fəaliyyətində gələcəkdə nə kimi yeniliklər nəzərdə tutulur?

Lənkəran REM-in fəaliyyətinin daha səmərəli təşkilinə nail olmaq üçün fəaliyyət proqramına bir sıra yeni istiqamətlərin də əlavə olunması vacibdir. Bunun üçün Lənkəran-Astara bölgəsi şəraitində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində aparılan tədqiqatların vahid mərkəzdən idarə olunması modeli hazırlanmalı, elmi tədqiqatlar üzrə ekspertiza aparılmalı, səmərəliliyin qiymətləndirilməsi üzrə tədbirlər həyata keçirilməlidir. Həmçinin yaşıllaşdırma məqsədilə bölgədə mövcüd eqzotlardan, qiymətli subtropik bitkilərdən maksimum istifadə etməklə bütün əsas və yardımçı yolların kənarlarında, parklarda, xiyabanlarda bu bitkilərdən istifadə olunması məqsədilə bəzək bağçılığı və gülçülüyü üzrə elmi tədqiqatlar aparılmalı, eləcə də fundamental və tətbiqi elmi tədqiqatların təşkilinə, əlaqələndirilməsinə, elmtutumlu təsərrüfat subyektlərinin yaradılmasına, elmi-istehsalat yönümlü təcrübə-sınaq zavod-fabriklərin yaradılmasına, elm və istehsalatın qarşılıqlı əlaqələndirilməsinə nail olunmalıdır.

Azərbaycanın Cənub-şərq regionunun folklorunun, etnoqrafiyasının, arxeologiyasının və burada uzunömürlülüyün öyrənilməsi, toplanması, sistemləşdirilərək nəşr olunması da qarşıda duran mühüm vəzifələrdən biridir. Bu baxımdan Cənub-şərq bölgəsinin folklorunun sistemli öyrənilməsi və digər bölgələrin şifahi xalq ədəbiyyatı nümunələri ilə müqayisəli araşdırılması mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, Lənkəran REM-in daimi inzibati bina və elmi-tədqiqat işlərinin aparılması məqsədilə torpaq sahəsi ilə təmin olunması həllini gözləyən vacib məsələlərdəndir.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: