AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli açıb. Alim çıxışında Ümummilli Lider Heydər Əliyevin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini bildirib. O, Ulu Öndərin Azərbaycanın elmi potensialının yüksəlməsində, maddi və mənəvi mədəniyyətinin qorunub inkişaf etdirilməsində misilsiz xidmətlərindən söz açaraq, Əlyazmalar İnstitutunun məhz onun diqqət və qayğısı sayəsində yaradıldığını qeyd edib. Bu müəssisənin institut statusu alması və layiqli bir binada yerləşdirilməsinin görkəmli dövlət xadimi Heydər Əliyevin xidməti olduğunu diqqətə çatdıran alim bu dahi şəxsiyyətin sovet dövründə olduğu kimi müstəqillik illərində də milli-mənəvi irsimizin daşıyıcıları olan yazılı abidələrimizin mühafizəsinə və tədqiqinə xüsusi diqqət yetirdiyini, onun siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Açılış nitqindən sonra çıxış üçün söz məruzəçilərə verilib. Elmi sessiyada institutun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru Tahirə Həsənzadənin “Heydər Əliyev və Əlyazmalar İnstitutu” sənədli filminin yaranma tarixi”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirlinin “Heydər Əliyev və elm”, Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin böyük elmi işçisi Sevinc Dadaşovanın “Heydər Əliyev və mədəni irsimiz” və Biblioqrafiya şöbəsinin baş biblioqrafı Təranə Cavadovanın “Heydər Əliyev Əlyazmalar İnstitutunun əməkdaşlarının tədqiqatında” adlı məruzələri dinlənilib. Məruzələrdə Ulu Öndərin ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi qayğı diqqət mərkəzinə çəkilib, Əlyazmalar İnstitutunun alimlərinin HeydərƏliyevşünaslıq istiqamətində apardığı tədqiqatlar bir daha nəzərdən keçirilib, son on ildə mövzu ilə əlaqədar nəşr olunan monoqrafiyalar, tərtib kitabları, konfrans materialları, elmi məqalələr və toplanmış sənəd-informasiya resurslarının elmi ictimaiyyətin istinad etdiyi ən mötəbər elmi mənbələr olduğu bildirilib.
Məruzələr ətrafında çıxışlarla davam edən tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.e.d., dosent Əzizağa Nəcəfov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.e.d., professor Kamandar Şərifov, elmi katib fil.ü.f.d., dosent Samirə Əliyeva və Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xatirə Cabbarzadə Ulu Öndərin Azərbaycan elminə, ədəbiyyatına, əlyazmalar xəzinəsinə verdiyi töhfələrdən, Azərbaycan gənclərinin inkişafına göstərdiyi qayğı və diqqətdən bəhs edib, onun xalqın yaddaşında daim yaşayacağını vurğulayıblar.
Tədbir boyunca Əlyazmalar İnstitutunun ərsəyə gətirdiyi “Heydər Əliyev və Əlyazmalar İnstitutu” adlı sənədli film nümayiş olunub, iştirakçılar institut Kitabxanasının hazırladığı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş geniş kitab sərgisi ilə tanış olublar.
Sonda tədbir iştirakçılarının institutun Ekspozisiya zalında xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.