Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2025 15:32
  • A-
  • A
  • A+

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibəti ilə elmi sessiya keçirilib

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibəti ilə elmi sessiya keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibəti ilə Elmi sessiya keçilib.

Tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru professor Nadir Məmmədli dahi bəstəkarın həyat yolundan, zəngin yaradıcılığı və elmi irsindən danışıb, onun milli musiqimizin inkişafında mühüm xidmətlərindən bəhs edib.

Bildirib ki, Üzeyir Hacıbəyli XX əsrin publisisti, opera sənətinin banisi və klassik yaradıcısı, musiqi nəzəriyyəçisi, görkəmli bəstəkar, ədib və lüğətçi kimi tanınmışdır.

Nadir Məmmədli qeyd edib ki, ana dilinin məktəblərdə tədrisini irəli sürərək Üzeyir Hacıbəyli ardıcıl şəkildə üç məqalə yazmışdır. Bu məqalələr “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında “İrşad” qəzetinin 1906-cı il 15, 16 və 20 fevral tarixli saylarında “Üzeyir bəy Hacıbəyov” imzası ilə dərc edilmişdir. Bu məqalələrdə Üzeyir bəy ana dili haqqında çox qiymətli fikirlər irəli sürmüşdür. Ədib ana dilini bilməyənləri istehza ilə “zavallı” adlandırır və bu qisim insanlara ana dilini öyrənmək üçün yollar göstərir.

İclasda professor Sayalı Sadıqova - “Ü.Hacıbəylinin dilçilik görüşləri”, professor İsmayıl Kazımov - “Üzeyir Hacıbəylinin felyetonlarının dil xüsusiyyətləri”, filologiya üzrə fəlsəfə doktoru Aytən İmanovanın “Ü.Hacıbəylinin ictimai-siyasi fəaliyyəti (şəxsi arxiv materialları əsasında)” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə bildirilib ki, elə terminlər vardır ki, Ü.Hacıbəyov onların Azər-baycan dilindəki qarşılığını göstərməklə bərabər, mötərizə içərisində rus dilindəki formasını da saxlamışdır; Məsələn, advokat-vəkil (advokat), qubernator - vali (qubernator); quberniya - vilayət (quberniya); bomba - qumbara (bomba) və s. Müəllifin bəzi terminləri paralel işlətməkdə məqsədi gələcəkdə həmin terminlərdən hansının dilimizin lüğət tərkibində özünə yer tutacağını yoxlamaq idi.

Üzeyir Hacıbəyli öz məqalələrində dəfələrlə ana dilimizin saflığı məsələsinə toxunmuş, bu dilin yad sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çağırmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: