Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

31.08.2021 16:24
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı Qəbələ rayonunda elmi ezamiyyətdə olub

Tarix Muzeyinin əməkdaşı Qəbələ rayonunda elmi ezamiyyətdə olub

AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d.  Laçın Mustafayev Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının Orta əsrlər (Qala) dəstəsinin tərkibində Çuxur Qəbələ kəndinin Qala abidəsində aparılan arxeoloji qazıntılarda iştirak edib.

Qeyd edək ki, Qala abidəsində aparılan arxeoloji qazıntılara t.ü.e.d., prof. Qafar Cəbiyev rəhbərlik edib. Arxeoloji qazıntılar Qala yaşayış yerinin şimal divarı və onun ətrafında aparılıb.

Tədqiqatçı L.Mustafayevin verdiyi məlumata əsasən, qeyd olunan ərazidən əsasən inşaat materialları ilə bərabər (bişmiş kərpic, kaşı hissələri, kirəmit qırıqları) müxtəlif keramika qalıqları, şirli və şirsiz saxsı fraqmentləri (qazan, boşqab, çıraq, dolça, təsərrüfat küpü, kuzə, səhəng, küpə, sferakonus və s. fraqmentləri), şüşə bilərziklərin ayrı-ayrı hissələri, metaldan olan müxtəlif əşyaların hissələri, keramika və metal məmulatının istehsalı, bişirilməsi və əridilməsi zamanı şlaklaşmış qalıqlar, müxtəlif heyvan sümükləri aşkar edilib.

Həmçinin gələcək tədqiqatların aparılması məqsədilə L.Mustafayev Qəbələ Arxeoloji Mərkəzində saxlanılan I-III əsrlərə (son antik-erkən orta əsrlər) aid Səlbir yaşayış yerindən aşkar edilən silah nümunələri, dəmir nizə, ox ucluqları və.s. haqqında da ətraflı məlumat toplayıb. Qeyd edək ki, sözü gedən dövr üçün xarakterik olan silah nümunələrinin tədqiqi Qafqaz Albaniyası ərazisində istifadə və istehsal olunmuş silah və zireh nümunələrinin öyrənilməsi məqsədini daşıyır.

L.Mustafayev tərəfindən muzeyə Tovla kəndi ərazisində aşkar edilən 18 ədəd mis sikkə ilə bərabər bəzək predmetinin hissələri və bir neçə saxsı nümunəsi təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: