Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Vətən səsi” qəzetinin suallarını cavablandırıb.
- Akif müəllim, bildiyimiz kimi, Siz tez-tez işğaldan azad olunmuş bölgələrimizə səfər edirsiniz. Bu günlərdə də Ağdamda səfərdə oldunuz. Yəqin ki, ata yurdunuz Füzulini də ziyarət etmisiniz. Füsunkar təbiəti ilə göz, könül oxşayan doğma torpaqlarımıza qədəm basanda qurulu qoyub gəldiyimiz ev-eşiklərimizi dağıdılmış, viran edilmiş talanmış vəziyyətdə görəndə hansı hissləri yaşadınız?
- İkinci Qarabağ savaşında Azərbaycan ordusu zabit və əsgərlərimizin qanı-canı bahasına şanlı tarix yazdı. Torpaqlarımız işğaldan azad edildi. Bu yolda böyük qəhrəmanlıq göstərən cəsur əsgərlərimizin, şəhid və yaralılarımızın, onları boya-başa çatdırmış, Vətən sevgisi aşılamış anaların və ataların qarşısında dərin ehtiramla baş əyirik. Şanlı tariximizin yazılmasına rəhbərlik edən Ali Baş Komandana təşəkkür edirik.
Bəli, bir azərbaycanlı, eyni zamanda, qarabağlı kimi mən də yaranan imkandan istifadə edərək artıq bir neçə dəfə o torpaqları ziyarət etmişəm. İlk dəfə Ağdamın işğaldan azad olunmuş ərazisinə daxil olanda ikili bir hiss yaşadım. Bir tərəfdən, səngərlər, blindajlar, tank, top və digər hərbi silahlar üçün qazılmış xəndəklərlə torpağımızın bağrına çəkilmiş çalın-çarpaz dağı görəndə qəlbimdən qara qanlar axdı, digər tərəfdən, Uzundərə boyu seyr etdiyim, lalə və bənövşələrdən xalı hörülmüş ucsuz-bucaqsız torpaqlarımızın azad olunmasından dolayı fərəh hissi keçirdim.
- Məlum olduğu kimi, ikinci Qarabağ Müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlayıb. Beynəlxalq səviyyədə həyata keçirilən işlər və məcburi köçkün düşmüş əhalinin Ağdama, bütövlükdə Qarabağa qayıdışı istiqamətində hansı layihələr üzrə işlər aparılır?
- Həmin ərazilərin tezliklə bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtarılması və məskunlaşdırılması, regionun gələcək sosial-iqtisadi inkişafı hazırda həllini gözləyən vacib məsələlərdir. Bütün bunlar isə olduqca çətin, iri miqyaslı, uzun zaman və yüksək məbləğdə vəsait tələb edən prosesdir.
Bu istiqamətdə çox mühüm qərar qəbul edən cənab Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Artıq Qarabağda quruculuq işləri sahəsində xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, layiqli yaşayış üçün şəraitin yaradılması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması və regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində strateji baxışın müəyyənləşdirilməsi üçün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı ilə bağlı Konsepsiya” (bundan sonra - Konsepsiya) sənədi hazırlanmışdır. Konsepsiya sənədində ərazilərin bərpası prosesində diqqət mərkəzində saxlanılmalı rəhbər prinsiplər müəyyənləşdirilmişdir.
- Bəs ərazilərin minalardan təmizlənməsi işləri necə gedir?
- ANAMA tərəfindən mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılmaqdadır. Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları davam edir. Aparılmış minatəmizləmə əməliyyatları zamanı 15 075602 kv.m (1 507 ha) ərazi yoxlanılmış, 8 972 ədəd piyada və tank əleyhinə minalar, 6 569 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilmişdir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları yerli və beynəlxalq mütəxəssislərin dəstəyi ilə həyata keçirilməkdədir.
- İnstitusional bazanın formalaşdırılması işləri necə aparılır?
- İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasında, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılmasında və dayanıqlı məskunlaşmanın təmin edilməsində institusional baza Dövlət Proqramının həyata keçirilməsi ilə icra mexanizmi arasında vacib halqa olaraq müstəsna əhəmiyyətə malikdir.
Dövlət Proqramı çərçivəsində qarşıya qoyulmuş strateji hədəflərə çatmaq, eyni zamanda uyğun siyasət və islahatlar alqoritmini formalaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunmuşdur. Qeyd edilən Sərəncama əsasən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi və aidiyyəti dövlət orqanlarının, elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması vasitəsilə "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədi müəyyənləşdirilmişdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunun daha da möhkəmləndirilməsi istiqamətində aşağıdakı prioritetlər qəbul olunmuşdur:
• dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
• dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
• rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
• işğaldan azad edilmiş ərazilərə böyük qayıdış;
• təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
- Akif müəllim, bəs inventarlaşma işlərinin aparılması barədə nə deyə bilərsiniz?
- “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının icrası məqsədilə Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər (Suqovuşan qəsəbəsi və Talış kəndi), Şuşa və Xocalı rayonlarında daşınmaz əmlak və infrastruktur obyektləri üzrə çöl inventarlaşdırma işləri tamamlanmaqdadır. Eyni zamanda, azad edilmiş bəzi rayonların yaşayış məntəqələri üzrə avtomobil yolları, elektrik verilişi, qaz və su təchizatı xətləri, suvarma şəbəkələri, müəyyən edilmiş torpaq sahələrinin inventarlaşdırılması prosesi başa çatdırılmış, digər yaşayış məntəqəsi üzrə işlər davam etdirilməkdədir.
Onu da qeyd edək ki, işğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədilə Şuşa Radio-Televiziya Yayım Stansiyasının işi də bərpa edilib. Stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib. Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb. Respublika üzrə yayımı həyata keçirilən televiziya kanalları artıq Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam rayonlarında yayımlanır.
- Təsisatların yaradılması işləri hansı vəziyyətdədir?
- Azad edilmiş ərazilərin iqtisadi dirçəlişi ilə səciyyələnən yeni inkişaf mərhələsində qarşıda duran məqsədlərin ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğunlaşdırılmasında dövlət mexanizmləri ilə yanaşı müxtəlif təsisatların, xüsusilə fondların və ictimai birliklərin iştirakı vacibdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 1243 nömrəli Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondunun fəaliyyəti xüsusi önəmə malik olacaqdır. Ermənistan tərəfinin təxribat cəhdlərinin mənfi nəticələrinin aradan qaldırılması zamanı həssas təbəqələrin nəzərə alınması, xüsusilə şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılmışdır.
Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda 27 dövlət qurumunun və təşkilatının 12-sinin qoşulması təmin edilib, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilib. Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir.
- Azərbaycan Diplomatik Akademiyasının (ADA) məcburi köçkünlərlə keçirdiyi sorğuda, təbii ki, Siz də iştirak etmisiniz. Bu sorğunun nəticələri barədə fikirlərinizi öyrənmək istərdik.
- Repatriasiya potensialının proqnozunun müəyyən edilməsi "Akademik və Təhsil məsələləri” üzrə İşçi Qrupuna həvalə edildi və bu məqsədlə ADA Universitetinin nəzdində ADA-nın, AMEA-nın İqtisadiyyat İnstitunun, o cümlədən Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin, UNEC-in, yerli və xarici beyin mərkəzlərinin aparıcı mütəxəssislərindən ibarət tədqiqat qrupu yaradıldı. Repatriasiyanı proqnozlaşdırmanın zəruriliyi, repatriasiya problemini çətinləşdirən amillər, analoji tədqiqatların metodologiyası və beynəlxalq təcrübə təhlil edilərək müəyyən edildi ki, repatriasiya potensialının məcburi köçkünlər haqqında statistik informasiya əsasında qiymətləndirilməsi mümkün deyil. Ona görə də tədqiqatlar empirik üsullarla, əsas etibarilə sosioloji sorğuların nəticəsinə əsasən qiymətləndirilməlidir.
Tətqiqat çərçivəsində 5 sosioloji sorğu keçirilməsi qərara alındı:
• potensial repatriantlar arasında 50-75 min respondentin iştirak edə biləcəyi kütləvi onlayn sorğu;
• seçilmiş potensial repatriantlar (“fokus qrupları”) arasında hər birində 1000-1100 respondentin iştirak edəcəyi intervü formalı 2 anonim sorğu;
• sahibkarlar (o cümlədən məcburi köçkün statuslu iş adamları) arasında hər birində 250-300 respondentin iştirak edəcəyi intervü formalı 2 anonim sorğu.
Artıq potensial repatriantların - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (ARQMKİDK) qeydiyyatında olan məcburi köçkünlər arasından 60 min respondentin iştirak etdiyi kütləvi onlayn sorğu; seçilmiş potensial repatriantlar arasında 1000-1100 respondentin iştirak etdiyi intervü formalı bir anonim sorğu və sahibkarlar (o cümlədən məcburi köçkün statuslu iş adamları) arasında 250-300 respondentin iştirak etdiyi intervü formalı bir anonim sorğu yekunlaşıb. Eyni zamanda birinci iki sorğunun nəticələri tam təhlil olunub, nəticələr qiymətləndirilib və hazırlanmış yekun hesabat ölkə rəhbərliyinə təqdim edilib. Üçüncü, yəni sahibkarlar arasında anonim keçirilən birinci sorğunun nəticələri hazırda emal olunur. Qeyd edim ki, rəyi soruşulan potensial repatriantların böyük əksəriyyəti ata-baba yurdlarına qayıtmaq əzmindədir. Bu istiqamətdə işlər davam etdirilir.
- AMEA İqtisadiyyat İnstitutunun nəzdində “Postkonflikt Ərazilərin Bərpası” Elmi Mərkəzinin rəhbəri kimi hansı təklifləriniz olub və bu təkliflərin həyata keçirilməsi hansı istiqamətdə aparılır?..
- “Postkonflikt Ərazilərin Bərpası” Elmi Mərkəzinin fəaliyyət planı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq tərtib edilmiş AMEA İqtisadiyyat İnstitutunun 2022-2025-ci illər üçün elmi-tədqiqat istiqamətinə uyğun olaraq müəyyənləşdirilmişdir. Mərkəzdə konfliktsonrası reabilitasiyanın ümumi (metodoloji) prinsiplərinin hazırlanması, proqramlaşdırılan ərazilərin konfliktəqədərki və konfliktsonrası vəziyyətinin müqayisəli qiymətləndirilməsi; postkonflikt ərazilərdə dövlət idarəetmə sisteminin və icma özünüidarəetməsinin spesifik xüsusiyyətləri; postkonflikt ərazilərdə həyat təminatı sistemlərinin (o cümlədən yaşayış fondunun, enerji təminatının, su və qaz təchizatının) yenidən qurulması və əhalinin repatriasiyasının təşkili; postkonflikt ərazilərdə infrastrukturun (o cümlədən mülki idarəetmə orqanlarının iş infrastrukturunun, nəqliyyat infrastrukturunun, telekommunikasiyaların və sosial obyektlərin) bərpası; postkonflikt ərazilərdə iqtisadiyyatın dirçəldilməsi üzrə tədbirlərin, ölkədaxili və beynəlxalq müqayisəli üstünlük sahələrinin müəyyənləşdirilməsi; konfliktsonrası reabilitasiya sahəsində beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi; konfliktsonrası reabilitasiya prosesində ortaya çıxa biləcək potensial xarici və daxili risklərin idarə olunması istiqamətində araşdırmalar aparılır.
Eyni zamanda Mərkəzin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan və hər gün təməli qoyulan yeni-yeni quruculuq işləri haqqında ölkəmizin əhalisinə, xüsusilə də potensial repatirantlara məlumatlar çatdırılması və marifləndirmə sahəsində davamlı işlər aparılır.
“Vətən səsi” qəzeti